Siyasət

AİHM Azərbaycanda polis bölməsində qısamüddətli saxlanılmanı hüquq pozuntusu sayıb

17 noyabr, 2026
8

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı qəbul etdiyi qərarda üç şəxsin polis bölməsində təxminən iki saat saxlanılmasını qanunsuz azadlıqdan məhrumetmə kimi qiymətləndirib.
Vəkil Fariz Namazlının məlumatına görə, qərar Bakıda keçirilən iki ayrı dinc aksiyada iştirak etdiklərinə görə polis tərəfindən saxlanılan ictimai fəallar İdris Əmiraslan, Əziz Məmiyev və siyasətçi Tofiq Yaqublunun şikayəti əsasında qəbul edilib.
İdris Əmiraslan və Əziz Məmiyev 15 dekabr 2021-ci ildə Bakının Fəvvarələr meydanında etiraz aksiyasında iştirak etdiklərinə görə saxlanılıblar. Tofiq Yaqublu isə 11 noyabr 2022-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təşkil edilən aksiyada saxlanılıb.

AİHM-in qərarında hər iki aksiyanın başlanmasından bir neçə dəqiqə sonra polis tərəfindən dağıdıldığı qeyd olunub. Ərizəçilər aksiyalar barədə aidiyyəti qurumlara əvvəlcədən məlumat verildiyini bildiriblər.
Məhkəmə müəyyən edib ki, hər üç şəxs polis bölməsinə aparılıb və oranı sərbəst tərk etmək imkanına malik olmayıb. AİHM saxlanılmanın təxminən iki saat çəkməsinə baxmayaraq, bunun şəxslərin azadlıq hüququna müdaxilə olduğunu vurğulayıb.
Qərarda bildirilib ki, ərizəçilərin saxlanılması ilə bağlı protokol tərtib edilməyib, saxlanılma səbəbləri isə həmin vaxt onlara izah olunmayıb. İdris Əmiraslan və Əziz Məmiyevin polis bölməsində saxlanılması barədə qeydiyyat kitabına məlumat daxil edilsə də, AİHM bunu yetərli təminat hesab etməyib. Tofiq Yaqublu ilə bağlı isə belə bir qeyd ümumiyyətlə aparılmayıb.

Hökumət müdaxiləni ictimai toplantıların təşkili və keçirilməsi qaydalarının pozulmasının qarşısını almaq zərurəti ilə əsaslandırıb. AİHM isə qeyd edib ki, qabaqlayıcı məqsədlə saxlanılma üçün hakimiyyət hansı konkret hüquqpozmanın qarşısını almağa çalışdığını və şəxsin həmin əməli törətməsi riskinin yüksək olduğunu əsaslandırmalıdır.
Məhkəmənin qənaətinə görə, işin ümumi halları hakimiyyətin əsas məqsədinin dinc aksiyaların keçirilməsinə mane olmaq olduğunu göstərir.
AİHM nəticədə üç ərizəçinin qanunsuz və özbaşına şəkildə azadlıqdan məhrum edildiyini müəyyən edib və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin - azadlıq və toxunulmazlıq hüququnun pozulduğu qənaətinə gəlib.
Məhkəmə həmçinin polis tərəfindən aksiyaların dağıdılmasını, eləcə də iştirakçıların saxlanılaraq polis bölmələrinə aparılmasını dinc toplaşmaq azadlığına müdaxilə kimi qiymətləndirib. AİHM bu müdaxilənin qanunla nəzərdə tutulmuş hesab edilə bilməyəcəyi qənaətinə gələrək Konvensiyanın 11-ci maddəsinin də pozulduğunu tanıyıb.
Qərara əsasən, hər bir ərizəçiyə mənəvi zərərə görə 3 min avro, məhkəmə və digər xərclər üçün isə 500 avro ödənilməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Peskov: “Avropa liderləri müharibə ilə bağlı danışıqlarda özlərinə yer axtarırlar”

17 noyabr 2026

sosial media

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa liderlərinin Ukrayna ilə bağlı danışıqlara qatılmaq istədiyini, lakin hazırkı mövqeləri ilə mühüm rol oynaya bilməyəcəyini deyib. Peskov bu barədə Rusiyanın yerli telekanalına müsahibəsində danışıb. “Avropa liderləri baş verənlərə kifayət qədər qısqanclıqla yanaşır və bu prosesdə özlərinə yer axtarırlar”, - Kremlin sözçüsü bildirib. Peskov Avropa ölkələrinin mövqeyini “açıq şəkildə qeyri-sülhpərvər” adlandırıb. Onun sözlərinə görə, Avropa liderləri Rusiyaya “strateji məğlubiyyət” yaşatmaq niyyətlərini nümayiş etdirməyə və Moskvaya təzyiq göstərməyə davam edirlər. “Belə bir mövqe ilə hansısa əhəmiyyətli yerə iddia etmək çətindir”, - Peskov əlavə edib. Ukrayna müharibəsinin dayandırılması ilə bağlı son diplomatik təmaslar noyabrın 10-11-də Əbu-Dabidə...
Siyasət

Azərbaycanda QHT-lərin fəaliyyətinin dayandırılması üçün yeni qaydalar təklif olunur

17 noyabr 2026

sosial media

Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin dayandırılması və vaxtından əvvəl bərpası ilə bağlı qərarların məhkəmədən alınaraq müvafiq icra hakimiyyəti orqanına verilməsi təklif olunur. Bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsində əksini tapıb. Layihə Milli Məclisin noyabrın 17-18-də keçiriləcək plenar iclaslarının gündəliyinə daxil edilib. Hazırkı qanunvericiliyə əsasən, QHT-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərarı məhkəmə verir. Təklif olunan dəyişiklik qəbul edilərsə, QHT-lərin, eləcə də xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəliklərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ilədək dayandırıla biləcək. Layihəyə görə, QHT-lərin şəffaflıqla bağlı tələblərə əməl etməməsi, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericilikdə...

Seçilmiş Videolar

Toplum TV loqo