Bəhruz Səmədov: “Azərbaycanda məhkəmə dövlətin repressiv maşının legitim görünməsi üçün alətdir”
foto:şəxsi arxivi
Bu il sentyabrın 25-də sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun kassasiya şikayətinə Ali Məhkəmədə baxıldı.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Ali Məhkəmədəki çıxışında özünə qarşı irəli sürülən “dövlətə xəyanət” ittihamını siyasi sifariş adlandırıb. O, həbsinin Azərbaycanda alternativ və tənqidi düşüncəni təcrid etmək siyasətinin tərkib hissəsi olduğunu deyib, BMT İnsan Haqları Komitəsinin azad edilməsi ilə bağlı çağırışının yerinə yetirilmədiyini bildirib.
“Toplum TV” Bəhruz Səmədovun çıxışını olduğu kimi təqdim edir.
“Bu gün mənim - araşdırmaçı və sülh fəalı olaraq həbs olunmağım ölkə adına biabırçılıqdır. Vəsatət verdim ki, Vaşinqton Razılaşmaları cinayət işinin materiallarına əlavə edilsin, qəbul etmədiniz. Çünki bu cinayət işi saxta olduğu qədər həm də regional sülhün memarı olan Amerika Birləşmiş Ştatlarının gətirdiyi sülh gündəliyinə ziddir.
Nə şahid ifadələri, nə erməni əsilli həmkarlarımla rutin yazışmalar “dövlətə xəyanət” ittihamını sübut edir. Hələ ən gülməlisi “X” platformasında yazdığım postların “sübut” kimi qəbul edilməsidir. Mənim 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməyim “dövlətə xəyanətdirsə”, bunu iddia etmək Azərbaycan Konstitusiyasına xəyanətdir. Vicdan azadlığı, söz azadlığı konstitusion haqlardır.
Mən hüquqi vəsaitlərin tükəndiyini yaxşı bilirəm. Çünki Azərbaycanda son illərdə formalaşmış hiper-dövlət modeli üçün məhkəmə dövlətin repressiv maşının legitim görünməsi üçün alətdir. Bu da ölkədə hüquqi nihilizmə yol açıb.
Həbs edilən təkcə bizim bədənlərimiz deyil, dövlətin məqsədli alternativ düşüncə tərzini təcrid etməsidir. Post-müharibə dövründə istənilən alternativ tənqidi düşüncə dövlətin onu məhv etmə arzusu ilə üzləşir. Total indoktrinizasiyaya təhlükə kimi görünən azad fikir Azərbaycan dövlətinin sifarişi əsasında tam təcrid edilib ki, sual vermək, sorğulamaq anomaliya kimi görünür.
Məni müdafiə etdiyim beynəlxalq təşkilatların və akademik institutların sayı çoxdur. Əlimdə tutduğum BMT İnsan Haqları Komitəsinin 15 oktyabr 2025-ci ildə İqbal Əbilovun və mənim cinayət işi materialları əsasında verdiyi rəy və çağırışdır. Rəyə əsasən, Azərbaycanda dövlət təhlükəsizliyi vasitəsilə akademik azadlıqların boğulması və araşdırmaçıların qorxudulması üçün istifadə olunur. BMT bizi azad etməyə səsləyir. Azərbaycan rəsmiləri deyir ki, BMT qətnamələri və çağırışları icra olunmalıdır. Bəs BMT-nin çağırışına bir ildir niyə məhəl qoymur?
Bu bir faktdır ki, Azərbaycan çoxsaylı beynəlxalq çağırışları “qərəzli” adlandıraraq onları gözardı edir. Nəticədə ölkədə bir dənə də olsun müstəqil KİV, institut qalmayıb. Yüzlərlə siyasi məhbus, onların içində 20-dən çox jurnalist həbsxanadadır.
Sözlərimin sizə təsir etmədiyini bildiyim üçün qolumu kəsərək etiraz edirəm. Siz axı qanı çox sevirsiniz! Buyurun, damcılayan mənim qanımdır. Qələmimdə mürəkkəb tükəndiyinə görə, mən qanımla danışmaq qərarına gəldim. Məni bu həddə çatdıran sizlərə sifariş verənlərdir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: şəxsi arxiv
Hüseyn Abdullayev Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib