Region

Paşinyanı qələbəyə aparan iqtisadi uğurları

9 İyun, 2026
1303

Reuters

İyunun 7-də Ermənistanda keçirilən növbəti parlament seçkisində hazırkı baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası qalib gəldi. Kənardan baxdıqda, Paşinyanın qələbəsini əsasən onun siyasi gündəliyində ön planda olan avrointeqrasiya və sülh təşəbbüsləri ilə əlaqələndirən rəylər daha çox səslənir.

Bu amillərin təsirinin əhəmiyyətli olması mümkündür. Bununla belə, Paşinyan hökumətinin son 8 ildə həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticələrini də nəzərdən qaçırmaq olmaz. Əvvəla, cəmiyyətdə əvvəlki 25 illə müqayisədə açıq korrupsiya hallarının daha az müşahidə olunduğu fikri geniş yayılıb. İkinci və daha mühüm məqam isə odur ki, hökumət büdcə imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vəsaitlərin istifadəsində səmərəliliyin yüksəldilməsinə diqqət yetirib. Həmçinin hər il parlamentə iqtisadi fəaliyyət və büdcə icrası ilə bağlı ətraflı hesabat təqdim olunur.

Paşinyan hökumətinin iqtisadi siyasətinin nəticələrini qiymətləndirmək üçün ən vacib göstəricilərdən biri kimi dövlət büdcəsinin həcminə baxmaq olar. Cəmi 7 il ərzində (2018–2025-ci illər) Ermənistanın dövlət büdcəsi 2,7 dəfədən çox artaraq 3 milyard dollardan 8,1 milyard ABŞ dollarına çatıb. Ölkənin ixracı da təxminən 3,5 dəfə böyüyərək 2,4 milyard ABŞ dollarından 8,4 milyard ABŞ dollarına yüksəlib. Bu mövzuda “Toplum TV”yə danışan müstəqil ekspertlər maraqlı bir müqayisəyə diqqət çəkirlər:

“2018–2025-ci illərdə qarşılıqlı transfertlər nəzərə alınmadan Azərbaycanın dövlət büdcəsinin, Pensiya və İcbari Tibbi Sığorta fondlarının birgə gəlirləri təxminən 1,5 dəfə artaraq 25 milyard ABŞ dollarına çatıb. Bununla belə, həmin 25 milyard ABŞ dollarının 9 milyard dollarını Neft Fondundan ayrılan vəsaitlər təşkil edib. Yəni Fondun dəstəyi nəzərə alınmadıqda, üç büdcənin ümumi gəlirləri 16 milyard ABŞ dolları səviyyəsində olub. Bu isə o deməkdir ki, Neft Fondu olmadan Azərbaycan hökumətinin formalaşdırdığı büdcə gəlirlərinin adambaşına düşən məbləği təxminən 1600 ABŞ dolları olduğu halda, Paşinyan hökuməti bu göstəricini təbii resurs gəlirləri olmadan 1300 ABŞ dollarından 2750 ABŞ dollarına yüksəldə bilib. Həmin dövrdə ölkənin ÜDM-i real ifadədə 60 faiz artıb, orta illik iqtisadi artım tempi isə 4 faiz ətrafında olub. Eyni zamanda, adambaşına düşən ÜDM-in həcmi 9 min ABŞ dollarına çataraq bu göstərici üzrə Ermənistanın Azərbaycanla fərqi əhəmiyyətli dərəcədə azaltmasına imkan verib”.

Lakin ekspertlər hesab edirlər ki, məhdud resurslarla əldə edilən iqtisadi nəticələr yalnız ÜDM, büdcə və ixrac kimi populyar göstəricilərlə məhdudlaşmır, həm də əhalinin sosial rifahı ilə bağlı daha geniş sahələri əhatə edir: “Məsələn, Ermənistanda son 7 ildə əmək müqaviləsi ilə çalışanların sayı təxminən 250 min nəfər artaraq 850 min nəfərə çatıb. Hazırda məşğul əhalinin hər 4 nəfərindən 3-nün rəsmi əmək müqaviləsi var. Bu isə işləyən insanların 75 faizinin tibbi və pensiya sığortası ilə əhatə olunması deməkdir. Müqayisə üçün, Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışanların ümumi məşğulluqda payı hətta 40 faizə belə çatmır. Üstəlik, Azərbaycan iqtisadiyyatı həcminə görə Ermənistandan 3 dəfə böyük olsa da, burada da əmək müqaviləsi ilə çalışanların sayı həmin dövrdə təxminən 250 min nəfər artıb. Bununla belə, nəzərə almaq lazımdır ki, Azərbaycandakı artımın əhəmiyyətli hissəsi yeni iş yerlərinin açılması hesabına deyil, 2019-2025-ci illərdə özəl sektorda çalışanların maaş gəlirlərinin vergidən azad edilməsi nəticəsində iş yerlərinin rəsmiləşdirilməsi ilə bağlı olub. Paşinyanın hakimiyyəti dövründə ölkə üzrə orta aylıq əməkhaqqı da təxminən iki dəfə artaraq 900 ABŞ dollarına yüksəlib ki, bu da Azərbaycanın rəsmi göstəricisindən ən azı 25 faiz yüksəkdir”.

Ekspertlərin məlumatına görə, ötən dövrdə Paşinyan hökumətinin insanların sosial rifahına birbaşa təsir edən bir sıra mühüm layihələri olub. Belə nümunələrdən biri “ağıllı tövlə” təşəbbüsüdür. Bu proqram çərçivəsində kiçik və orta ölçülü fermerlərə heyvandarlığın inkişafı üçün dəstək verilib.

Dəstək müasir standartlara uyğun tövlələrin tikintisi, süd və ət istehsalı üçün zəruri avadanlıq və texnologiyaların, eləcə də avtomatlaşdırılmış yemləmə sistemlərinin alınmasına çəkilən xərclərin 50 faizinin fermerlərə ödənilməsini nəzərdə tutur.

Ekspertlər hesab edirlər ki, bu dəstək kənd yerlərində iqtisadi fəallığın və inkişafın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Paşinyan hökuməti son illərdə aqrar lizinq çərçivəsində fermerlərə 100 milyon ABŞ dollarına yaxın dəstək verib. Hökumətin aqrar sektora yönəlmiş tədbirləri arasında fermerlərdən məhsul alınmasını təşviq etmək üçün emal və tədarük müəssisələrinə verilən dəstək də yer alır. Bu çərçivədə həmin müəssisələrin banklardan götürdüyü kreditlər üzrə faiz ödənişləri dövlət tərəfindən tam şəkildə qarşılanır.

Ekspertlərin fikrincə, Paşinyan hökumətinin ən mühüm uğurlarından biri icbari tibbi sığorta sisteminin tətbiqi olub və bu, onun hakimiyyətinin yeddinci ilində reallaşıb. Hökumətin parlamentə təqdim etdiyi son hesabatdan görünür ki, 2017–2025-ci illərdə səhiyyə xərcləri təxminən 3 dəfə artıb. Ekspertlər hesab edirlər ki, tibbi sığortanın tətbiqi elektron səhiyyə sisteminin inkişafına da ciddi təkan verib.

Bütün xəstə və müalicə məlumatlarının elektronlaşdırılması, xüsusən elektron reseptlərin tətbiqi nəticəsində həkim, xəstə və aptek arasında onlayn əlaqə formalaşıb. Tibbi sığorta yalnız müalicə xidmətlərini deyil, bəzi dərman xərclərini də əhatə edir. Ekspertlərin diqqət çəkdiyi məqamlardan biri də bu sahədə şəffaflığın təmin olunmasıdır. Hökumətin hesabatlarında tibbi sığortanın əhatə dairəsi, müxtəlif sosial qruplar üzrə sığortadan yararlanan insanların sayı və bu məqsədlə çəkilən xərclər barədə məlumatlar açıqlanır.

Mütəxəssislərin məlumatına görə, Paşinyan hökumətinin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri 2 yaşadək uşağa qulluqla bağlı müavinət alan anaların əhatə dairəsinin genişləndirilməsi olub. Belə ki, 2023-cü ilədək bu müavinət yalnız işləyən analara sığorta vəsaitləri hesabına ödənilirdi. Son 3 ildə isə işləyib-işləməməsindən asılı olmayaraq bütün analar bu dəstəkdən yararlana bilir. Kənd yerlərində yaşayan qadınlar üçün müavinətin məbləği təxminən 170 ABŞ dollarə, digər ərazilərdə isə 85 ABŞ dolları təşkil edir. Qeyd olunur ki, bu müavinət 3-cü və sonrakı uşaqlara görə verilən uşaq müavinətindən ayrıdır. Ekspertlər müqayisə üçün diqqətə çatdırırlar ki, hazırda Azərbaycanda uşaq dünyaya gətirən qadınların təxminən yarısının bu müavinəti almaq imkanı var və müavinətin aylıq məbləği də təxminən 25 ABŞ dolları səviyyəsindədir.

Ekspertlərin fikrincə, Paşinyan hökumətinin sosial sahədə əhalinin məmnunluq səviyyəsinə təsir edən addımlarından biri də orta məktəb müəllimlərinin əməkhaqlarının artırılması olub. Hazırda ölkədə təxminən 30 min müəllimin 40 faizə yaxını sertifikasiyadan keçib və bu mərhələni uğurla başa vuran müəllimlər üçün minimum aylıq maaş 600 ABŞ dolları təşkil edir. Sertifikasiyadan keçən təxminən 10 min müəllimin isə 20 faizə yaxınının aylıq əməkhaqqısı 1000 ABŞ dolları və daha yüksəkdir.

Mütəxəssislərin məlumatına görə, hökumət “300 məktəb, 500 uşaq bağçası” proqramı çərçivəsində artıq 260-a yaxın məktəbin və 429 uşaq bağçasının tikintisini başa çatdırıb, qalan layihələrin isə yaxın aylarda tamamlanacağı gözlənilir.

Ekspertlər Paşinyan hökumətinin digər mühüm nəticələrindən biri kimi minimum pensiyanın məbləğinin müstəqillik tarixində ilk dəfə minimum istehlak səbətinin dəyərinə çatdırılmasını göstərirlər. Hazırda hər iki göstərici təxminən 165 ABŞ dolları səviyyəsindədir.

Beləliklə, təqdim olunan faktlar göstərir ki, Nikol Paşinyanın seçkidə qazandığı qələbənin səbəbləri sırasında son 8 ildə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticələri və əhalinin bu siyasətə münasibəti də mühüm amillərdən biri olub."


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Gürcüstan yaşayış icazəsi almaq üçün nikaha girməyi cinayət saymağa hazırlaşır 

16 İyun 2026

Toplum TV

Gürcüstanda əcnəbilərin ölkədə daimi yaşayış icazəsi almaq üçün vətəndaşlarla nikaha girməsi cinayət əməli hesab oluna bilər.  Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlayıb.  Hazırki qanuna əsasən, Gürcüstan vətəndaşı ilə nikaha girən əcnəbilər avtomatik olaraq ölkədə daimi yaşayış icazəsinə malik olur.  Təklif olunan dəyişikliklərə əsasən, yaradılacaq xüsusi komissiya bu cür nikahları ayrı-ayrılıqda araşdıracaq. Saxta əsaslarla nikah bağladığı məlum olan əcnəbilər Gürcüstandan deportasiya edilə, 2 ildən 10 ilədək müddətə giriş qadağası ilə üzləşə, həmçinin cərimə, ev dustaqlığı və ya 2 ilədək həbslə cəzalandırıla bilər.  Qanuna təklif olunan digər dəyişiklik isə əcnəbi tələbələrin yaşayış icazəsi ilə bağlıdır....
Region

Koçaryanın ölkədən çıxışına qadağa qoyulduğu deyilir

15 İyun 2026

Açıq mənbə

Ermənistanın keçmiş prezidenti və müxalifət lideri Robert Koçaryanın iyunun 15-də ölkədən çıxışına icazə verilmədiyi deyilir. Bir gün öncə verdiyi məlumatda Koçaryan bildirirdi ki, şəxsi məqsədlərlə üç günlük səfərə hazırlaşır. Oğlu Levon Koçaryan mətbuata deyib ki, atası Rusiyaya səfər edəcəkmiş.  Koçaryanın sözçüsü Baqrat Mikoyan keçmiş prezidentin Zvartnots hava limanında ölkədən çıxışına icazə verilməməsi barədə xəbəri təsdiqləyib. O, qərarı "qanunsuz və əsassız" adlandırıb.  Koçaryan və rəsmilər bununla bağlı açıqlama verməyiblər.  Ermənistan baş naziri Nikol Paşinyan isə iyunun 14-də sosial media hesabında Koçaryanın adını çəkmədən müraciət edib.  “Çamadanlarınızı yığmağa tələsməyin. Ermənistandan qaçmaq fürsətinə sahib olmağı arzulayacaqsınız, amma o fürsəti əldə edə bilməyəcəksiniz", -...

Seçilmiş Videolar

Toplum TV loqo