Ekspertlərdən tənqid: iddialı nazirlik, zəif hazırlanmış və hədəfləri doğru seçilməmiş proqram
Açıq mənbə
2026-2030-cu illəri əhatə edən 5 illik aqrar inkişaf proqramının təsdiqinin ardınca Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi media üçün açıqlamalar yayıb. Nazir müavininin çoxsaylı açıqlamaları içərisində ən diqqətçəkəni bu olub ki, proqram dəyər zəncirinin bütün mərhələlərini əhatə edəcək. Yəni hökumət təkcə istehsalçı olaraq fermerləri deyil, aqrar məhsulların emalı, bu məhsulların logistikası və satış infrastrukturunu da əhatə edəcək.
Aqrar siyasət üzrə müstəqil ekspertlərin “Toplum” TV-yə şərhində qeyd olunur ki, publikaya hesablanmış rəsmi çıxışlar iddialı hazırlana bilər.
Amma ən vacibi odur ki, bu iddianın əsas götürdüyü proqram həmin iddianı reallaşdırmaq üçün nə qədər keyfiyyətli hazırlanıb, sənəddə bəyan olunan hədəflərə çatmaq üçün zəruri hüquqi və iqtisadi mexanizmlər varmı, proqramın sonunda bu iddianın reallaşdığını qiymətləndirməyə imkan verən nəticə indikatorları nə dərəcədə obyektiv və ölçüləbiləndir?
Təsdiq edilən proqramın 5 əsas hədəfindən biri məhz dəyər zənciri inteqrasiyasına əsaslanan ixracyönümlü aqrobiznesin inkişaf etdirilməsidir. Bəs sənəd müəllifləri bunun üçün nələr təklif edirlər?
Mütəxəssislərin təhlilinə görə, sənəd müəlliflərinin yanaşmasına əsasən, hazırda əsasən fermerlər vasitəsilə istehsal mərhələsinə verilən mövcud dəstək mexanizmləri dəyər zəncirinin bütün mərhələlərini əhatə etməlidir. Yəni prosesin emal, logistika, anbar təsərrüfatı kimi həlqələrində yer alan biznes subyektləri də həm subsidiya yardımı, həm də vergi güzəştlərindən yararlana biləcəklər.
Konkret fəaliyyətlərə gəldikdə, xeyli uzun siyahısı olan tədbirlərdən söhbət gedir. Məsələn, azı 2 yeni iplik və ya parça emalı müəssisəsinin, 2 bitki yağı emalı zavodunun və 20 kiçik butik tipli şərab istehsalçısının dəstəklənməsi nəzərdə tutulur. Bundan əlavə, iplik və parça, eləcə də bitki yağları istehsalı, süd emalı, ət kəsimi üçün obyektlərin, yun və gön-dəri toplama məntəqələrinin və emal müəssisələrinin, yeni gübrə və yem istehsalı layihələrinin dəstəklənməsi üçün subsidiya, kredit və investisiya dəstəyinin, həmçinin vergi güzəştlərinin verilməsi təklif edilir. Nəhayət, dəyər zəncirinin effektiv təşkili üçün proqramda nəzərdə tutulan sonuncu təkliflər qrupuna bunlar daxil edilib: aqrar istehsal və emal müəssisələrinin kommunal infrastruktura çıxış imkanlarının artırılması, istixana sahələrinin inkişafı üçün stimullaşdırma mexanizmlərinin tətbiqi, ixrac üçün sertifikatların alınmasına dəstək tədbirləri və s.
Müstəqil ekspertlər hesab edir ki, bu tədbirlər rəsmi bəyan kimi ilk baxışdan cəlbedici görünə bilər. Lakin proqramda bunların reallaşması və hədəflənən nəticələrin alınması üçün son dərəcə vacib olan institusional tədbirlər həddən artıq zəif nəzərə alınıb. Ekspertlərin fikrincə, proqramın əsas tədbirlər dəsti və təşviq mexanizmləri məhz onların üzərində qurulmalı idi. Söhbət aqrar sektorda kooperasiyanın inkişafının, fermer assosiasiyalarının və istehsalçı birliklərinin dəstəklənməsindən, müqaviləli kənd təsərrüfatının inkişafı üçün zəruri hüquqi mexanizmlərin yaradılmasından gedir.
Doğrudur, proqramda bir neçə yerdə, amma ötəri olaraq fermer assosiasiyalarının yaranması və kooperasiyanın inkişafının dəstəklənməsi üçün müəyyən addımlar nəzərdə tutulur. Məsələn, qeyd edilir ki, icra dövründə ümumilikdə 5 funksional nümunəvi kooperativ və 3 funksional nümunəvi assosiasiya yaranacaq. Amma yanaşma bu qədər ötəri və ümumi xarakter daşıyır. Ekspertlərin qənaətincə, fermer təsərrüfatlarının həddən artıq kiçik ölçülü və pərakəndə olmasından şikayətlənən bir sənəd tədbirlərin ağırlığını məhz aqrar sektorda kooperasiyalaşmanın üzərinə qoymalı idi.
Ekspertlər qeyd edir ki, proqramda dəyər zənciri yanaşmasının genişlənməsi üçün təcrübələrinə istinad edilən Niderland, Danimarka və Almaniyada məhz aqrar sektorun və onun ixrac potensialının formalaşması kooperativləşmə sayəsində hazırkı inkişaf mərhələsinə gəlib çata bilib.
Mütəxəssizlərin fikrincə, proqramda kooperasiyanın pilot qaydada deyil, əsas tədbir kimi bütün regionlarda və sahənin bütün seqmentlərində inkişafı üçün dəqiq stimullaşdırıcı tədbirlər təqdim edilməli idi. Məsələn, fermerlər kooperasiyada birləşəcəyi halda hansı müddətdə hansı vergi güzəştlərini, kredit dəstəyi mexanizmlərini, investisiya dəstəyi çərçivəsində ala biləcəkləri əvəzsiz qrant yardımlarını əldə edə biləcəklərini proqramda görə bilməli idilər. Məsələn, qeyd oluna bilərdi ki, gündəlik ən azı 5 ton süd istehsalı bazasında birləşən fermerlərə süd toplama mərkəzinin yaradılması, zəruri soyuducu saxlama avadanlıqlarının, xammalın emal məntəqəsinə çatdırılması üçün tələb olunan xərclərin 30 faizi investisiya qrantı formasında veriləcək, 50 faizi isə faizi tam dövlət tərəfindən qarşılanan ən azı 10 illik kreditlə təmin ediləcək. Amma ekspertlərin qənaətinə görə, bu da yetərli deyil: proqramın üzərindən adladığı müqaviləli kənd təsərrüfatı mexanizmi olmazsa, bu sərmayələr bazar tələbini nəzərə almadığı üçün qısa müddətdə bata bilər.
Ekspertlər bunu belə izah edir: tutaq ki, fermerlər kooperativdə və ya istehsalçı birliklərində bir araya gəldi, hər gün 10 ton süd istehsal etdi (yaxud meyvə-tərəvəz, başqa məhsullar). Amma bunun zəmanətli alıcısı yoxdursa, ya həmin məhsul xarab olacaq, ya da maya dəyərindən belə ucuz satışa məcbur qalacaqlar. Yaxud alıcı olsa belə, qiymət zəmanəti yoxdur. Emal müəssisələri öz aralarında qeyri-formal oliqopolik razılaşmalar gedərək südü fermerlərdən ucuz qiymətə alır, istədikləri vaxt isə (xüsusən isti aylarda) birtərəfli qaydada qiymət endirimlərinə gedirlər. Məhz burada müqaviləli kənd təsərrüfatı mexanizmi zəmanətçi kimi araya girir.
Azərbaycanda pambıqçılıqda bu mexanizmin nümunəsi var: fermerlər əvvəlcədən qiymətləri və həcmi müəyyən etməklə pambıq qəbulu məntəqələri və emal zavodları ilə müqavilə bağlayır, sonra artıq əkin işinə başlayırlar. Bunun üçün hətta zavodlardan məhsul təhvili dövründə dəyərini geri ödəmək şərtilə zəruri dərman, toxum və texniki dəstək də ala bilirlər. Amma bu sistem digər məhsullara münasibətdə işləmir. Məsələn, heyvandarlarla süd və ət emalçıları, üzümçü ilə şərabçı arasında bu cür müqavilə münasibətləri yoxdur. Ona görə də dünya təcrübəsində dəyər zənciri sisteminin effektiv qurulması üçün əvvəlcə bazar (tələb) düşünülür, sonra istehsal (təklif) imkanları.
Ekspertlərin sözlərinə görə, müqaviləli kənd təsərrüfatı məhz bazarı hərəkətə gətirən sistem olaraq dünyada geniş tətbiq edilir. Fermer üçün müqavilə tərəfi yalnız emal müəssisələri və ya ixracatçı şirkətlər olmaya bilər. Böyük supermarket şəbəkələri də kooperativlərlə yaxud fermerlərin istehsalçı birlikləri ilə əvvəlcədən müqavilələr bağlaya bilir və il boyu bu şəbəkələr zəruri həcmdə və keyfiyyətdə təzə məhsullarla fasiləsiz təchiz edilir. Amma müqaviləli kənd təsərrüfatının nəticə verməsi üçün bu sistemin hüquqi çərçivələrinin yaradılması çox vacibdir. Ekspertlər qeyd edir ki, bəzi ölkələrdə ixtisaslaşmış aqrar arbitrajlar fəaliyyət göstərir və həmin təsisatlar müqavilə öhdəliklərinin qarşılıqlı yerinə yetirilməsini, həmçinin mübahisələrin məhkəməyə getmədən həllini təmin etməyə yardımçı olur.
Ekspertlərin fikrincə, fermer assosiasiyalarının həm milli səviyyədə, həm də regional əsasda bütün ölkə boyu yaradılması proqramda nəzərdə tutulmalı idi. Bu cür assosiasiyalar biznes strukturları deyil, konkret sahələr və ya məhsul növləri üzrə fermerlərin birləşdiyi, hökumət qarşısında onların maraqlarını qoruyan qeyri-kommersiya təsisatlarıdır. Normal şərtlərdə hökumət fermerlərə subsidiya dəstəyi və vergi güzəştləri mexanizmlərinin tətbiqini məhz assosiasiyalarla birgə məsləhətləşmələr əsasında qəbul edə bilir.
Ekspertlər hesab edir ki, fermerlərin istehsalçı birliklərinin yaradılması ümumiyyətlə diqqətdən kənarda qalıb. Halbuki bu cür birliklər istehsaldan sonrakı zəncir həlqələrində - məhsulun tədarükü, saxlanması və satışı mərhələsində üzv fermerlərin adından emalçılarla və ya digər alıcılarla danışıqlar aparır, müqavilə şərtlərini razılaşdırır və satışı reallaşdırır.
Ekspertlərin qənaətincə, Kənd Təsərrüfatı Nazirliyinin iddialı çıxışlarına uyğun peşəkar hazırlanmış proqramın əsas fəaliyyətləri məhz qeyd olunan institusional tədbirlərə ağırlıq verməli idi. Proqramın nəticəsini ölçən indikatorlar arasında da bu cür qiymətləndirmə göstəriciləri yer almalı idi: aqrar istehsalda, emalda və supermarketlər şəbəkəsinə gedən aqrar məhsullarda kooperativlərin payı, realizasiya olunan ümumi kənd təsərrüfatı məhsullarında müqaviləli sistemlə satışların xüsusi çəkisi və s.
Ekspertlər xatırladır ki, hələ 9 il əvvəl (2017-ci ilin iyul ayı) Azərbaycan hökuməti aqrar kooperasiyanın inkişafına dair 5 illik (2017-2022-ci illər) dövlət proqramı qəbul etmişdi. Hələ indiyədək heç bir çıxışda, rəsmi sənəddə bu proqramı yada salan belə yoxdur - tam gərəksiz bir sənəd kimi. Ondan əvvəl də, 2016-cı ildə aqrar emalla bağlı Yol Xəritəsi təsdiqlənmişdi. Bu sənədin də sektora nə töhfə verdiyindən danışan yoxdur. Ekspertlərin fikrincə, bu şəraitdə cəmiyyətin yeni aqrar proqramın daha fərqli bir keyfiyyətlə və məsuliyyətlə icra ediləcəyinə inanması üçün hökumət əvvəlki proqramların nəticələrinə dair ictimai hesabatlılıq nümayiş etdirməlidir. Hökumət elə həmin hökumət deyil ki?
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
president.az
Nazirin sual doğuran müsahibəsi: Özəl sektor güclüdürsə, artım niyə dövlət layihələrindən asılıdır?
president.az
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”