Məhkəmə

İqbal Əbilov barəsində materiallar yayımlayan media qurumlarını məhkəməyə verib

7 İyul, 2026
119

sosial media

İyulun 7-də Yasamal Rayon Məhkəməsində həbsdə olan tədqiqatçı İqbal Əbilovun ATV, "Trend", "Hit.az" və "Qafqazinfo" media qurumlarına qarşı qaldırdığı mülki iddia üzrə proses keçirilib.

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsindən "Toplum TV"-yə verilən məlumata görə, məhkəmə iclasında sözügedən media qurumlarının nümayəndələri iştirak etməyib.

İ.Əbilovun vəkili Rövşanə Rəhimli müvəkkilinin onun yanında əyləşməsinə şərait yaradılması üçün vəsatət versə də, məhkəmə bu vəsatəti təmin etməyib. 

Daha sonra İ.Əbilov talış dilində çıxış etmək istədiyini bildirib və bu məqsədlə prosesə tərcüməçi cəlb olunması barədə vəsatət verib. 

Hakim əvvəlcə vəsatəti təmin etmək istəməyib. Bu zaman R.Rəhimli müvəkkilinin ittiham olunduğu iş üzrə Lənkəran və Şirvan məhkəmələrində dövlət hesabına tərcüməçi ilə təmin olunduğunu xatırladıb. 

Hakim müvafiq tərcüməçi ilə təmin edə bilmədiyini bildirdikdən sonra müdafiə tərəfi pedaqoq Oqtay Əsgərovun tərcüməçi qismində təyin olunmasını xahiş edib. Prosesdə iştirak edən O.Əsgərov pedaqoji fəaliyyəti haqqında sənədləri təqdim etdikdən sonra məhkəmə onun növbəti prosesdə tərcüməçi kimi iştirakını təsdiqləyib.

Növbəti proses 11 avqust saat 10:30-a təyin edilib.

İ.Əbilov həbsindən sonra ATV, "Trend", "Hit.az" və "Qafqazinfo"da barəsində yayımlanan materiallarda təqsirsizlik prezumpsiyasının pozulduğunu bildirir. Bu materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub. 

İ.Əbilov məhkəmədən həmin materialların hüquq pozuntusu kimi tanınmasını, cavab hüququnun təmin edilməsini, media qurumlarının üzr istəməsini və ümumilikdə 6000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir.

İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Meydan TV işi“: ‘Azərbaycanda korrupsiyadan, diktaturadan danışmaq cinayətdir’

27 İyul 2026

Meydan TV

Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. “Meydan TV”-nin xəbərinə görə, iyulun 24-də hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə iclasında həbsdə olan 12 nəfərdən daha üç jurnalist - Xəyalə Ağayeva, Fatimə Mövlamlı və Ramin Deko (Cəbrayılzadə) ifadə verib. Bu dəfəki məhkəmə iclasında əvvəlcə təqsirləndirilən jurnalistlər və onların vəkilləri vəsatətlərini təqdim ediblər. Xəyalə Ağayeva saxlanıldığı Bakı İstintaq Təcridxanasında danışıq hüququnun pozulduğunu bildirib. Onun sözlərinə görə, iyulun 23-də telefonla danışarkən danışıq qəfil kəsilib və bunun səbəbi ilə bağlı ona heç bir izah verilməyib. Nurlan Libre (Qəhrəmanlı) isə dostlarının ona yazdığı məktubların verilmədiyini bildirib və qeyd edib ki,...
Məhkəmə

Prokuror Anar Məmmədliyə 14, Anar Abdullaya 13 il həbs cəzası istəyib

24 İyul 2026

Toplum TV

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA yazır ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib. Prosesin davamında dövlət ittihamçısı çıxış edərək 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Növbəti proses avqustun 7-nə təyin edilib. Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə...

Seçilmiş Videolar

Toplum TV loqo