Foto: Ülviyyə Əli
Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş yazır:
İlk dəfə pasport alıb, evə dönəndə atamı dostları ilə yeyib-içən gördüm. Yanına gedib, fəxrlə pasportumu atama uzatdım, “bu gündən mən də müstəqiləm” dedim. Dostları təbrik etsə də, atam qaşlarını çatdı, üzü əsəbdən tutqunlaşdı. Pasportu özümə qaytarıb, yaxşı, get o biri otağa – dedi. Pərt halda otaqdan çıxmışdım ki, nənəmin tənəsinə tuş gəldim. Məni danladı, başa saldı ki, ayıb iş görmüşəm, qız uşağı “müstəqiləm” deməz. Müstəqillik özbaşınalıqmış, özbaşına adam da pis yola düşərmiş…
Nənəm çox danışdı, amma mən heç cür anlamadım ki, müstəqilliklə “pis yol”a düşməyin nə əlaqəsi var. Sonradan bu bir kəlməm nəsildə töhmət göstəricisinə çevrildi. Kim qızına əsəbiləşirdisə, “bircə o qalıb Aynur kimi “müstəqiləm” deyəsən” tənəsini vururdu.
O vaxtdan 30 ildən çox keçir. Hər dəfə hakimiyyətin danışan dili olan Mirşahinin ictimai-siyasi fəallarla bağlı sicilləmələrinə qulaq asanda nənəmi xatırlayıram. Nənəm savadsız, əyalət düşüncəli qadın idi. Görünür, təhsil, dünyagörüşü bəzi insanları dəyişməyə yetmir. Yaxud pul və dinclik hər şeydən qiymətlidir. Mənə gəlincə… 17 yaşımdan başladığım bu azadlıq davası bütün həyatım boyu davam etdi. Mən nəslin ilk şalvar geyinən, ilk oğlan dostları olan, ilk maşın sürən və nəhayət ilk həbsə düşən qızı oldum. Həbs demişkən, bura heç də qorxulu yer deyil. Əksinə, bir jurnalistin püxtələşməsi, yaşadığı cəmiyyəti yaxından tanıması üçün əsl həyat məktəbidir. Məsələn, 28 illik fəaliyyətim dövründə heç vaxt bilməmişəm ki, Azərbaycanın məhkəmə-hüquq sistemi bu qədər bərbaddır. Ələsgər Məmmədli demişkən, bu ölkədə “ədalət” ancaq adam adıdır və bunu dərk etməyin yolu ancaq həbsxanadan keçir. İndiyədək ədliyyə sistemi ilə bağlı təsəvvürüm də zəif olub.
Həbsimdən sonra bilmişəm ki, “yaxşı vəkil” dəllallıq bacarığı olana, hakimlə sövdələşməyə gedənə deyilir. Jurnalist kimi məhkəmədən reportajlar hazırlayanda vəkillərin lərzəyə gətirən çıxışlarından ilhamlanaraq, cümləbəcümlə köçürərdik…
İndi bilmişəm, hər maddənin, hər hakimin öz qiyməti var. Eşidəndə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qadın hakimi dustaq yoldaşımın vəkilinə zəng vurub, görüşə çağırıb, sədr protest verməyəcək dövlət ittihamçısı və özü üçün pul istəyib, heyrətə gəldim. Halbuki, bayırda fərqli düşünürdüm, ən azı elə bilirdim hakimin qəbuluna düşüb, rüşvət təklif etmək üçün dəridən-qabıqdan çıxmalısan. Bəli, mən nisbi azadlıqda bu qədər sadəlövh idim. Sən demə, ölkədə rüşvət sistemi labirint kimidir, kimin əli kimin cibində olduğunu müəyyənləşdirmək çətindir.
Həbsxanada ən yayğın ittiham dələduzluqla bağlıdır. Mənimsənilən məbləğlərin miqdarı da az deyil, əksər hallarda yüz minlərlə ölçülür. Doğrudur, bu maddə siyasi fəallara da verilir, ancaq qadınlar arasında ən yayğınıdır. Əməlini etiraf edənlərin çoxu vəziyyətindən heç narahat da deyil. Hesab edirlər ki, cəzanın müəyyən hissəsini çəkdikdən sonra yerdə qalanına ilinə görə 5 min ödəməklə çıxacaqlar. Ümumiyyətlə, məhbuslardan öyrəndiyim bir həqiqət var: Pulun varsa, həbsxanada məhkum sən deyilsən…
Mənə görə həbsxanada əsas cəza növü yerli telekanallara baxmaq məcburiyyətidir. İllah da, kamera yoldaşlarından kimsə gündəlik verilişlərə aludədirsə… Hər dəfə həmin verilişlərə baxanda düşünürəm, görəsən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən kimsə monitorinq aparırmı, bilirmi, qadınlar bu verilişlərdə necə aşağılanır, onu döyən, zorakılıq göstərən kişisinin yanına getməyə məcbur edilir? Xüsusilə “Təsir dairəsi” adlı veriliş bir az səviyyəsi olan insan üçün işgəncədir. Hələ Xəzər TV-də hər axşam yayımlanan “Xəyanət” adlı serial var. Məncə, ssenaristi hansısa çayxanadan tutub gətiriblər. Adam iki aydır qızı onu zorlayan adama ərə verməyə çalışır, hətta bütün ailəsini zorakıların əsirinə çevirir.
Qərarlaşdırmışam, özümə zülm edib, bu verilişlərin monitorinqini aparım və müstəqil medianın niyə vacib olduğunu əyani sübutlarla ortaya qoyum. O zaman bizə daha aydın olar ki, mənəvi dəyər, mentalitet adı altında insanlara necə mütilik, tabe olmaq, himayədə yaşamağa məcbur qalmaq təşviq edilir.
Azərbaycan getdikcə bataqlığa çevrilir və bu bataqlıq insanları udmaqla məşğuldur. Mən həbsxanada olduğum üçün yazmıram. Bura sadəcə kiçik, amma gerçək Azərbaycandır. Buradakıların bayırdakılardan bir fərqi var: insanların həbs olunma qorxusu yoxdur. Yadımdadır, Mətbuat Şurasının ilk seçimlərində uduzduğu üçün acıq edib gedən, sonra Əli Həsənovun mətbuat adından danışdırdığı adamların sırasına qayıdan Azər Həsrətlə “Elmlər Akademiyası” metrostansiyasının yanında qarşılaşdıq. Mövqeyinə haqq qazandırdı, dedi ki, müstəqil olmaq nisbi məsələdir, zamanla ayaqlaşmaq lazımdı. Sonra da məni topun üzərinə köhnə tüfənglə gedənlərə bənzətdi. Mən o vaxt da ona gülmüşdüm, indi də gülürəm. İnsanın əqidəsi onun kimliyidir. Fərqi yoxdur, sən azlıqdasan, yoxsa çoxluqda, bir fikir adamının, jurnalistin məhvi həbsi, işlədiyi orqanın bağlanması deyil… Əgər o, həqiqəti yazmırsa, gizlədirsə, danırsa məhv olur. İndiki məqamda bütün ölkə jurnalistikasının məhv olduğunu demək mümkündür. Özləri bununla razıdırmı? Yox – deyərdim, sadəcə cəsarətsizlik, başını ağrıtmaq qorxusu, qarının başı idarə etməsi başqa cür davranmalarına imkan vermir. Yalnız bir gerçəkliyi unundurlar, çox keçməz hakimiyyət bir-birini təkrarlayan media orqanlarına pul ayırmağın lazımsız israf olduğunu anlayar. O zaman şikayət etməyə yerləri belə olmayacaq…
Bir sözlə, həbsxanaya düşdüyüm üçün qətiyyən təəssüflənmirəm. Əks halda yaşadığım acı gerçəkliklərindən xəbərsiz olardım. Mən həyatın bumeranq effektinə inanan adamam. Çox ümid edirəm, ölkəni bu hala gətirənlərin də yolu bir gün buradan keçəcək və yaratdıqları bataqlıqda boğulacaqlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Açıq mənbədən götürülüb
Foto: Azadlıq Radiosu
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib