Azərbaycanda doktorant olmaq istəyənlər 240 manat təqaüdlə həm yaşamağa çalışmalı, həm də keyfiyyətli elmi əsər yazmalıdır. Bəs Azərbaycan reallığında bu nə qədər mümkündür məqalədə ayınlaşdırmağa çalışacağıq.
Ağalar Qəribov bu il doktorantura təhsilini başa vurub, elmi müdafiəyə hazırlaşır. O bununla bərabər fəlsəfədən dokorant hazırlayır.
Yeni və keyfiyyətli elmi ədəbiyyata çıxış, konfranslarda iştirak, yerli və beynalxalq jurnallarda məqalə və tezislərin dərc olunması - Ağalar Qəribov deyir, bir doktorantın əsas tələbatı bunlardır. Amma o həm də sual edir: doktorant təqaüdü ilə bunları etmək mümkündürmü?
“Əgər doktorant varlı ailədə doğulubsa, heç onda ona təqaüd lazım deyil. O rahatlıqla özünü dissertasiyasına həsr edə bilər.
Digər halda isə yaşamaq üçün pedaqoji fəaliyyətlə də məşğul olmaq lazımdır. Amma bu da çox zaman alırsa, yaxud da az gəlir gətirirsə, onda da başqa problem yaranır”.
Təqaüdün miqdarı yaşayış minimumundan da aşağıdır
Azərbaycanda doktorantura təhsili minimum 3 ildir. 3 ilin yekununda dissertasiya müdafiə etdikdən sonra elmi ad almaq mümkündür.
Dövlətin bu illər ərzində doktoranta ayırdığı təqaüd 240 manatdır. Bu rəqəm əvvəlki illərdə heç 200 manata belə çatmırdı.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat təşkil edir.
Qanunvericiliksə tələb edir ki, dövlət hesabına doktorantura təhsili alan şəxslər hansısa müəssisədə tam ştat çalışa bilməz (pedoqoji və elmi fəaliyyət istisna olmaqla).
Ağalar Qəribov deyir hökumətin kimin harada işlədiyini yoxlama mexanizmləri işlək deyil.
Bu səbəbdən əksər hallarda onun hazırlaşdırdığı doktorantlar işləyə bilir.
Amma o həm də hesab edir, təqaüd artırılıb yaşayış minimumuna çatdırılsa belə həm yaşamaq, həm də keyfiyyətli iş ortaya qoymaq çətindir. Yəqin elə buna görədir ki, elmə maraq göstərən elə də çox deyil.
Doktoranturaya maraq göstərənlər artıb, ya azalıb?
Azərbaycanda doktorantura təhsili iki mərhələdən ibarətdir. Birinci mərhələdə, elmi işi müdafiə etdikdən sonra fəlsəfə, ikinci mərhələ isə elmlər doktoru doktoru adını qazanırsan.
Mediaya danışan doktorantların əksəriyyəti bildirir ki, reallıqda hər iki adı qazanmaq üçün ən yaxşı halda 10 il lazımdır. Bir çoxları bunu həm də təhsildə bürokrtaiyanın olması ilə əlaqələndirir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci ildə təkcə fəlsəfə proqramı üzrə 619 nəfər təhsil alıb.
Son 10 ildə isə bu proqram üzrə ən yüksək göstərici 2012-ci ildə olub, 814 nəfər.
Fəlsəfə proqramına daxil olan 25 elm sahəsi üzrə ən yüksək göstəricilər texnika (85) və iqtisadiyyat (136) sahələrindədir.
Mexanika, antropologiya, əczaçılıq, astronomiya və s. kimi sahələrdə isə qəbul göstəricisi ikidən yuxarı deyil.
Doktoranturaya hazırlıqla bağlı sosial mediada yerləşdirlən reklamlarda təhsilin bu pilləsinin hərbi xidmətdən yayınma üsulu olduğuna işarə edilir.
Elm və Təhsil Nazirliyindən “Toplum TV”yə verilən açıqlamaya görə, doktoranturaya maraq azalmayıb, əksinə artıb:
“Lakin, xarici dil imtahanında nəticələrin yetərincə olmaması son illərdə qəbulun az olması ilə nəticələnir. Antropologiya, əczaçılıq, astronomiya üzrə müraciət edənlərin az olması həmin elmlə məşğul olmaq istəyənlərin sayının az olması ilə bağlıdır”.
Nazirlik qeyd edir ki, onların çox hissəsi qarşıya qoyulan tələbləri təhsil müddətində (əyani 3 il, qiyabi 4 il) ödəmədiyi üçün doktoranturaya daxil olanlarla müdafiə edənlərin sayı fərqlənir; ali təhsil müəssisələri tərəfindən qəbul planının layihəsində azalmalar olması bununla bağlıdır.
İqtisadçı Fərid Mehralızadənin fikrincə, hazırda iqtisadiyyatda ölkələrin inkişaf səviyyəsini müəyyən etməyin bir göstəricisi də əhalinin hər 100 000 nəfərinə düşən doktorantların sayıdır.
Yəni bir ölkədə nə qədər çox araşdırma, tədqiqat ilə məşğul olan varsa, onların iqtisadiyyatda yarada biləcəyi əlavə dəyər də yüksəkdir:
“Təəssüflər olsun ki, Azərbaycanda doktorantların iqtisadiyyatda əlavə dəyər yaratmaq imkanları məhduddur.
Təbii ki, bu təqaüdü alan biri özünü rahatlıqla tədqiqatına fokuslaya bilməz. Hələ onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda istər pensiya, istər təqaüd kimi minimum vəsaitlərin yaşayış xərclərini ödəyib ödəyə bilməməsi belə mübahisəlidir.
Ölkədə akademik nəşrlər bazarı da inkişaf etməyib. Bəzi ölkələrdə tədqiqatçılar tədqiqatlarını müəyyən jurnallara, araşdırma mərkəzlərinə sataraq gəlir əldə etmək imkanı qazana bilirlər. Eyni zaman da bəzi özəl şirkətlər, dövlət qurumları tədqiqatın aparılması üçün sifariş verə bilər, yaxud da bunun üçün qrant layihələri edə bilər”.
Dövlət büdcəsində təhsil xərcləri şəffaf göstərilməyib
2023-cü ilin dövlət büdcəsində təhsil xərclərinin 4 423 102 969,0 AZN olacağı göstərilib.
Bu, 2022-ci ildə 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 43 faiz çoxdur.
Dövlət büdcəsindən elmə çəkilən xərclərin miqdarı 2021-ci ildə 151 milyon, 2020-ci ildəsə 143 milyon manat olub.
Dövlətin təhsil xərclərinin ÜDM-də xüsusi çəkisi isə 4,2 faiz-dir.
Amma indiyə qədər nə təhsilə, nə də elmə çəkilən xərcərin nə qədərinin məhz doktoronaturaya ayrılması rəsmi şəkildə göstərilməyib.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, sözügedən təhsili həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də ayrı-ayrı universitetlər təmin edir. Bu səbəbdən ümumilkdə doktoranturaya nə qədər xərcləndiyini hesablamaq mürəkkəbləşir.
“Dövlət büdcəsində nə magistatura, nə də doktoranturaya ayrılan pulun miqdarını görə bilmirik. Sadəcə ali təhsil xərclərini görə bilirik. Onun da 3 pilləsi var-bakalvr, magistatura və doktorantura. Təəssüf ki, xərclər göstərilərkən hansı pilləyə nə qədər ayrıldığı göstərilmir. Dövlət sadəcə ödənişli təhsilə vəsait ayırır və bu təhsilin içərisində bütün xərclər ödənilir. Nəzarə alanda ki, doktorantura təhsili təkcə dövlətin büdcəsi hesabına formalaşmır. Universitetlərin özünün də ödənişli təhsildən topladığı vəsaitlər var ki, bunun da bir hissəsini bu təhsilə ayrırlar. Dövlət niyə təhsil xərclərini detallı şəkildə açıqlamır, təhsilin alt pillələrinə nə qədər xərclədiyinin hesabatını vermir sual doğurur”.
Nə büdcə hesabatlarında, nə də Elm və Təhsil Nazirliyinin hesabatlarında doktorantura təhsilinə nə qədər vəsait ayrıldığı rəsmi şəkildə açıqlanmır. Xərclərin hesabatlılığı barədə nazirliyə və AMEA-ya göndərdiyimiz sorğu isə cavabsız qaldı.
Son illər xaricdə doktorantura təhsilinə maraq göstərənlərin sayı isə artmaqdadır.
Bunu Elm və Təhsil Nazirliyi də etiraf edir. Nazirliyin açıqlamasına görə, hazırda təkcə dövlət hesabına xaricdə doktorant təhsili alanların sayı 207-dir.
Amma nazirlik yalnız dövlət proqramı əsasında təhsil alanların statistikasını apardığından ümumi mənzərinin necə olduğunu müəyyən etmək mümkün deyil.
İqtisadçı Fərid Mehralizadə söyləyir ki, ixtisaslı kadrların ölkədə qalması üçün cəlbedici iqtisadi, institutsioanal mühiti təmin etmək lazımdır:
"Eyni zamanda akademik azadlığı təmin etmək lazımdır ki, onlar ölkədə işləməkdə maraqlı olsun. Onların ixtisaslı kadr kimi formalaşması əlavə dəyər yaratmaq baxımından ölkə üçün rol oynamır, çünki onlar inkişaf etmiş ölkələrə miqrasiya edirlər”.
Əks təqdirdə imkanların olmaması elm adamların ölkədən köçkünə gətirib çıxara bilər,- iqtisadçı belə söyləyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
Toplum TV
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub