Avropa Parlamenti Əli Kərimli, Anar Məmmədli və Anar Abdullanın həbsini qınayan qətnamə qəbul edib
Toplum TV
Avropa Parlamenti oktyabrın 8-də Azərbaycan hakimiyyətini ölkədə həbsdə olan müxalif siyasətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti üzvlərini azad etməyə çağıran növbəti qətnamə qəbul edib.
Qətnamədə ilk olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın həbsi qınanılır.
Avropa Parlamenti hər üç şəxsin “dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını, lazımi miqdarda su və qida, havalandırma, tibbi yardım, vəkillə görüş və ailə üzvləri ilə əlaqə imkanlarının təmin edilməsini, pis rəftarla bağlı iddiaların müstəqil şəkildə araşdırılmasını, qanunla müəyyən edilmiş prosedurlara və ədalətli məhkəmə araşdırması təminatlarına riayət olunmasını” tələb edib.
Qətnamədə ardınca “dinc tənqidçilərə, jurnalistlərə, insan hüquqları müdafiəçilərinə, müxalifət liderlərinə və akademiklərə qarşı təqiblərə və təzyiqlərə son qoyulmasına, bütün siyasi məhbusların azadlığa buraxılmasına və onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının ləğv edilməsinə” çağırış edilib, eləcə də qeyri-hökumət təşkilatlarını və media qurumlarını “susdurmaq məqsədilə cinayət və milli təhlükəsizlik qanunvericiliyindən sui-istifadəyə son qoyulması” tələb edilib.
Qətnamədə həm də Azərbaycanda Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarının həbsdə saxlanılmasından narahatlıq ifadə olunub. Lakin bu xüsusda təkcə Fransa vətəndaşı Anas Derrazın adı çəkilib.
Avropa Parlamenti daha sonra Aİ-yə üzv dövlətləri Azərbaycanla diplomatik əlaqələri “demokratik dəyərlərə hörmət çərçivəsində həyata keçirməyə” və Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiyaları Rejimi çərçivəsində hədəfli tədbirlər planı hazırlamağa, Bakıdakı Aİ nümayəndəliyini və üzv dövlətlərin səfirliklərini isə siyasi məhbusların məhkəmə proseslərini izləməyə çağırıb.
Parlament Avropa Komissiyasını mühacirətdə olan azərbaycanlı vətəndaş cəmiyyəti və müstəqil media qurumlarına dəstəyi artırmağa da çağırıb.
Qətnamədə həmçinin Milli Məclisin Avropa Parlamenti ilə əlaqələri dayandırmasından təəssüf ifadə edilib və əlaqələri bərpa etməyə çağırış edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
meclis.gov
Toplum TV
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir