Məhkəmə

Apellyasiya Məhkəməsi Azər Qasımlının vəsatətlərini yenə təmin etməyib

27 Aprel, 2026
297

Açıq mənbə

Aprelin 27-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatətlər veriblər.

Müdafiə tərəfi apellyasiya instansiyasında qismən məhkəmə istintaqının aparılmasını, iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Qurbanəli Yusifovun və onun keçmiş həyat yoldaşı Fərəhbanu Niftəliyevanın məhkəməyə çağırılaraq dindirilməsini istəyib.

Prosesdə nə Qurbanəli Yusifov, nə də onun nümayəndəsi iştirak edib.

Vəkil Rövşanə Rəhimli prosesin bu formada keçirilməsinə etiraz edərək bildirib ki, Qurbanəli Yusifov məhkəməyə gəlməli və müdafiə tərəfinin suallarını cavablandırmalıdır.

Fərəhbanu Niftəliyevanın çağırılması ilə bağlı vəsatətdə müdafiə tərəfi qeyd edib ki, həmin şəxsin şahid qismində ifadə verməsi barədə məhkəmə qərarı var və bu qərar icra olunmalıdır.

Müdafiə tərəfinin digər vəsatəti Qurbanəli Yusifovun iddiaları ilə bağlı olub. O, ifadəsində yaşadığı ünvana Azər Qasımlı tərəfindən zənglər edildiyini və ona qarşı təhdidlər səsləndirildiyini bildirib. Müdafiə tərəfi isə qeyd edib ki, həmin dövrdə Qurbanəli Yusifov və F. Niftəliyeva artıq ayrılmışdılar və Yusifov həmin ünvanda yaşamırdı. Buna görə də onun keçmiş həyat yoldaşının ifadəsinin vacib olduğu vurğulanıb.

Qurbanəli Yusifov ifadəsində həmçinin Azər Qasımlının onun övladını oğurlamaqla hədələdiyini iddia edib. Müdafiə tərəfi bildirib ki, belə bir iddia varsa, uşağın anası da məhkəmədə dindirilməlidir.

Azər Qasımlı da çıxışında vəkillərin vəsatətlərini müdafiə edərək bildirib ki, ataya danışmaq imkanı yaradıldığı halda, anaya eyni hüququn verilməməsi anlaşılmazdır:
“Qurbanəli Yusifov həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı bir-biri ilə ziddiyyət təşkil edən ifadələr verib. Buna görə də o, yenidən məhkəməyə gələrək sualları cavablandırmalıdır”.

Prokuror isə bildirib ki, birinci instansiya məhkəməsində bütün suallar artıq cavablandırılıb və bu səbəbdən qaldırılan vəsatət əsassızdır. Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Növbəti məhkəmə iclası mayın 11-nə təyin olunub.

A. Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.

Azər Qasımlı ittihamı rədd edir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Cinayət işində iddia olunur ki, A. Qasımlı ona borcu olan Qurbanəli Yusifovdan borcunu almaq üçün onu oğlunu qaçırmaq və atasını öldürməklə hədələyib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Q. Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyi ilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A. Qasımlı ona ümumilikdə 20 min ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Daha sonra isə bizə hələ də qaranlıq qalan səbəblərdən A. Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxıb”, - o bildirib.

S. Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q. Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəlib və bununla bağlı qəbz imzalayıb.

Lakin sonradan Q. Yusifov ölkəni tərk edib və A. Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A. Qasımlının xeyrinə qərar çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Abgül Süleymanov 30 sutka həbs edilib

24 Sentyabr 2026

VOA

İlahiyyatçı Abgül Süleymanov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə “Toplum TV”yə  jurnalist Arzu Abdulla məlumat verib. Onun sözlərinə görə, Süleymanov sentyabrın 23-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunub. İlahiyyatçının yaxınları da məlumatı “Meydan TV”yə təsdiqləyiblər. “Bu gün səhər Abgül zəng etdi. Dedi ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu gün də Binəqədiyə aparılıb. İndi vəkil onunla görüşəcək. Maşınının açarı və telefonu əlindən alınıb”, - həyat yoldaşı bildirib. Yaxınları ilahiyyatçının saxlanmasını onun “Facebook”da hicabla bağlı paylaşımı ilə əlaqələndirirlər. Süleymanov həmin paylaşımda yazıb: “Əgər cürət edib məktəbli...
Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...

Seçilmiş Videolar

Toplum TV loqo