Siyasət

Akif Qurbanov: “Mənim və  dostlarımın ailəsindən, qohumlarından əl çəkin, onları bu prosesə qatmayın”

20 Yanvar, 2025
96

ResPlatforma

“Rabitə və nəqliyyat imkanlarından, mülkiyyətdən məhrum etməklə ailəmə əziyyət verməyin. Biz mübarizəmizi elan etdiymiz dəyərlər çərçivəsində aparmışıq. Sizi də eyni cür davranmağa dəvət edirəm”.

On bir aydır həbsdə olan III Respublika Paltformasının (ResPlatforma) spikeri Akif Qurbanov Prezident İlham Əliyevə müraciət edib. O, müraciətində həm özünün, həm də onunla birgə həbs edilən dostlarının ailələrinin əmlaklarından məhrum edilməsilə bağlı narazılığını çatdırıb. 

A.Qurbanov mübarizəsini elan etdiyi dəyərlər çərçivəsində apardığını, qarşı tərəfi də buna dəvət etdiyini bildirir.

“Cənab İlham Əliyev, diskursunuzda tez-tez “Ailə dəyərləri”, “milli dəyərlər” və s. terminlərdən istifadə edirsiniz. Bəs necə olur ki, bizə münasibətdə o dəyərlərə hörmət qoyulmur? Məsələn, mən həbs olunandan sonra atam övladlarımı məktəbdən evə apararkən avtomobili saxlanılır və övladlarımın komputerləri, telefonları götürülür. Atamın telefonları da həmçinin. Sonradan güya ResPlatformanın ofisindən aşkar olunmuş kimi rəsmiləşdirilir”, - A.Qurbanov yazır.

O, daha sonra həyat yoldaşının adına olan evə həbs qoyulmasına toxunur:

“Həyat yoldaşımın halal maaşı ilə alınan torpaq və üzərində tikilən bağ evinin (necə əldə olunma məlumatı və gəlir mənbəyi ictimailəşib) istintaqın məni ittiham etdiyi dövrdən əvvəl alındığı halda üzərinə həbs qoyulub”.

ResPlatformanın spikeri həmçinin atasına məxsus avtomobilin müsadirəsindən də yazır:

“Atamın istintaqın araşdırdığı dövrdən əvvəl aldığı, uşaqların bağça və məktəbə aparılıb gətirilməsi, ailənin zəruri ehtiyacları, məni həbsxanada ziyarət etmək və sovqat gətirmək üçün istifadə olunan son avtomobili də götürüb şəxsi nəqliyyat imkanından ailə üzvlərimi məhrum etməklə sizin məmurlar və şəxsən siz nəyə nail olmaq istəyirsiz?”

Akif Qurbanov siyasi fəaliyyəti dövründə İlham Əliyev də daxil olmaqla heç kimə qarşı etikadan kənar davranmadığını diqqətə çatdırır:

“Bu günə qədər istər MSK üzvü olarkən, istər ictimai fəaliyyətimdə, istərsə də ResPlatformanı elan etdiyimiz dönəmdən siyasi fəaliyyətimdə siz daxil kimsənin şəxsiyyətini hədəf alan, kimsəyə qarşı etikadan kənar və düşmən münasibəti ifadə edən açıqlamam olmayıb. Məni və dostlarımızı qanunsuz olaraq qondarma ittihamla həbs etmisiniz, deyək ki, siyasi alternativlər təqdim etməyimiz xoşunuza gəlmir. İmkan verilsə, təhlükəyə çevriləcək və buna görə də bəri başdan cəzalandırırsınız. Olsun! Hansı ölkədə, necə bir rejimlə üz-üzə olduğumuzun fərqinə vararaq bu yoldayam. Ona görə də əsassız və qanunsuz olsa da, kəsiləcək cəzaya sinə gərməyə davam edəcəm. Amma mənim və bu yolda birgə mübarizə apardığım dostlarımın ailəsindən, qohumlarından əl çəkin. Onları bu prosesə qatmayın. Rabitə və nəqliyyat imkanlarından, mülkiyyətdən məhrum etməklə ailəmə əziyyət verməyin. Biz mübarizəmizi elan etdiymiz dəyərlər çərçivəsində aparmışıq. Sizi də eyni cür davranmağa dəvət edirəm”.

ResPlatforma 2023-cü il dekabrın 7-də elan edilib. Yeddi nəfər tərəfindən təsis olunan qurumun spikeri Akif Qurbanov və qurucu heyət üzvlərindən Ruslan İzzətli martın əvvəllərindən həbsdədirlər.

Bu iş üzrə Toplum TV-nin redaktoru Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev də həbs ediliblər. 

“Toplum TV işi” üzrə 9 nəfərə cinayət işi açılıb, 8-i haqda həbs qətimkan tədbiri seçilib, bir nəfər Elmir Abbasov polis nəzarətindədir. 

Onlar həbs ediləndə qaçaqmalçılqıda ittiham olunurdular. Amma ötən həftə istintaq təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (vergiləri  ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Təqsirləndirilən şəxslər ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. 

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi mövqeyinə görə təqib və təzyiqə məruz qalmadığını, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

İmişlidə saxlanılan etirazçılara işgəncə verildiyi deyilir

21 Yanvar 2025

açıq mənbədən götürülüb

Yanvarın 18-də İmişlidə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasından sonra etirazlarda iştirak edənlərə işgəncələr verildiyi bildirilir. "Saxlanılanlarla çox pis rəftar olunub. Avtomobili aşıranlar, onu təpikləyənlər və "istefa" şüarı səsləndirənlərə olmazın işgəncələr verilib. Həmin axşam və gecə saatlarında polis idarəsindən xəstəxanaya aparılanlar olub", saxlanılan şəxslərin yaxınları Azadlıq Radiosuna belə deyirlər. Hadisədən sonrakı günlərdə rəsmi qeyri-iş günü olsa da, İmişli rayon Məhkəməsinin işlədiyi bildirilir. Rayon sakinlərindən biri saxlanılanlar barədə, hələlik, 15-30 sutkalıq inzibati həbs qərarları çıxarıldığını söyləyib. Həmçinin ətraf rayonlardan İmişliyə xeyli polis gətirilməsi haqda da xəbərlər var. "Rayonda elan olunmamış fövqəladə vəziyyət rejimi yaradılıb. Axşam və gecə saatlarında evlərə basqın...
Siyasət

Jurnalistikada Qadınlar üçün Koalisiya hakimiyyətdən mətbuata təzyiqləri dayandırmağı tələb edir

21 Yanvar 2025

www.womeninjournalism.org

Jurnalistikada Qadınlar üçün Koalisiya Amerikanın Səsinin jurnalisti Ülviyyə Əliyə (Quliyeva) qarşı “açıq-aşkar təzyiqi” və ölkədən çıxışına qadağa qoyulmasını pisləyib (Amerikanın Səsi). “Biz hakimiyyətdən təhqiqata son qoymağı, səyahət qadağasını qaldırmağı və mətbuata təzyiqləri dayandırmağı tələb edirik”, Koalisiyanın bəyanatında vurğulanır. Jurnalist yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı dindirilib və onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Ülviyyə Əli qadağanın onun sərbəst hərəkət etmə hüququnu pozduğunu və bunun jurnalist fəaliyyətinə təhdid kimi də qiymətləndirdiyini deyib. O, qərarla bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib. Jurnalistin sözlərinə görə, o, Meydan TV-nin əməkdaşı olmadığına görə qərar əsassızdır. Dekabr ayında Meydan TV-nin...

Seçilmiş Videolar

Toplum TV loqo