Məhkəmə

Mətbuatsız 150 illiyə

22 İyul, 2025
40

Foto: sosial media

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş Kürdəxanı Təcridxanasından yazır.

Meydan TV-nin dərc etdiyi yazını təqdim edirik:

Necəsiniz, media əhli? 8 aya yaxındır ki, internetdən uzaq düşmüşəm, məlumatsızam, gündəlik xəbər planını doldura bilirsinizmi?! TV-lərə baxıram, müstəqil medianın başını əzəndən sonra ölkədə problem də qalmayıb, güllük-gülüstanlıqdır.

Hərdən hansısa kənd sakinləri motosikletlərin səsindən narahat olur, hərdən də kiməsə səhv avtomobil cərimələri, işıq-qaz qəbzləri gəlir. Belə anlayıram, yol infrastrukturuna baxan qurumun rəhbəri də simic adamdır, imkan verir hansısa qəsəbənin yol problemi işıqlandırılsın. 

Vəssalam. Belə xırda problemlər istənilən ölkədə var, bizdə də olmalıdır ki, şanlı mediamız, xüsusilə TV-lərimiz xəbərsiz qalmasın.

Yenə şükür, maaşınız artmasa da, işiniz xeyli yüngülləşib, hazır tezislər göndərirlər, yayımlayıb planı doldurursunuz. Bilirəm, hamınız bu tezis söhbətinə görə Hikmət müəllimə minnətdarsınız, olmalısınız da. Ağlınız Əli Həsənova getməsin, bu kişi xaricdə təhsil almış adamdır, ətrafına da özü kimi işini bilən mütəxəssislər toplayıb. O qədər gözəl xəbərlər yazıb göndərirlər ki, heç bir redaktorun əli gəlmir bir cümləsini dəyişsin. Tamaşaçının da canı “vay xəbəri qaçırdım” təşvişindən qurtarır, hansı kanalı çevirirsə, cümləbəcümlə eyni məlumatı alır. 

İnsafən mətbuat xidmətləri də pis işləmir, hətta xəbərə başlıq qoyan da var. İnandırım sizi, bizim istintaq qrupu haqqımızda elə məqalə yazmışdı, özüm belə qulaq asanda heyran qaldım, nə iş gördüyümü onlar qədər bilmirmişəm. Özümü yenidən kəşf etdim desəm, azdır.

“Media haqqında” Qanuna edilən dəyişikliklər də çox diqqətəlayiqdir. Xüsusilə agentliklərin mütləq 20 media qurumu ilə müqavilə bağlaması məsələsi lap yerində verilmiş təklifdir. Qəti düşünməyin ki, bu media qurumlarının hamısı bir əldə cəmləşirsə, 20 orqanın bir-biri ilə müqaviləsinə nə ehtiyac var. Ciddi ehtiyac var: pul bir cibdə qalanda qat kəsir, gərək tez-tez götürüb, o biri cibə də qoyasan.

Əli Həsənovun ruhu inciməsin, bir vaxtlar onun kurasiyasında olan “Sputnik”in başına gətirilənləri xatırlamasam olmaz. O da yadıma düşdü ki, həbsimizdən az müddət əvvəl bu media orqanı hakimiyyətin bizimlə, yəni müstəqil jurnalistlərlə, xüsusilə Meydan TV ilə bağlı yazdığı qaralamanı dərc etmişdi.
O gün görürəm Mətbuat Şurası “Sputnik”i rus kəşfiyyatına işləməkdə ittiham edir. Rusiya da jurnalistlərinin həbsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edir. İllərdir beynəlxalq təşkilatlar Azərbaycanda söz azadlığının boğulduğunu, jurnalistlərin həbs olunduğunu deyirdi, qapaz Rusiyaya dəyəndə ayıldı?

Hələ örnək jurnalist, 90-cı illərin nostalgiyasından heç cür qopa bilməyən Mirşahin müəllim də onları bizimlə eyniləşdirir. Adam bilmir bu məntiqsizlik qarşısında hansı reaksiyanı versin. Ən məəttəl qaldığım məqamlardan biri də budur ki, siz Rusiyanı, Rusiya mətbuatı da sizin sahiblərinizi söyür, sonra da ölkə başçısı TASS-ın direktoru ilə görüntülənir.

Bekarçılıqdan bir sual da elə hey beynimi deşir: Yaxşı, biz qaçaqmalçı hesab olunuruq, hansısa adı, ünvanı məlum olan fonddan maliyyələşməkdə ittiham edilirik. Bəs bu media holdinqləri, cürbəcür saytlar haradan maliyyələşir? Olmaya ayrı-ayrı qurumların verdiyi pullar leqaldır, holdinq, sayt rəhbərləri cah-cəlalı Media Agentliyinin ayırdığı 3-5 manatla yaranıb?

Bu sual ətrafında çox da fikir yürütməyə dəyməz, heç illərdir xalqımız ha düşünür, tapa bilmirlər ki, Heydər Əliyev Fondu haradan maliyyələşir.
Çox da ağır söhbətlərə girişməyək, iyulda kefi pozmazlar. Əminəm ki, indi hamınız milli mətbuatın 150 illiyinə hazırlaşırsınız. İndiki mətbuatınızın Zərdabiyə qəti dəxli olmasa da, adı altında dolanışığınızı tapmısınız.

Birdən düşünərsiniz ki, 30-a yaxın jurnalistin həbsi fonunda nə bayram, bərk xiffət edərəm. Qəti fikir eləməyin, özünüzə yaxşı baxın, çalışın yeyən yeriniz ağrımasın. İl ildən pis gəlir. Əvvəllər ev, imtiyaz davası gedərdi, az qala 10 təşkilat yazı müsabiqəsi keçirərdi. İndi hansısa icra hakimiyyəti özünə yaxın jurnalistə 5-10 manat “mükafat” verir, qalanlarının paxıllıqdan bağrı çatlayır. Yenə də, şükür edin, əvvəlki illərdəki kimi bahalı hədiyyələr olmasa da, yəqin yubileyi nəzərə alıb mürəbbənin, turşunun yanında broyler toyuğu da verərlər.

Öz aramızdır, bu dövlət qurumları, şirkətlər çox ağını çıxarıblar. Nə olsun onların sözündən çıxa bilmirsiniz, ixtiyarınız yoxdur əleyhinə yazasınız, bəs sədaqət, jurnalistin adı altında mirzəlik xidməti? Heç olmasa bunu nəzərə alıb normal süfrə açsınlar. Saç-saqqalını o süfrələrin qırıntılarını yeməklə ağartmış adamlar var, qəlbləri qırılar. Yeri gəlmişkən, o gün “Baku TV”-də gördüm, hansısa şirkət mətbuat cameəsinin say-seçmə üzvlərini yığmışdı süfrə başına. Hamısı eyni simalar idi, maşallah, heç dəyişməyiblər. Eləsi var, az qala 50 ildir mətbuat gününü hansısa şirkətin, qurumun hesabına qeyd edir, amma ölkədə daha qəzetin çıxmadığını bilmir, internetdən xəbəri yoxdur.
Bircə qorxum ondadır ki, artıq süfrəyə də ehtiyac görməzlər, sizi çağırıb ayaqüstü dönər-ayranla yola salarlar. Bax yaydı ha, dönərə qədər düşsəniz mütləq sağlamlığınızı düşünüb ətin keyfiyyəti ilə maraqlanın.

Ümid edirəm yumruğu başınızdan əskik olmamış da sizi sayıb “əməkdar jurnalist” adından filan verər. Camaatımız da fəxr edər, dərdini unudar.
Canınızı sıxmış kimi olmayım, eşitmişəm Əhməd İsmayılov yeni öyrənib ki, jurnalistlərə beynəlxalq aləmdə “keşikçi köpək” deyirlər. Yanlış anlayıb, qanuna yeni əlavələr haqqında düşünür. Sadəcə qərar verə bilmir, jurnalistlərə zəncir taxdırsın, ya çip qoydursun. Yəqin Media Agentliyi növbəti yubileyə qədər yekun qərarını elan edər.
Heç fikir eləməyin, sizin üçün nə fərqi? Əsas qarındı, çalışın aclıqdan quruldamasın.

Aynur Elgünəş


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Abzasçılar həbsdən yazır: Biz çəkirik, amma siz pis düşürsünüz 

22 İyul 2025

Foto/kollaj: Toplum TV

“Abzas Media“nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova həbsdən yazırlar. Nəşrin dərc etdiyi yazını təqdim edirik: “Çəkirik, amma pis düşürsünüz” – bu, kameramıza hücum edən hər kəsə - polisə, seçki məntəqəsi üzvünə, hakimiyyət nümayəndəsinə dediyimiz söz idi. İndi biz bu çəkilişlərin cəzasını çəkirik və onlar yenə mətbuat azadlığı sıralamasında pis - 180 ölkə arasında 167-ci yerə düşürlər. Çünki Azərbaycanda çəkilişə icazə verilmədiyini göstərən işarələr təkcə metrolarda deyil artıq. Hər küncdə-bucaqda gözətçi polislər kameraya bənddirlər ki, onu əlinizdən alıb, özünüzü isə həbsə göndərsinlər. Onlar bizi yaxalayana qədər biz çəkdik, amma onlar pis düşdülər. Niyə pis düşürlər? Göstəririk. Korrupsiya vətəndaşları artıq kanalizasiya xəttində...
Məhkəmə

“Həbsxana böyüklüyündə redaksiya - əcəb yubileydir!”

22 İyul 2025

Foto: sosial media

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı Milli Mətbuat Günü münasibətilə ictimaiyyətə məktub ünvanlayıb: Eyni belə isti keçən yay günlərinin birində şəhərdə sorğu keçirirdim. Müsahibə verməyə razılaşan insanlarla sosial problemləri barədə söhbətləşirdik. Bu minvalla dolaşdığım küçələrdən birində başqa bir televiziya müxbirinin də sorğu keçirdiyini gördüm. Ayaq saxlayıb onu və yanındakı operatoru müşahidə etmək qərarına gəldim.  Çox keçməmiş orta yaşlı bir kişiyə yaxınlaşdılar. Kişinin övladının əlillik təqaüdü ala bilməməsindən şikayətləndiyini eşitdim. Adam danışmağa təzəcə başlamışdı ki, müxbir ilə operator əvvəldən sözləşiblərmiş kimi biri kameranı söndürdü, digəri uzatdığı mikrafonu geri çəkdi. Müsahiblərinə heç bir izahat vermədən eləcə üzlərini çevirib getdilər.  Vaxt itirmədən...

Seçilmiş Videolar

Toplum TV loqo