İqtisadiyyat

İqtisadçı: “Faktiki olaraq inflyasiya maaş artımının 90 faizdən çoxunu udur”

12 iyun, 2026
233

ChatGbt

Rəsmi məlumatlara görə, Azərbaycanda bu ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 1 172,1 manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk beş ayında orta illik inflyasiya isə 5,6 faiz təşkil edib. Bəs əməkhaqqındakı artım mövcud inflyasiya şəraitində əhalinin rifahına necə təsir göstərir?

İqtisadçı Rövşən Ağayev “Toplum TV”yə bildirib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluğun miqyası ilə bağlı rəsmi statistika açıqlanmır. Onun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatına hesabat təqdim edən əksər ölkələrdə bu göstəricilər ictimaiyyət üçün açıq olsa da, Azərbaycanda belə məlumatlar dərc edilmir.

“Azərbaycanda təxminən 5 milyona yaxın məşğul əhali var. Bizim qiymətləndirmələrimizə görə, onların təxminən 40 faizi qeyri-rəsmi məşğulluq seqmentində çalışır. Bu qrupun böyük hissəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Həmin şəxslər əmək müqaviləsi ilə işləmirlər, sosial və tibbi sığortaya cəlb olunmurlar”, - iqtisadçı deyib.

Onun sözlərinə görə, qeyri-rəsmi məşğulluğun geniş yayılmasına baxmayaraq, bu seqment rəsmi orta aylıq əməkhaqqı göstəricilərinə təsir etmir. Çünki hökumət orta əməkhaqqını yalnız rəsmi əmək müqaviləsi ilə çalışan muzdlu işçilərin maaşları əsasında hesablayır.

“Hazırda Azərbaycanda təxminən 1,8 milyon muzdlu işçi var. Hökumət onların maaş fondunu toplayıb işçilərin sayına bölərək orta aylıq əməkhaqqını hesablayır. Buna görə də açıqlanan orta əməkhaqqı göstəricisi yalnız rəsmi işləyənləri əhatə edir”, - o bildirib.

R.Ağayev əlavə edib ki, rəsmi məşğul olan şəxslərin bir çoxunun faktiki gəlirləri sənədlərdə göstərilən maaşdan yüksək ola bilər. Eyni zamanda, gizlədilən əməkhaqqı, yəni qeyri-formal ödənişlər də mövcuddur və bu, formal əmək müqaviləsi ilə işləyən şəxslərin gəlirlərinə təsir göstərə bilər. Lakin ekspert vurğulayır ki, bu barədə dəqiq məlumat yoxdur. Çünki bu sahədə nə hesablamalar aparılır, nə də müstəqil tədqiqatlar mövcuddur. Onun sözlərinə görə, bu vəziyyət daha çox özəl sektorda müşahidə olunur.

Rövşən Ağayev hökumətin açıqladığı əməkhaqqı artımı göstəricilərinin nominal baxımdan mübahisə doğurmadığını desə də, əsas məsələnin inflyasiyanın bu artıma təsiri ilə bağlı olduğunu vurğulayır.

“Hökumət maaşların 7 faiz artdığını, inflyasiyanın isə 6 faiz olduğunu bildirir. Bu isə o deməkdir ki, real əməkhaqqı cəmi 1 faiz artıb. Faktiki olaraq inflyasiya nominal maaş artımının 90 faizdən çox hissəsini udur. Bizim problemimiz inflyasiyanın nə dərəcədə düzgün hesablanmasıdır. Doğrudanmı ölkədə inflyasiya 6 faizdir, yoxsa daha yüksəkdir? Bu məsələ ilə bağlı hökumət və müstəqil iqtisadçılar arasında uzun illərdir polemika davam edir. Müstəqil iqtisadçılar hesab edirlər ki, inflyasiyanın ölçülməsində şəffaflıq yoxdur”, - R.Ağayev bildirib.

Onun sözlərinə görə, xüsusilə inflyasiya səbətinə daxil edilən mal və xidmətlərin çəkiləri ictimaiyyətə açıqlanmır. Bu isə rəsmi inflyasiya göstəricisinin nə dərəcədə etibarlı olduğunu qiymətləndirməyi çətinləşdirir.

“Bu gün inflyasiyanın hesablanmasında ətin, çörəyin, yağın və müxtəlif xidmətlərin xüsusi çəkisinin nə qədər olduğunu bilmirik. Halbuki bu məlumatlar çox vacibdir. Əgər əhalinin istehlakında mühüm yer tutan məhsulların çəkisi reallıqdan aşağı göstərilərsə, həmin məhsulların qiymət artımı da ümumi inflyasiya göstəricisinə daha az təsir edəcək”.

R.Ağayev hesab edir ki, hökumət inflyasiya göstəricilərinə etibar edilməsini istəyirsə, hesablamalarla bağlı bütün məlumatları açıqlamalıdır.

İqtisadçının sözlərinə görə, əhalinin rifah səviyyəsini qiymətləndirmək üçün maaş göstəricilərindən əlavə digər meyarlara da baxmaq lazımdır. Dünyada həyat səviyyəsinin ölçülməsi üçün müxtəlif yanaşmalar mövcuddur. Əsas göstəricilərdən biri qida xərclərinin ümumi istehlak xərclərindəki payıdır.

“Beynəlxalq yanaşmalara görə, ərzaq xərclərinin ümumi istehlakda payı nə qədər yüksəkdirsə, bu, həmin ölkədə yoxsulluq səviyyəsinin daha yüksək olduğunu göstərir. Ümumilikdə qəbul edilir ki, əgər qida xərcləri istehlak xərclərinin 50 faizini və ya daha çoxunu təşkil edirsə, bu, yoxsulluğun yüksək olduğunu göstərən əsas indikatorlardan biridir. Azərbaycanda da bu göstərici 50 faizdən yuxarıdır”, - iqtisadçı qeyd edib.

Onun fikrincə, bu, əhalinin real həyat səviyyəsinin aşağı olduğunu göstərən mühüm göstəricilərdən biridir. Elektrik enerjisi, qaz və su istehlakı adambaşına düşən minimum normalardan aşağı olduqda, bu, əhalinin gəlirlərinin məhdudluğuna işarə edir. İnsanlar gəlirləri azaldıqca yayda kondisionerdən, qışda isə istilik sistemlərindən daha az istifadə etməyə çalışırlar. Bu isə təkcə qənaət deyil, həm də həyat səviyyəsinin göstəricisidir.

R.Ağayev qeyd edir ki, beynəlxalq praktikada adambaşına düşən minimal istehlak normaları müəyyən edilib. Əgər faktiki göstəricilər həmin normalardan aşağıdırsa, bu, ölkədə real həyat səviyyəsinin rəsmi statistikada əks olunandan daha aşağı ola biləcəyini göstərir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo