Foto: president.az
Müstəqil jurnalistlərin demək olar ki hamısının həbsdə olduğu Azərbaycanda prezident İlham Əliyev nadir hallarda, dövlət nəzarətində olan telekanallara müsahibə verir.
Əliyev yaxın tarixdə cəmi iki dəfə müstəqil azərbaycanlı jurnalistlərin suallarına cavab verib - bir dəfə Praqada "Azadlıq Radiosu"nun Azərbaycan xidmətinin, bir dəfə isə Berlində "Mikroskop Media" jurnalistinin.
Hər iki halda jurnalistlər ev sahibi ölkələrin mətbuat üçün yaratdığı şəraitdən istifadə ediblər.
Ümumiyyətlə, Əliyev 2020-ci ilin sentyabrındakı Qarabağ müharibəsinə qədər mətbuata danışması ilə tanınmayıb. Müharibə dövründə isə o, demək olar ki, hər gün, “CNN” və “BBC” kimi tanınmış media orqanlarından da daxil olmaqla, xeyli xarici jurnalistə geniş müsahibələr verib.
O, həmçinin, ildə bir dəfə ADA Universitetində, bir dəfə isə Qarabağda beynəlxalq forum keçirərək dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalist və tədqiqatçıların suallarına cavab verir.
Bu forumlarda verilən suallardan, həmçinin, qonaqların Əliyevə və Azərbaycana təriflərindən sualların əvvəlcədən razılaşdırıldığı təəssüratı yaranır.
"Cənab Prezident, biz Ukraynada sizin rəhbərliyinizlə Azərbaycanın öz torpaqlarını, öz ərazisini geri qaytarmasını heyranlıqla izləyirdik. Bu, bizim üçün son dərəcə ruhlandırıcı bir nümunədir. Ukraynalılar sizə minnətdardırlar ki, dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünə dəstəyinizi ifadə etmisiniz."
- Dmitri Qordon, "Gordon” media qurumunun təsisçisi, jurnalist
"Burada müşahidə etdim ki, üç il ərzində çoxlu dəyişikliklər baş verib: yollar əladır, avtomobil heç vaxt silkələnmir, çoxlu müasir tikinti var, məscidlərin çoxu təmir olunub. Amma kilsələrin də bərpa olunduğunu görmək məni sevindirdi. Bu, bütün dünyaya Sizin tolerantlığınızı, səbrinizi, nəcibliyinizi göstərir."
- Şerzodxon Kudratxuca, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru
"Bu gün bu tədbirdə iştirak etməyimdən çox məmnunam. Üçüncü dəfədir ki, mən bu Forumda iştirak edirəm və burada Sizinlə bu görüşün əhəmiyyəti hər kəs üçün olduqca vacibdir. Bu, çox rəmzi bir məkandır və hər kəsə məlumdur ki, bu, çox mürəkkəb bir hekayənin gözəl sonluğudur."
- Paolo Liabl von Şirax, ABŞ-ın Beynəlxalq Siyasət İnstitutunun nümayəndəsi
"Sizin bunu necə bacardığınızı soruşmaq virtuoz skripkaçıdan skripkada necə ifa etdiyini soruşmaq kimidir. O deyəcək: “Mən skripkanı, onun yayını götürürəm və ifa edirəm”. Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir."
- Mixail Qusman, Rusiyanın “TASS” İnformasiya Agentliyinin baş direktor müavini
"Əvvəlcə Sizə təşəkkür etmək istəyirəm ki, Çinə səfəriniz ərəfəsində Sinxua agentliyinə müsahibə verdiniz. Bu müsahibə Çində çox böyük maraqla qarşılandı. Düzünü desək, Siz artıq Azərbaycanın ən parlaq şəxsiyyətinə çevrilmisiniz."
- Zhong Zhong, Çinin “Sinxua” agentliyinin Bakı ofisinin nümayəndəsi
"Siyasi fəlsəfənin tədqiqatçısı kimi görürəm ki, Azərbaycan çox rəvan, lakin qəti şəkildə beynəlxalq danışıqların və vasitəçiliyin qovşağına çevrilir. Siz bu yaxınlarda İsrail və Türkiyə arasında vasitəçi oldunuz. Ondan əvvəl isə Rusiya ilə NATO arasında görüşə ev sahibliyi etdiniz. Düşünürəm ki, bu məsələlər çox əhəmiyyətlidir."
- Agha İqrar Harun, “DND Xəbərlər” Agentliyinin rəhbəri
"Görünür ki, Avropanın Qərb ölkələrində Azərbaycanla bağlı bir az ziddiyyətli rəy var. Şəxsi müşahidəm göstərir ki, son bir neçə il ərzində bu regionda, Özbəkistanda, Qazaxıstanda və hətta Azərbaycanda tam başqa hadisələr gedir. Əksinə, region çox inkişaf edir, dinamikdir, yüksək mədəniyyətə və böyük planlara malikdir."
- Holger Fridrix, "Berliner Verlag” qəzetinin redaktoru
"Daha bir - artıq üçüncü Şuşa Media Forumu adlanan tədbirə görə çox sağ olun. Həqiqətən də böyük zövq mənbəyi olan bir tədbirdir."
- Gela Vaşadze, "Qafqaz xəbərləri" kanalının müəllifi və aparıcısı
"Bu gün Xankəndinin mərkəzində olmaq çox fərqli bir hissdir. Bilirəm ki, bu şəhər 30 il idi ki, işğal altında idi. Bu, təkcə azərbaycanlıların deyil, nəsillər boyu türklərin, Türkiyədə olan vətəndaşların da arzusu idi ki, buralar azad edilsin. Mən bilirəm ki, sülh istiqamətində yol o qədər də hamar deyil, olmamışdır."
- Bilgehan Öztürk, “Anadolu”Agentliyiin əməkdaşı
"Həqiqətən, Azərbaycan, xüsusən də Bakı Təşəbbüs Qrupu məsələ barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında nəinki mühüm rol oynadı, o cümlədən beynəlxalq hüquq əsasında müstəmləkə əməliyyatlarına qarşı mübarizə aparanların birləşməsinə töhfə verdi."
- Joze Martin Jan-Pierreyə, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi
"Bu, mənim Qarabağa ilk səfərimdir, lakin ötən il mən COP29-da iştirak etmişəm. Tədbir səmərəli və yüksək səviyyədə təşkil olunmuşdu."
- Zifora Maubane, Afrika Birliyinin İnkişaf Agentliyinin Baş direktoru yanında kommunikasiyalar və təşviqat şöbəsinin rəhbəri
"Cənab Prezident, dəvətinizə, Azərbaycan xalqının qonaqpərvərliyinə görə çox təşəkkür edirəm. Mənim üçün burada olmaq böyük şərəfdir. Mən çox uzaq bir ölkədən gəlmişəm, 15 min kilometr uzaqdadır. Hazırda mənim qohumlarım, ailə üzvlərim hələ yuxudan oyanırlar. Mən dənizləri, çoxlu saat qurşağını keçməli oldum."
- Fransisko Felipe Martorell Kammarella, "El Periodista" nəşrinin redaktoru
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Kamran Əliyev: “Azərbaycanlıların ölümü ilə bağlı Rusiya ilə mütəmadi əlaqə saxlayırıq”
Foto: açıq mənbə
Foto: Əziz Kərimov