Məhkəmə

Abzasçılar həbsdən yazır: Biz çəkirik, amma siz pis düşürsünüz 

22 İyul, 2025
26

Foto/kollaj: Toplum TV

“Abzas Media“nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova həbsdən yazırlar. Nəşrin dərc etdiyi yazını təqdim edirik:

“Çəkirik, amma pis düşürsünüz” – bu, kameramıza hücum edən hər kəsə - polisə, seçki məntəqəsi üzvünə, hakimiyyət nümayəndəsinə dediyimiz söz idi.

İndi biz bu çəkilişlərin cəzasını çəkirik və onlar yenə mətbuat azadlığı sıralamasında pis - 180 ölkə arasında 167-ci yerə düşürlər. Çünki Azərbaycanda çəkilişə icazə verilmədiyini göstərən işarələr təkcə metrolarda deyil artıq. Hər küncdə-bucaqda gözətçi polislər kameraya bənddirlər ki, onu əlinizdən alıb, özünüzü isə həbsə göndərsinlər. Onlar bizi yaxalayana qədər biz çəkdik, amma onlar pis düşdülər.

Niyə pis düşürlər? Göstəririk.

Korrupsiya vətəndaşları artıq kanalizasiya xəttində boğub öldürür. Məsuliyyəti bir-birinizə ötürürsünüz, cəzanı isə heç kim çəkmir. Biz çəkirik, amma siz pis düşürsünüz.
Ölkənin nefti ilə zənginləşib çirkini kasıb məhəllələrə ötürdüyünüz torpaqlardan uzağa gedib ekologiyadan, təmiz havadan, sudan, yaşıl enerjidən danışıb Avropa liderləri ilə şəkil çəkdirirsiniz, amma pis düşürsünüz.

Sosial dövlətdən, gəlirlərin ədalətli bölgüsündən, yüksək rifahdan, yoxsulluğun 5 faizə endirilməsindən danışırsınız. Kameralar vətəndaşların soyuducularına dönür, pis düşürsünüz.
“Qarabağ Azərbaycandır!” deyib bir qrup məmur arasında bölüşdürürsünüz. Böyük topraq sahələrini öz şirkətlərinizə verib qarabağlıları binalara doldurursunuz. Əkin yox, heyvandarlıq yox, iş yox. “Bravo market”ə girib nisyə mal istəyirlər, pis düşürsünüz.

Azalan neftdən sonra qazdan pul çıxarmaq istəyirsiniz. Təkcə ucqarlarda deyil, paytaxtda da qazsız qalan yerlərdən qaz pulu istəyirsiniz. “Qənaət edin, xaricə satacam” deyirsiniz, pis düşürsünüz.
Polisiniz paytaxtda və bölgələrdə etiraz edən hər kəsi dubinka ilə əzir. “Bir polis də cəzalandırılmayacaq”, “Polis Söyüdlüdə özünü ləyaqətlə aparıb” deyirsiniz, pis düşünürsünüz. Üzünə gözyaşardıcı qaz vurulan yaşlı qadın əlini gözünə çəkir, pis düşürsünüz.

Məmurların tikdirdiyi göydələnlərdə fəhlə işləyənlər 2003-cü ildə onlara pulsuz paylanılan köynəkləri geyinirlər. 22 ildir özlərinə köynək ala bilməyən fəhlələr kürəklərini çevirirlər – “İlhamla irəli!” yazılıb, pis düşürsünüz.

Əsəbiləşirsiniz ki, parkinq işçilərinin sürücülərdən aldıqları 20 qəpiklər hara gedir? Hər seçkidə gəlirlərinizi bəyan etməli olduğunuz blank boş görünür, pis düşürsünüz.
Azad seçkidən danışırsınız, ekrana topa bülleten, karusel əməliyyatı, videoları gəlir, bir də haradan gəldiyini bilməyən müşahidəçilər, yaxalarındakı kartlarına baxıb partiyanızın adını çəkirlər, pis düşürsünüz.

Uşaqlara dövlət qayğısından danışırsınız. Uşağınızın 11 yaşı olanda Dubayda milyonluq mülk sahibi idi. Uşaqpulu vermədiyiniz ölkədə balacaları belə dövlət qayğısı nağılına inandıra bilmirsiniz, pis düşürsünüz.
Hazır suallarla yüklədiyiniz jurnalistlərə müsahibə verirsiniz. Demokratiyadan, mətbuat azadlığından vəchlə danışırsınız. Axırda xatirə şəkli çəkdirirsiniz, məlum olur ki, azad mətbuatdan heç kim yoxdur, pis düşürsünüz.

150 il əvvəl Zərdabi “Əkinçi” qəzetini yaradanda onun sadəcə pul ehtiyacı var idi. Qapı-qapı düşüb qəzet çıxarmaq üçün pul yığırdı. Amma bu gün qəzet çıxarmaq istəsəydi, qeydiyyatı, müəyyən edilmiş sayda işçisi, yenə gündəlik müəyyən edilmiş sayda xəbəri olmalı idi ki, qəzeti çap edə bilsin. Bu gün Milli Mətbuatdan, Zərdabidən, “Əkinçi”dən danışacaqsınız, “Azərbaycanda mətbuat azaddır” deyəcəksiniz, kameralar “Kürdəxanı”ya (red.: Bakı İstintaq Təcridxanası) dönəcək, pis düşəcəksiniz.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Mətbuatsız 150 illiyə

22 İyul 2025

Foto: sosial media

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş Kürdəxanı Təcridxanasından yazır. Meydan TV-nin dərc etdiyi yazını təqdim edirik: Necəsiniz, media əhli? 8 aya yaxındır ki, internetdən uzaq düşmüşəm, məlumatsızam, gündəlik xəbər planını doldura bilirsinizmi?! TV-lərə baxıram, müstəqil medianın başını əzəndən sonra ölkədə problem də qalmayıb, güllük-gülüstanlıqdır. Hərdən hansısa kənd sakinləri motosikletlərin səsindən narahat olur, hərdən də kiməsə səhv avtomobil cərimələri, işıq-qaz qəbzləri gəlir. Belə anlayıram, yol infrastrukturuna baxan qurumun rəhbəri də simic adamdır, imkan verir hansısa qəsəbənin yol problemi işıqlandırılsın.  Vəssalam. Belə xırda problemlər istənilən ölkədə var, bizdə də olmalıdır ki, şanlı mediamız, xüsusilə TV-lərimiz xəbərsiz qalmasın. Yenə şükür, maaşınız artmasa...
Məhkəmə

“Həbsxana böyüklüyündə redaksiya - əcəb yubileydir!”

22 İyul 2025

Foto: sosial media

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı Milli Mətbuat Günü münasibətilə ictimaiyyətə məktub ünvanlayıb: Eyni belə isti keçən yay günlərinin birində şəhərdə sorğu keçirirdim. Müsahibə verməyə razılaşan insanlarla sosial problemləri barədə söhbətləşirdik. Bu minvalla dolaşdığım küçələrdən birində başqa bir televiziya müxbirinin də sorğu keçirdiyini gördüm. Ayaq saxlayıb onu və yanındakı operatoru müşahidə etmək qərarına gəldim.  Çox keçməmiş orta yaşlı bir kişiyə yaxınlaşdılar. Kişinin övladının əlillik təqaüdü ala bilməməsindən şikayətləndiyini eşitdim. Adam danışmağa təzəcə başlamışdı ki, müxbir ilə operator əvvəldən sözləşiblərmiş kimi biri kameranı söndürdü, digəri uzatdığı mikrafonu geri çəkdi. Müsahiblərinə heç bir izahat vermədən eləcə üzlərini çevirib getdilər.  Vaxt itirmədən...

Seçilmiş Videolar

Toplum TV loqo