Siyasət

Hesabat: “Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşməkdə davam edir”

8 Oktyabr, 2026
83

sosial media

Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ) Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair yeni hesabatını yayımlayıb. 

Bu ilin əvvəlindən sentyabrın 1-ə qədər olan dövrü əhatə edən hesabatda qanunvericiliyə edilən dəyişikliklər, həbs yerlərində tibbi xidmətə çıxış imkanları və “Toplum TV işi” üzrə məhkəmə prosesləri qiymətləndirilib. 

MHŞ monitorinqə əsasən Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinin pisləşməsi tendensiyasının davam etdiyini qeyd edib. Hesabatda yeni qanun dəyişikliklərinin insan hüquqlarına müdaxilə imkanlarını genişləndirdiyi, bu müdaxilələrə qarşı hüquqi müdafiənin isə səmərəsiz qaldığı göstərilib. 

Hesabatda xatırladılır ki, iyulda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklərlə internet resurslarına məhkəmə qərarından əvvəl inzibati qaydada girişin məhdudlaşdırıla biləcəyi hallar dairəsi genişləndirilib. 

Digər məhdudlaşdırıcı qanun dəyişikliklərinə nümunə olaraq “Psixiatriya yardımı haqqında” qanuna iyulda edilən dəyişikliklər göstərilib. Həmin dəyişikliklərə əsasən, polis və ya prokuror şəxsin öz razılığı olmadan psixiatriya müayinəsinə göndərilməsi ilə bağlı qərar verə bilər. 

“İnzibati xəta icraatı çərçivəsində müəyyən hallarda belə qərarın əvvəlcədən müstəqil psixiatr qiymətləndirməsi və məhkəmə qərarı olmadan qəbul edilə bilməsi xüsusi narahatlıq doğurur. Müdaxilənin tibbi zərurətini müəyyən edən meyarların aydın olmaması və qərarın icraatı aparan orqanın özünə həvalə edilməsi şəxsi özbaşına müdaxilədən qoruyan təminatları daha da zəiflədir. Hesabatda nəzərdən keçirilən əvvəlki təcrübə fonunda bu səlahiyyətlərin tənqidi mövqeyinə görə hədəfə alınan şəxslərə qarşı təzyiq vasitəsinə çevrilməsi riski göstərilir”, - deyə qeyd olunub. 

Monitorinq dövründə MHŞ azı 15 siyasi məhbus kimi tanınan şəxsin zəruri tibbi yardıma çıxışının təmin edilməməsinə dair halları qeydə alıb. Problemlərə nümunə olaraq diaqnostik müayinələrə və ixtisaslı həkimlərə çıxışın məhdudlaşdırılması, təcili tibbi müayinə və müalicə müraciətlərinə vaxtında cavab verilməməsi, mülki tibb müəssisələrinə göndərişdən əsassız imtina və tibbi müayinə nəticələrinin həbsdə olan şəxslərə vaxtında təqdim edilməməsi halları göstərilib. 

MHŞ “Toplum TV işi” üzrə məhkəmə araşdırmasını və iyulun 27-də çıxarılan hökmü təhlil edərək ədalətli məhkəmə araşdırması hüququnun səmərəliliyinə dair ciddi çatışmazlıqların olduğunu bildirib. 

“Müdafiə tərəfi məhkəmədə ən azı 58 yazılı vəsatətlə yanaşı, çoxsaylı şifahi vəsatətlər təqdim edib. Bu vəsatətlər ittihamın sübutlarının mənşəyinin, həqiqiliyinin və əldə edilmə üsullarının yoxlanılmasına, şahid və ekspertlərin dindirilməsinə, əlavə ekspertizaların keçirilməsinə və mühüm sənədlərin əldə olunmasına yönəlib. Lakin bu vəsatətlərin böyük əksəriyyəti təmin edilməyib, bir çoxunda qaldırılan məsələlər isə mahiyyəti üzrə həll olunmayıb. İstintaq hərəkətlərini rəsmiləşdirən
protokollardakı imzaların həqiqiliyi, pulların aşkar edilmə şəraiti, ekspert rəylərinin etibarlılığı və elektron məlumatların əldə edilməsinin qanuniliyi barədə vəsatətlərə məhkəmə tərəfindən əsaslandırılmış cavablar verilməyib. Nəticədə təqsirləndirilən şəxslərin özlərinə qarşı istifadə
olunan sübutları effektiv şəkildə mübahisələndirmək imkanları məhdudlaşdırılıb”, - hesabatda yazılıb. 

MHŞ qeyd edir ki, məhkəmə müdafiə tərəfinin mövqeyini hökmdə təqdim etsə də, işin nəticəsinə təsir edə biləcək arqumentlərə konkret və
fərdiləşdirilmiş cavab verməyib. Təhlilə əsasən, gəlirlərin xidmət müqavilələri əsasında qanuni əldə edilməsi və vergilərin ödənilməsi barədə ifadələr və dəlillər, ittihamın sübutlarının saxtalaşdırılması iddiaları və hər bir şəxsin fərdi təqsirliliyi məhkəmə tərəfindən
qiymətləndirilməyib. 

Eyni zamanda, hesabata görə, “Toplum TV” işində hökm üzrə cəza təyin edilən Cinayət Məcəlləsinin dörd maddəsinin ikisi üzrə alternativ cərimə cəzası əvəzinə azadlıqdan məhrumetmə cəzasının seçilməsi də fərdi əsaslarla izah olunmayıb. MHŞ-nin qənaətinə görə, “Toplum TV” işi üzrə bu çatışmazlıqların məcmusu ədalətli məhkəmə araşdırması hüququnun əsas standartları olan tərəflərin bərabərliyi, çəkişmə və əsaslandırılmış məhkəmə qərarı təminatlarını pozaraq prosesin ədalətliliyini aradan qaldırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Avropa Məhkəməsi Fuad Əhmədliyə qarşı hüquq pozuntularını tanıyıb 

8 Oktyabr 2026

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi, 2016-2020-cı illərdə həbsdə olmuş Fuad Əhmədlinin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, məhkəmə hüquq müdafiəçisinə qarşı hüquq pozuntularını tanıyıb.  F.Əhmədli AİHM-ə ərizəsində yerli məhkəmələrin onun barəsində seçdiyi həbs qətimkan tədbirinin zəruriliyini əsaslandıra bilmədiyini qeyd edib. AİHM də oxşar işlərə istinad edərək hüquq müdafiəçisinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5.3-cü maddəsinin (ağlabatan müddət ərzində məhkəmə araşdırmasının keçirilməsi və ya məhkəməyədək azadlığa buraxılması hüququ) pozuntusunu tanıyıb.  F.Əhmədli həmçinin dövlət orqanlarının 2016-cı ilin avqustunda verdikləri bəyanatlar nəticəsində təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınmasını xahiş edib. Hökümət AİHM-ə göndərdiyi cavabda iddia edib ki, ərizəçi ölkədaxili müdafiə...
Siyasət

Ramil Babayev sivil itaətsizliyə başlayıb

8 Oktyabr 2026

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev sivil itaətsizliyə başladığını elan edib.  O, buna səbəb kimi avqust ayında ədliyyə naziri Fərid Əhmədova yazdığı açıq məktubdakı tələblərinin təmin olunmamasını göstərib.  “Toplum TV” R.Babayevin yeni müraciətini olduğu kimi təqdim edir: “Məhkəmədə niyə iştirak etmirəm?  Bu suala cavabım ilk ağla gələn cavabdır: Azərbaycanda məhkəmə mövcud olmadığı üçün. Əslində mücərrəd düşünmə vərdişi olan hər bir şəxs Azərbaycanın cari reallığından agahdır.  Magistratura təhsilim dövründə “Sosial siyasətin hüquqi əsasları” fənnini mənə çoxsaylı dərsliklərin müəllifi olan, ölkənin ən nüfuzlu hüquq professorlarından biri keçirdi. Qrup yalnız məndən təşkil olunmuşdu və mən dərsdə...

Seçilmiş Videolar

Toplum TV loqo