Sosial

İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?

21 May, 2026
2404

president.az

Bakıda keçirilən 13-cü Qlobal Şəhərsalma Forumunda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 1,1 milyon nəfər əhalinin məskunlaşdırılması nəzərdə tutulur.

Bu açıqlamanı diqqətçəkən edən əsas məqam isə odur ki, rəsmi statistikaya əsasən, hazırda həmin ərazilərdə qeydiyyatda olan əhalinin ümumi sayı təxminən 680 min nəfərdir. Aşağıdakı diaqramda hər bir inzibati ərazi vahidi üzrə mövcud əhali sayı ilə bağlı rəsmi göstəricilər təqdim olunur.

Göründüyü kimi, əgər Komitə sədrinin açıqladığı kimi, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 1,1 milyon nəfərin məskunlaşdırılması planlaşdırılırsa, bu halda bölgənin mövcud qeydiyyatlı əhalisindən əlavə təxminən 420 min nəfərin həmin ərazilərə köçürülməsi tələb olunacaq. Başqa sözlə, söhbət hazırkı qeydiyyatlı əhalinin həcminin təxminən 62 faizinə bərabər əlavə demoqrafik artımdan gedir.

Bu isə bir sıra mühüm suallar doğurur: Bu qədər əhali haradan ora köçəcək, proses necə təşkil olunacaq, orada qeydiyyatı olmayan insanlara da hansısa güzəştli şərtlərlə mənzillər veriləcək?

Hazırda rəsmi qurumlar bu məsələlərin detalları ilə bağlı geniş açıqlama verməyib.

Tənqidçilər hesab edir ki, belə strateji əhəmiyyətli qərarların müzakirəsi açıq və müxtəlif qrupların iştirakı ilə baş verməlidir.

Digər mühüm sual isə budur: hökumət əlavə 420 min nəfərin şəxsi vəsaiti hesabına Qarabağ və Şərqi Zəngəzurda mənzil əldə edərək həmin ərazilərə köçəcəyini nəzərdə tuturmu?

Bu, heç də kiçikmiqyaslı bir köç deyil və köçün baş verdiyi ərazilərin demoqrafik, eləcə də iqtisadi vəziyyətinə öz təsirini göstərəcək.

Müstəqil ekspertlər hesab edir ki, əslində hökumətin bu cür planı varsa, bunun üçün artıq indiyədək işğaldan azad edilmiş ərazilər üzrə məskunlaşma strategiyası işlənib hazırlanmalı, cəmiyyətin ən müxtəlif qruplarının rəyi öyrənilməli idi.

Komitə sədrinin açıqladığı başqa bir rəqəm sözügedən ərazilərdə mövcud olan yaşayış məntəqələrinin sayı ilə bağlıdır. O bildirib ki, bu ərazilərdə hazırda 12 şəhər və 300 kənd-qəsəbə var. Halbuki rəsmi statistika bu rəqəmləri 12 şəhər və 961 kənd-qəsəbə kimi təqdim edir. Doğrudur, hökumət həm Qarabağ, həm də Şərqi Zəngəzur regionlarında yaşayış məntəqələrinin birləşdirilərək salındığını nəinki bəyan edib, hətta artıq məskunlaşmanın baş tutduğu bəzi məntəqələrdə bu birləşmə gerçəkləşdirilib.

Məsələn, ən son bu yaxınlarda köç baş verən Cəbrayıl rayonunun Şükürbəyli kəndi sovet işğalından əvvəl mövcud olmuş 4 kəndin bazasında yaradılıb. Anar Quliyevin dediklərindən aydın olur ki, kənd və qəsəbələrin sayı 3 dəfədən çox ixtisar olunub.

Müstəqil ekspertlər bu məsələdə hazırkı yanaşmanı doğru saymır. Əgər yaşayış məntəqələrinin birləşdirilməsi planı varsa və proses bu plan əsasında gedirsə, hökumət məsələni hüquqi müstəvidə də həll etməlidir. Milli Məclisdə qeyd olunan inzibati vahidlərin ərazi strukturuna dair qanunlara dəyişiklik edilməlidir. Yeni məntəqələrin tikintisi də məhz bu qanunlar əsasında həyata keçirilməlidir. Ekspertlər əvvəl məntəqələri tikib, sonra qanunları dəyişməyi hüquqi baxımdan səhv yanaşma hesab edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo