Siyasət

Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub

13 May, 2025
2018

Toplum TV

Böyük Britaniya hökuməti Rusiya neftini daşıyan 100 tankerə, habelə bu ölkənin enerji sektorunda çalışmış bir neçə şirkət və şəxsə sanksiyalar qoyub.

Hökumətin saytında verilən məlumatdan görünür ki, sanksiyalar tətbiq olunan 5 nəfərin hamısı azərbaycanlıdır.

Məlumata əsasən, onlar Rusiya hökuməti üçün “strateji əhəmiyyət kəsb edən enerji sektorunda bizneslə məşğul olmaqla Rusiya hökumətindən fayda əldə etmiş və ya ona dəstək olmuş” şəxslərdir. 

Sözügedən şəxslər Etibar Eyyub, Tahir Qarayev, Əhməd Kərimov, Anar Mədətli və Tələt Səfərovdur. 

Onlar Dubayda yerləşən və Rusiya neftinin satışı və ixracı ilə məşğul olan neft ticarəti şirkəti “2Rivers”in idarəçiliyində təmsil olunurlar.

“Financial Times” nəşri yazır ki, bu şirkət 2010-cu ildə Qarayev tərəfindən “Coral Energy” adı ilə yaradılıb. Böyük Britaniya hökuməti bu şirkətə ötən ilin dekabrında sanksiyalar tətbiq edib. 

Bundan əlavə, hökumət E.Eyyubu daha iki şirkətlə - “Nord Axis” və “BX Energy” ilə əlaqələndirib. Bu şirkətlər də ən son sanksiyalara məruz qalanların siyahısındadır. 

“Financial Times” yazır ki, “Nord Axis” Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı işğaldan sonra Rusiya nefti almaq üçün yaranmış treyderlər qrupuna daxil olan şirkətlərdən biridir.

Nəşr şirkət idarəçilərinə sanksiyalar qoyulmasını “ciddi eskalasiya” adlandırır, çünki indiyə qədər ABŞ, Avropa İttifaqı və Britaniya Rusiya ilə ticarət etmiş şirkətlərə sanksiya tətbiq etsə də, fərdlərə qarşı bu addımı atmağa çəkinirdi. 

“Moskvaya qarşı indiyə qədər tətbiq olunan genişmiqyaslı Qərb sanksiyaları Rusiya neftinin axınının davam etməsinə imkan vermək, lakin Kremlə daxil olan gəlirləri azaltmaq məqsədi ilə hazırlanmışdı. Cavab olaraq, Rusiya bu qaydalardan yayınmaq üçün neft tankerləri, gəmiçilik şirkətləri və treyderlərdən ibarət bir şəbəkə qurdu”, - “Financial Times” qeyd edir. 

2024-cü ildə Kərimov, Mədətli və Səfərov alqı-satqı yolu ilə “Coral”ı Qarayevdən alıblar və “2Rivers” adı ilə rebrendinq ediblər. 

Kərimov “Financial Times”a açıqlamasında deyib ki, sanksiyalar şirkətin “qanunlara əməl etmək sahəsində sübut olunmuş fəaliyyətini və ən yüksək beynəlxalq standartlara riayət etmək üçün tənzimləyici orqanlarla davam edən əməkdaşlığını” nəzərə almır. 

“Britaniyanın əvvəlcə şirkətimə, indi isə şəxsən mənə qarşı tətbiq etdiyi sanksiyalar ciddi və ədalətsiz addımdır və bizim həyata keçirdiyimiz mühüm islahatları nəzərə almır. 2022-ci ildən bəri biz fəaliyyətimizi azaltdıq və Rusiya enerji bazarından çıxdıq, G7 Qiymət Məhdudiyyəti Koalisiyasının tələblərinə tam uyğunlaşdıq”, - o deyib. 

Hökumət, həmçinin 2024-cü ilin əvvəlindən 24 milyard dollara yaxın dəyərdə neft daşımış 100-ə qədər tankerə sanksiya tətbiq edib. Onların arasında Azərbaycanın “Zəngəzur” tankeri də var. 

"Zəngəzur" tankeri barədə Britaniya hökumətinin saytında yazılıb ki, tankerin məşğul olduğu fəaliyyətlər “Ukraynada sabitliyi, ərazi bütövlüyünü, suverenliyi və ya müstəqilliyi pozmaq, təhdid etmək və ya Rusiya hökumətindən fayda əldə etmək və ya ona dəstək olmaqdır”.

Britaniya hökumətinin sanksiyaları Ukraynada sülh sazişi üzrə davam edən danışıqlar fonunda Moskvaya iqtisadi təzyiqləri artırmağa yönəlib. Baş nazir Keir Starmer sanksiya paketini tarixdə “ən böyük” adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Orban getdi: növbə kimindir?

13 Aprel 2026

Foto: AFP

Avropa və dünya siyasətində Viktor Orban dönəmi sona çatdı. Macar xalqı 12 aprel parlament seçkilərində 16 illik avtoritar idarəçiliyə son qoyaraq ölkə tarixində yeni bir səhifə açdı. Macarıstan seçkiləri yerli əhəmiyyətli olmaqdan çıxaraq regional, hətta qlobal miqyaslı siyasi hadisəyə çevrilmişdi. Əslində bu, bir paradoks kimi görünür, çünki Macarıstan 10 milyona yaxın əhalisi olan kiçik bir Mərkəzi Avropa ölkəsidir. Dənizə çıxışının olmaması da onun geostrateji önəmini azaldan amillərdən biridir. Buna baxmayaraq, Macarıstan ətraf ölkələrdən (Rumıniya, Xorvatiya, Serbiya, Sloveniya, Avstriya) fərqlənirdi və son illər qlobal geosiyasətdə özünəməxsus rola, ağırlığa malik oyunçu idi. Orban faktoru Şübhəsiz ki, dünya siyasətində Macarıstan faktorunun ortaya çıxması...
Siyasət

Hacı Vəliyev: "Hökumətin qazilərə ögey münasibətindən danışdığım üçün həbs olunmuşam" 

13 Aprel 2026

Açıq mənbə

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı, ictimai fəal Hacı Vəliyev ictimaiyyətə müraciət edib.  O, sosial media hesabında dərc olunan müraciətində həbsinin siyasi xarakter daşıdığını bildirib.  “Mən “Gənc Qazilər” İctimai Birliyinin təsisçisi və sədri olaraq ictimai fəaliyyətimlə əlaqədar, yəni 44 günlük Vətən Müharibəsindən sonra hökümətin qazilərə və veteranlara qarşı soyuq və ögey münasibətini, onlara  qarşı edilən biganəliyi, özbaşınalığı və süründürməçiliyi rəsmi qaydada və sosial şəbəkələr üzərindən yazdığım və video çıxışlarımda səsləndirdiyim üçün sifarişli şəkildə, saxta və həqiqətə uyğun olmayan, qondarma ittihamlarla həbs edilmişəm", - fəal qeyd edib. "Həbsim siyasi xarakter daşıyır və birbaşa ictimai fəaliyyətimlə əlaqədardır", - o əlavə edib.  Hacı...

Seçilmiş Videolar

Toplum TV loqo