Foto: sosial media
İyulun 15-də “Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, polis nəzarətinə verilən ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları iş üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Abzas Media” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahidlərdən Murad Rüstəmbəyli İ.Əliyev və E.Qəhrəmanla işgüzar münasibətinin olmadığını, onları yalnız dost kimi tanıdığını deyib. Digər şahid Şəbnəm Babayeva “Meclis.info” saytı üçün müddətli xidməti müqavilə ilə iş gördüyünü və buna görə vergi ödədiyini bildirib. Üçüncü şahid Səma Əhmədova isə yalnız saytın təşkil etdiyi təlimlərə qoşulduğunu qeyd edib.
İmran Əliyevin atası Bağır Əliyev isə ifadə verməkdən imtina edib.
Daha sonra Dövlət Vergi Xidməti 12 saylı Vergilər Baş İdarəsinin nümayəndəsi Qiyas Məmmədov mülki iddiaçı qismində ifadə verib. O, mütəxəssis rəyləri əsasında Əliyevin 61 min manat vergi borcunun təyin edildiyini iddia edib. Məmmədov əlavə edib ki, bu borc digər təqsirləndirilən şəxslərə aid edilmir.
Əliyevin vəkili Rəsul Cəfərov Məmmədovdan bu borcun necə təyin edildiyini və bununla bağlı Dövlət Vergi Xidmətinin rəsmi araşdırma aparıb-aparmadığını soruşub. Məmmədov isə heç bir araşdırma aparılmadığını və yalnız mütəxəssis rəylərinə əsaslandıqlarını bildirib. O, vəkilin başqa suallarına cavab verməyib.
R.Cəfərov qaranlıq qalan suallara cavab verilməsi üçün növbəti prosesdə rəy verən mütəxəssisin məhkəməyə çağırılması üçün vəsatət verib.
Hakim vəsatəti baxılmamış sayıb.
İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü ilin aprelində saxlanılıb.
Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.
“Meclis.info” işində digər təqsirləndirilən şəxs fəal Elgiz Qəhrəman isə polis nəzarətinə verilib.
Onlara qarşı ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Foto: VOA