Məhkəmə

Fatimə Mövlamlı: “Hakim dedi ki, elə bu cür danışdığına görə həbs olunmusan”

15 İyul, 2025
84

Foto: Ülviyyə Əli

Jurnalist Fatimə Mövlamlı Bakı Apellyasiya Məhkəməsi hakiminin onun əslində tənqidi yazılarına görə həbs olunduğunu etiraf etdiyini açıqlayıb. 

“Meydan TV işi” üzrə həbsdə olan jurnalistin “Facebook” səhifəsində yayımlanan açıqlamada iyulun 4-də baş tutan proses zamanı onunla hakim Ramin Qaraqurbanlı arasındakı dialoqa yer verilib. 

Mövlamlı xəbər verib ki, istintaqın təyin etdiyi ekspertiza polisin onun evindən tapdığını iddia etdiyi 153 ədəd (ümumilikdə 13 500 avro dəyərində) pul əsginasından 4-nün üzərində jurnalistin əl-barmaq izləri olduğu haqda rəy verib. 

Hakimin bu barədə sualına cavab verən Mövlamlı bir daha pulun ona aid olmadığını və polis tərəfindən evinə yerləşdirildiyini deyib. 

“O ki, qaldı ekspertizanın guya aşkarladığı əl-barmaq izlərinə… Həmin barmaq izləri məndən saxlanıldığım günün axşamı Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) qəbul edildiyim zaman götürülüb. Pul əsginaslarının üzərində tapıldığı deyilən izlərdən biri sol əlimin şəhadət barmağına aiddir. Hansı ki, uşaq vaxtı aldığım travmaya görə zədəlidir. MSY-də əl-barmaq izləri götürüləndə məhz sol əlimin şəhadət barmağının izi monitorda birtərəfli, yarımçıq əks olunurdu, çünki onu düz saxlamağım mümkün deyil. Ekspertizanın nəticəsi ilə bağlı təqdim edilən rəydəki barmaq izini MSY-də götürülənlə qarşılaşdırsaq, onların ikisinin də eyni olduğu aşkar görünər”, - o qeyd edib. 

Mövlamlı ekspertizanın “həqiqətə deyil, bizi girov saxlamaq üçün açılan saxta cinayət işinə” xidmət etdiyini bildirib. 

“Amma nəhayətində bu günlər ötüb keçəcək. Bizim üçün lap rahat keçəcək. Çünki, haqlıyıq. Biz bu haqlılıqla, olduğumuz güclə həmişə başımız dik gəzəcəyik. Sizin yaxınlarınız, doğmalarınız isə adınızın hallandığı şər işlərə görə xəcalət çəkəcək, sizinlə eyni soyadı daşıdıqları üçün utanacaqlar”, - o çıxışımda deyib. 

Jurnalistin açıqlamasına görə, bu zaman hakim onun sözünü kəsib və məhz bu cür danışdığına görə həbs olunduğunu deyib. 

“Deməli, siz öz dilinizlə etiraf edirsiniz ki, mən qaçaqmalçılığa görə deyil, danışdıqlarıma, yazdıqlarıma görə həbs olunmuşam”, - Mövlamlı cavabında bildirib. 

Hakim jurnalistin həbs qətimkan tədbiri müddətinin uzadılmasından verdiyi şikayətin təmin olunmamasına qərar verib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş (Qəmbərova), jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) də “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Vəkil: Hacı Vəliyev aclığa davam edir, səhhəti pisləşib

15 İyul 2025

Foto: sosial media

Həbsdə olan ictimai fəal və "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyev aclığa davam edir.  Bu barədə iyulun 15-də onun yaxınları vəkilinə istinadən məlumat yayıblar. Məlumatda deyilir ki, Vəliyevin vəkili Fəxrəddin Mehdiyev müalicə müəssisəsində onunla görüşüb. Vəliyev vəkilinə səhhətinin getdikcə daha da pisləşdiyini, buna baxmayaraq aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu deyib.  Fəal, həmçinin, saxlanma şəraitindən və gözünün müalicə edilməməsindən narazılıq edib. O, müəssisədə izolyasiya şəraitində saxlanıldığını bildirib.  Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər.  Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.  O, Cinayət...
Məhkəmə

“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi

14 İyul 2025

Foto: Toplum TV

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən dəfəki iclasdakı çıxışına davam edib.  Qaçaqmalçılıq və vergidən yayınma ittihamlarına cavab verən Qurbanov bildirib ki, onların Azərbaycanda qeydiyyatdan keçməsinə və vergi ödəyicisi kimi çıxış etmələrinə əngəllər yaradılıb, buna görə də təşkilat Gürcüstanda qeydiyyatdan keçib.  O, “Faktyoxla” platformasının yaradılmasından da danışıb və bunun Azərbaycanda fakt yoxlama sahəsində ilk olduğunu, lakin sonradan hökumət tərəfindən alternativlər yaradıldığını deyib. Qurbanov dövlət qurumlarından biri tərəfindən ona “Faktyoxla” platforması ilə əməkdaşlıq təklif olunduğu,...

Seçilmiş Videolar

Toplum TV loqo