Açıq mənbə
İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Namizəd Səfərovun işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işində zərərçəkən qismində Günel Əfəndiyeva adlı şəxs tanınsa da, özü məhkəmədə iştirak etməyib. İstintaq orqanı iddia edir ki, G.Əfəndiyeva işə düzəlmək üçün N.Səfərova 53 min manat məbləğində pul verib.
N.Səfərov çıxışında adı çəkilən qadını tanımadığını, hadisənin baş verdiyi iddia edilən gün isə ümumiyyətlə Bakıda olmadığını deyib.
"7 aydır ki, saxlanılmışam, amma indiyə qədər heç bir istintaq hərəkəti aparılmayıb. Nə zərərçəkən ortaya çıxıb, nə də ortada bir sübut var. İşlə tanış olmağıma da imkan vermirlər. Mən özüm camaata hüquq müdafiəçisi kimi kömək edirəm, ərizələr yazıram. Bir ərizə adətən 4-5 səhifə olur. Bu qadın isə cəmi bir cümləlik ərizə yazıb: Mən Namizəd Səfərova filan qədər pul vermişəm və o məni aldadıb, vəssalam. Nə vaxt verib? Hansı kontekstdə? Hansı işə düzəltməyə söz vermişəm? Mənim şəxsən bu qadına yazığım gəlir", - o əlavə edib.
N.Səfərovun vəkilləri məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini, bu təmin edilmədiyi halda həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş ediblər. Onlar bunu cinayət işindəki ziddiyətlərlə izah ediblər.
"Günorta saat 12-də Namizəd Səfərovu polislər saxlayıblar, halbuki saat 14:26-da "102"yə zəng olunub, 14:03-də isə Nərimanov rayonu 18-ci polis bölməsində şikayət ərizəsi yazılıb. Saat 17:00-də də istintaq başlayıb. Haradan bilirdilər ki, Namizəd Səfərov haqqında şikayət olunacaq və onu əvvəlcədən saxlayırdılar?", - vəkillərdən biri sual edib.
Müdafiəçilər həmçinin təqsirləndirilən şəxsin prosesdə onların yanında əyləşməsinə şərait yaradılmasını istəyiblər.
N.Səfərovun müdafiəçilərinin yanında əyləşməsi ilə bağlı vəsatət baxılmamış saxlanılıb. Digər vəsatətlər təmin olunmayıb.
Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası iyulun 2-nə təyin edilib.
N.Səfərov ötən ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir.
İddiaya görə, N.Səfərov bir şəxsdən 53 min manat məbləğində pul vəsaiti alaraq onu vəzifəyə düzəltməyə söz verib.
N.Səfərovun həmsədri olduğu Azərbaycan Xalq Parlamenti ona qarşı cinayət işini "əsassız, siyasi motivli və cəmiyyətdə siyasi vahimə xofu yaratmaq məqsədilə keçirilən siyasi akt" kimi qiymətləndirib.
N.Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb. O, bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə izah edirdi.
O, hakimiyyəti tənqid edən çıxışları ilə tanınırdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Asəf Əhmədovun şəxsi arxivindən
Sosial media
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”