Rusiya pasportu ilə Antarktidaya gedən azərbaycanlı bloger Ermənistana buraxılmadığını deyir
Foto:şəsxi arxiv
Azərbaycanlı əsilli bloger, Rusiya vətəndaşı Rüstəm Şükürov 100 dollar büdcə ilə Moskvadan Antarktidaya səyahət layihəsi çərçivəsində Ermənistana buraxılmadığını deyib.
“OC Media”nın məlumatına görə, Şükürov dostları ilə sentyabrın 20-də avtostopla yola çıxıb. Onun sözlərinə görə, Ermənistan sərhədinədək heç bir pul xərcləmədən gəlib çatıb, lakin sərhəd-keçid məntəqəsində ölkəyə girişinə icazə verilməyib.
Bloger bildirib ki, Ermənistan səfərin əsas məqsədi deyil, İran və daha sonra Afrika istiqamətində nəzərdə tutulan uzun marşrutun bir hissəsi idi.
“Ermənistan böyük səyahət marşrutumun tərkib hissəsi idi. Ermənistandan İrana, oradan da Afrikaya getməyi planlaşdırırdım. Bu, dostumla həyata keçirdiyimiz ikinci böyük səyahət layihəsidir. İlk dəfə Rusiyadan Balidək avtostopla getmişdik”, - Şükürov “OC Media”ya deyib.
Onun sözlərinə görə, sənədləri yoxlanıldıqdan sonra sərhədçi növbə rəisini çağırıb. Şükürov ayrıca otaqda sorğu-sual edildiyini, növbə rəisinin təhlükəsizlik xidmətinin nümayəndələri ilə telefonla əlaqə saxladığını bildirib.
“İmtinanın konkret səbəbi açıqlanmadı. Sərhədçi dedi ki, Rusiya və ya Gürcüstan pasportu olan azərbaycanlılar adətən Ermənistana problemsiz daxil olurlar. Azərbaycan pasportu daşıyanlara isə iki ölkə arasında diplomatik münasibətlər olmadığından girişə icazə verilmir”, - o deyib.
Şükürovla birlikdə səyahət edən, aralarında rusiyalı blogerin də olduğu digər şəxslərin Ermənistana buraxıldığını deyib. O, girişdən imtinanın əsas səbəbinin azərbaycanlı olması ilə bağlı olduğunu düşünsə də, bloqer fəaliyyəti ilə əlaqəsinin olub-olmadığını istisna etməyib.
Şükürov vurğulayıb ki, yalnız Rusiya vətəndaşıdır, Rusiyada doğulub-böyüyüb, heç vaxt Azərbaycan vətəndaşlığı və ya Azərbaycan pasportu olmayıb.
Ermənistana buraxılmadıqdan sonra o, Gürcüstana qayıtmalı olub və ona girişdən imtinanı təsdiqləyən rəsmi sənəd verilib. Bloqerin sözlərinə görə, erməni tərəfi onu İrana aparmağı təklif etsə də, bunun yalnız müşayiət altında mümkün olacağını bildirib.
Şükürov Ermənistan-Azərbaycan münasibətlərindəki gərginliyin üçüncü ölkələrdə səyahət edən insanlara təsir etməməli olduğunu deyib.
“Mən Ermənistana siyasi məqsədlə, kimisə təxribat etməyə və ya münaqişəni gündəmə gətirməyə getmirdim. Sadəcə səyahət edir, ölkəni görmək istəyirdim. Hesab edirəm ki, adi insanlar bir-birinə düşmən olmamalıdır”, - o bildirib.
“OC Media” yazır ki, 2026-cı ilin fevralında Rusiya vətəndaşı olan, Ermənistanda doğulmuş Rövşən və İlham Əhmədov qardaşları Yerevana, Gümrüyə və Şirak vilayətinin Amasiya kəndinə səfər edə bilmişdilər. Ermənistanın Milli Təhlükəsizlik Xidməti onların ölkəyə şəxsi səfər məqsədilə daxil olduğunu təsdiqləmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Pensiyasının dayandırıldığından şikayətlənən Yevlax sakininin 30 sutka həbs edildiyi bildirilir
Meydan TV
Foto: şəxsi arxiv
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib