"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Foto: sosial media
ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti bu yaxınlarda Azərbaycanda həbs olunan jurnalist Ülviyyə Əli (Quliyeva) haqqında geniş məqalə dərc edib.
Məqalədə Ülviyyə Əlinin həbsinin təfərrüatları, Donald Tramp administrasiyasının bunda dolayı rolu və ümumilikdə, Azərbaycanda müstəqil jurnalistlərin həbsidən danışılır.
Toplum TV məqalənin tərcüməsini təqdim edir.
O, “Amerikanın Səsi” üçün Azərbaycanda insan haqlarını işıqlandırıb, indi isə həbsdədir.
Ülviyyə Əli illərlə “Amerikanın Səsi” üçün çalışıb. Fəllar deyir ki, Trampın ABŞ tərəfindən maliyyələşdirilən media orqanını dağıtmaq üçün atdığı addımlar onu daha böyük risk altına salmış ola bilər.
Ülviyyə Əli telefonunu çıxarıb günahsız olduğunu bildirən bir məktub yazmağa tələsdi. Hələ rəsmi olaraq heç bir cinayətlə ittiham olunmamışdı, amma azadlığını tezliklə itirəcəyinə dair bir hissi vardı.
“Əgər bu mesajı oxuyursunuzsa, deməli mən jurnalist fəaliyyətimə görə uydurma ittihamlarla həbs olunmuşam,” – ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (VOA) xəbər agentliyində müxbir kimi çalışan 31 yaşlı Ü.Əli, yanvar ayında belə yazmışdı. “... Hamıya məlumdur ki, Azərbaycan dövləti artıq müstəqil mediaya qarşı heç bir dözümlülük göstərmir.”
Dostları arasında “Ulka” adı ilə tanınan və hüquqi adı Ülviyyə Quliyeva olan Ü.Əli bu məktubu keçmiş Sovet respublikası olan Azərbaycanın paytaxtı Bakıda yerləşən polis idarəsinə dindirilməyə getməzdən əvvəl yazmışdı.
O, əvvəllər bir neçə jurnalistin oraya çatdıqları anda dərhal həbs olunduğunu bilirdi. Əslində, son aylarda həmin jurnalistlərə və onların kamera yoldaşlarına evdə bişirdiyi yeməkləri göndərməyi bir vərdişə çevirmişdi. Ən pis ssenariyə hazırlaşaraq, iki pişiyini yemləmiş və dostlarının yayımlaya bilməsi üçün öz şəkillərini göndərmişdi — birdən geri qayıtmasa.
Azərbaycan hakimiyyəti ona ölkədən çıxış qadağası qoydu, lakin sərbəst qalmasına icazə verdi — ta ki, 7 may səhər saatlarında polis evinə reyd keçirib onu həbs edənə qədər.
“Onun qorxduğunu deməzdim. O, çox sakit idi və psixoloji cəhətdən buna hazır idi” , – hazırda hökumət təqibindən ehtiyat edərək ölkədən-ölkəyə köç edən, Azərbaycandan olan 25 yaşlı əmək hüquqları fəalı və Ü.Əlinin dostu Nilufər Məmmədrzayeva belə deyib.
Ü.Əliyə qarşı valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Bu ittiham daha əvvəl ölkədə digər jurnalistlərə də qarşı istifadə olunub və polis onun evindən 6,000 avrodan çox (təxminən 6,700 dollar) pul tapıldığını iddia edir.
Onun anası - 58 yaşlı İlhamə Quliyeva “The Washington Post” qəzetinə bildirib ki, qızı istintaq təcridxanasında işgəncəyə məruz qalıb – polis və müstəntiqlər onu saçından tutub sürüyüb, başına zərbələr endirib və “qadın ləyaqətini alçaltmaqla” hədələyiblər ki, o, telefonunun və noutbukun şifrələrini versin. Quliyevanın dediyinə görə, bu təfərrüatları Ü.Əli və vəkili təcridxanadan ona telefonla çatdırıblar.
Avropa ilə Asiya arasında yerləşən avtoritar ölkə olan Azərbaycan “Sərhədsiz Reportyorlar” təşkilatının Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb və hökuməti tənqid edən media və fəallığı boğması ilə tanınır. Təşkilatın bildirdiyinə görə, Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndən bəri mediaya qarşı amansız müharibə aparır və 2023-cü ilin sonlarında ölkədə qalan son jurnalistlərə qarşı yeni və sərt repressiya dalğası başladıb.
Ü.Əli hazırda Azərbaycanda həbsdə olan azı 25 jurnalistdən biridir və həbsinə qədər məhkəmə iclaslarını mütəmadi işıqlandıran son jurnalist idi.
“Onu hədəfə çevirən əsas səbəb o idi ki, ölkədə qalan və hələ də reportaj hazırlayan nadir jurnalistlərdən biri idi” , – deyə 41 yaşlı azərbaycanlı yazar və “Global Voices” redaktoru Arzu Qeybulla bildirib.
Mart ayında Prezident Donald Tramp sərəncam imzalayaraq “VOA” media qurumunun fəaliyyətini dərhal dayandırmağa məcbur etdi. Bu qərar xaricdə mətbuat azadlığı və demokratik dəyərləri təşviq etməklə bağlı 80 ildən artıq davam edən missiyanı dayandırdı.
Bu addım “VOA” jurnalistlərini təhlükə altına qoya biləcəyinə görə tənqid olunmuşdu – xüsusilə də, iş vizaları ləğv olunacağı təqdirdə öz ölkələrində təqib riski ilə üzləşə bilənlər və ya avtoritar rejimlərdə çalışan, lakin indiyədək ABŞ hökumətinə bağlı bir qurumda işlədikləri üçün nisbətən qorunan jurnalistləri.
Tənqidçilər hesab edirlər ki, bu qərar jurnalistləri daha həssas və hədəfə çevrilə biləcək vəziyyətə saldı.
“VOA və ya bizim digər tərəfdaş şəbəkələrdən birinin arxanızda olması bəzən müəyyən bir qoruma vasitəsi ola bilərdi”, – deyə “VOA”nın mətbuat azadlığı üzrə redaktoru Cessika Cerriat bildirib. O və bir neçə həmkarı mart ayında Tramp administrasiyasının təşkilatı və onun əsas qurumunu dağıtmasının qarşısını almaq üçün məhkəməyə müraciət etmişdilər.
“Bu, mənim üçün, ilk növbədə, ən həssas həmkarlarımızın taleyi ilə bağlıdır. Onlar bizim üçün reportaj hazırlamaq üçün həyatlarını riskə atıblar və biz indiyədək onları qorumağı bacarmışıq”, – deyə o əlavə edib.
Cerriatın sözlərinə görə, 1,300-dən çox “VOA” əməkdaşı məzuniyyətə göndərilib və xəbər otağına və kompüter sistemlərinə dərhal girişləri dayandırılıb. Çoxları işini itirib və bununla yanaşı, gərgin bölgələrdə çalışan jurnalistlərin təhlükəsizliyini izləyən və dəstək verən mütəxəssislərlə birbaşa əlaqə imkanlarını da itiriblər.
Ü.Əliyə “VOA”dakı həmkarları, qismən onun qarşılaşdığı hökumət təzyiqlərinə görə, fevral ayında işini dayandırmağı məsləhət görmüşdülər. Cerriatın sözlərinə görə, Azərbaycan hökuməti həmçinin xarici mediaya qarşı daha sərt tədbirlər görməyə başlamış və fevralın sonlarında iki “VOA” müxbirinin mətbuat akkreditasiyasını ləğv etmişdi.
Ü.Əli mart ayında Trampın xəbər xidmətinin fəaliyyətini dayandırmasından sonra işini itirdi. Həmin ay “JAMnews”a verdiyi müsahibədə “VOA”nın bağlanmasının Azərbaycanda “yalnız dövlət təbliğatı qalacağı” demək olduğunu bildirmişdi.
“İşdən çıxarılması və səfər qadağası ilə üzləşdiyi üçün o, daim depressiyada idi” , – deyə insan haqları fəalı və Ü.Əlinin dostu Vahid Əliyev bildirib.
“Biz Tramp administrasiyasının Azərbaycanın hökumətini beynəlxalq medianı bağlamağa necə cəsarətləndirdiyini müzakirə edirdik. Beynəlxalq media Azərbaycanda adətən daha çox qorunurdu”, - o əlavə edib.
“VOA”nın direktoru Maykl Abramovits “The Washington Post” qəzetinə verdiyi açıqlamada bildirdi ki, Ü.Əli xanım “VOA” bağlandığı üçün onunla işləməyi dayandırdı.
“Amma onun həbsindən ciddi narahatam”, – deyə o əlavə etdi. “O, “VOA” ilə uzun və məhsuldar əməkdaşlıq edib və mən inanıram ki, ABŞ hökuməti onun azad edilməsi üçün əlindən gələni edir.”
Ağ Ev və Azərbaycanın Xarici İşlər Nazirliyi şərh üçün göndərilən sorğulara cavab verməyib.
İşini itirdikdən sonra Ü.Əli başqa iş axtarmağa başladı, eyni zamanda məhkəmə iclasları və etiraz aksiyalarını sosial media hesabları vasitəsilə işıqlandırmağa davam edirdi. Dostları onun kirayəni necə ödəyəcəyindən və pişiklərini necə yemləməyə davam edəcəyindən narahat olduğunu deyiblər.
O, işinin təhlükələrinə qarşı sadəlövh deyildi. 2024-cü ilin may ayında, “VOA”nın ABŞ hökuməti tərəfindən maliyyələşdirilən tərəfdaş şəbəkəsi üçün reportaj hazırlayan azərbaycanlı jurnalist Fərid Mehrəlizadə qaçaqmalçılıq ittihamı ilə həbs olunmuşdu. Məmmədrzayeva bildirib ki, Ü.Əliyə səfər qadağası qoyulmazdan əvvəl o və digər dostları “yalvarıblar” ki, müvəqqəti olaraq reportaj verməyi dayandırsın və ölkədən çıxsın, lakin Ü.Əli buna razı olmayıb.
Məmmədrzayeva xatırlayır: “Ü.Əli dedi ki, ‘Yox, mən jurnalistəm. Başqa cür yaşaya bilmərəm.’ O, ölkədə məhkəmə iclaslarını hələ də işıqlandıran yeganə jurnalist idi... Dedi ki, həbs olunana qədər hər şeyi işıqlandıracaq.”
2021-ci ildə Ü.Əli Bakıda məişət zorakılığı qurbanının qətlinə etiraz aksiyasını işıqlandırarkən polis tərəfindən “amansızca döyülüb” və kameraları sındırılıb. Bu barədə mühacirətdə yaşayan qadın hüquqları fəalı və Ü.Əlinin dostu Gülnara Mehdiyeva məlumat verib. O deyib ki, həmin gün çəkdiyi fotolarla polis zorakılığını ortaya çıxardığı üçün Ü.Əliyə borcludurlar.
Mehdiyeva deyib: “İnsan haqlarına qayğı göstərənlərin bilməsini istəyirəm ki, Azərbaycan adlı bir ölkə var, burada günahsız insanlar yalnız həqiqəti söylədikləri üçün təqib olunur, ittiham edilir… Hökumət diktaturasını qorumaq üçün gəncləri sıradan çıxarır”.
Ü.Əli 8 ilə qədər həbs cəzası ilə üzləşir və o, Almaniyada yerləşən “Meydan TV” adlı xəbər təşkilatına qarşı hökumətin geniş cinayət işi çərçivəsində həbs olunub. Ü.Əli və “Meydan TV” bir-biri ilə heç vaxt əməkdaşlıq etmədiklərini bildiriblər. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, həmin təşkilatdan ən azı doqquz jurnalist ölkəyə Qərb maliyyəsini qanunsuz gətirmək ittihamı ilə həbs edilib.
Hazırda Ü.Əlinin anası Azərbaycan hökumətindən “uydurulmuş” ittihamları geri götürməyi və qızının “dərhal və qeyd-şərtsiz azad olunmasını” tələb edir. O, bir gün Ü.Əlinin yenidən reportajlara davam edəcəyinə ümid etdiyini söyləyib.
“O, həmişə tarixin doğru tərəfində olub,” deyə əlavə edib. “O, həmişə zülm görənlərin tərəfində olub”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Paşinyan İTV-yə: Azərbaycanın da konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var
İTV
Foto: Əkinçi
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib