Əziz Orucovun məhkəməsi: “Hakim dedi ki, jurnalistlərin iştirakına ehtiyac yoxdur”
Açıq mənbədən götürülüb
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə Kanal 13 internet kanalının rəhbəri Əziz Orucovun məhkəməsi davam edib.
Hakimin göstərişi ilə jurnalistlər məhkəmə binasına buraxılmayıb.
Məhkəmə iclası başa çatandan sonra vəkil Fəxrəddin Mehdiyev Toplum TV-yə bildirib ki, hazırlıq iclasında Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və o təmin olunmayıb. İkinci vəsatət jurnalistlərin məhkəmə iclasına buraxılmasıyla bağlı olub.
“Hakim dedi ki, jurnalistlərin məhkəmədə iştirakına ehtiyac yoxdur. Bizim mətbuat xidmətimiz var, jurnalistlər mətbuat xidmətinə müraciət edib suallarına cavab ala bilərlər. Əziz bəy də, mən də etiraz etdik. Bildirdik ki, açıq məhkəmə iclasında jurnalistlərin iştirakına qadağa qoymaq olmaz. Əziz Orucov özü də jurnlalistdir, onu jurnalist fəaliyyətinə görə həbs ediblər. Hakimdən məhkəmə proseslərini işıqlandırmaq üçün gələn jurnalistlərin zala buraxılmasını və onlara şərait yaradılmasını istədik. Bu vəsatət də təmin olunmadı”.
Hazırlıq iclasında məhkəmə istintaqının ardıcıllığı müzakirə olunarkən vəkillər ilk olaraq zərərçəkmiş tərəfin ifadə verməsini təklif etmişdi. Zərərçəkmiş tərəfsə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətidir. Bu gün baxış iclasında qurumun nümayəndəsi ifadə verməli olsa da, məhkəməyə gəlməyib.
Vəkilin sözlərinə görə, məhkəmə iki şahid dindirib. Bunlardan biri Əziz Orucovun evinin tikintisində iştirak etmiş usta olub, tikinti prosesindən danışdığı üçün onun ifadəsi əhəmiyyət kəsb etməyib.
Digər şahid Rizvan Ağayev məhkəmədə ifadə verəndən sonra tərəflər onun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu bildiriblər. Hakim şahidin istintaqa verdiyi ifadəsini elan edəndə məlum olub ki, o, istintaqa Əziz Orucovun tikinti zamanı ətraf mühitə zərər vurduğunu, yaşıllıqları məhv etdiyini deyib. Şahidsə hakimə bildirib ki, belə bir halın şahidi olmayıb və istintaqa belə bir ifadə verməyib.
“Orda yol tikintisi ilə bağlı bir az narahatlıq var idi”, - deyən şahidə Əziz Orucov “mənim tikdirdiyim ev ümumiyyətlə yol tikintisindən çox uzaqda olub və bir-birinə maneçiliyi olmayıb”, - deyə cavab verib.
Növbəti məhkəmə prosesi fevralın 5-nə təyin olunub.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
143 milyon manatı mənimsəməkdə ittiham olunan keçmiş zabitlər vəkil tutmayıblar
sosial media
Tofiq Yaqublu: “Müstəntiq evimizə axtarışa gələndə hal şahidlərini özüylə gətirib”
Fərqanə Novruzova
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək