Siyasət

Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”

24 Sentyabr, 2026
89

sosial media

10 il müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsindən yazır ki, Azərbaycanda siyasi məhbusların azad edilməsi sülh prosesinin vacib şərtlərindən biri olmalıdır.

Yaxınlarının “Toplum TV” ilə bölüşdüyü yazıda o qeyd edir ki, Azərbaycan hakimiyyəti 2022-ci ildən etibarən vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi fəallara, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı genişmiqyaslı repressiyalar həyata keçirir.

Yazını olduğu kimi təqdim edirik.

“2022-ci ildən başlayaraq Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti liderlərinə, siyasi partiya fəallarına, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı bənzərsiz repressiya dalğasına başladı, nəticədə 300-dən çox şəxs hazırda siyasi məhbus həyatı yaşayır, ayrı-ayrılıqda 10–15 il müddətinə, ümumilikdə 2000 ildən artıq azadlıqdan məhrum ediliblər.
Eyni zamanda, son 2 il ərzində demokratik dəyərlərin və insan hüquqlarının müdafiəsində qlobal liderliyə iddia edən ABŞ və Avropa İttifaqı nəinki siyasi məhbus məsələsinə toxunmur, heç insan hüquqlarına hörmətin əhəmiyyəti barədə ümumi ifadələrə də yer vermir. Azərbaycan prezidentinin ABŞ prezidenti və vitse-prezidenti ilə görüşlərindən, Avropa Komissiyası liderlərinin Azərbaycana səfərlərindən sonra iqtisadiyyat, enerji, logistika, süni intellekt kimi məsələlər barədə açıqlamalar verilsə də, insan hüquqlarının əhəmiyyətini vurğulamırlar. Baxmayaraq ki, Azərbaycanla həm ABŞ-nin, həm də Avropa İttifaqının münasibətləri əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb.

Bəs necə olur ki, ABŞ Belarusdakı siyasi məhbusların azadlığına nail olmaq üçün çalışır və nəticələr əldə edir, Avropa Komissiyası digər avtoritar rejimlərlə bağlı prinsipial mövqe nümayiş etdirir, ancaq Avropa Parlamentinin çoxsaylı qətnamələrindəki Azərbaycanla bağlı çağırışlara səssiz qalır? Bunun bir neçə səbəbi var: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, TRIPP təşəbbüsü, lobbiçilik fəaliyyəti və s. Ancaq bu səssizliyin əsas səbəblərindən biri budur ki, Azərbaycan hakimiyyəti Qərb tərəfdaşlarını inandırıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanan ərəfədə ölkənin daxili siyasətində tam sabitlik vacibdir, heç bir müstəqil siyasətçi, jurnalist, media qurumu, ictimai rəyə təsir göstərə bilən fiqur tərəfindən heç bir müqavimət olmamalıdır.

Halbuki, bu əsassız arqumentdir. Belə ki, Ermənistanda barələrində cinayət işi açılan və həbs edilən revanşist siyasi fiqurlardan fərqli olaraq, Azərbaycandakı siyasi məhbusların əksəriyyəti regiondakı sülh gündəliyini dəstəkləyən şəxslərdir, bir çoxları hətta münaqişənin dondurulduğu mərhələdə də sülh təşəbbüslərinin iştirakçıları olublar. İkincisi, Ermənistandakı revanşistlərdən fərqli olaraq, Azərbaycanda siyasi məhbus həyatı yaşayanlar sülh prosesinə mane olan ölkələrə yaxın şəxslər deyil, əksinə, ABŞ və Avropa qurumları ilə sıx əməkdaşlığı olan şəxslərdir və məhz buna görə həbs ediliblər. Bu şəxslər ABŞ və Avropa İttifaqının dəstəklədiyi sülh gündəliyinə qarşı müqavimət təşkil etmək istəyi olmayan, əksinə, bu prosesi uğurla yekunlaşdırmaq və inkişaf etdirmək üçün vacib ictimai rəyi formalaşdırmaq istəyi və potensialı olanlardır.

Azərbaycan hakimiyyəti hər nə qədər beynəlxalq çağırışları nəzərə almadığını bildirsə də, “COP-29” ərəfəsində 32 erməniəsilli diversantın, əsgərin və zabitin azad edilməsi, 2026-cı ilin əvvəlində “cəllad”, “Xocalı qatili” adlandırılan Vaqif Xaçatryanın da daxil olduğu bir qrup Ermənistan vətəndaşının azad edilməsi, son olaraq, casusluqda ittiham edilən Fransa vətəndaşı Martin Ryanın sürpriz əfv sərəncamı ilə azad edilməsi göstərir ki, ölkə daxilindən və xaricindən açıq çağırışlar gəldikdə hakimiyyət gec-tez buna reaksiya verir.

Belə olan halda ABŞ və Avropa İttifaqı Azərbaycan hakimiyyətinin özünə qarşı müqaviməti əzmək üçün həbs etdiyi şəxsləri “sülh müqaviləsinə mane ola biləcək şəxslər” kimi qəbul etməməli, 300-dən çox siyasi məhbusu “sülh əsirləri” kimi qəbul etməli, Azərbaycan hakimiyyətinə siyasi motivlərlə həbs edilmiş şəxslərin azad edilməsinə açıq çağırış etməlidir. Qarşıdan gələn əhəmiyyətli tarixlərdən birində, məsələn, Dövlət Müstəqilliyinin bərpasının 35 illiyində Azərbaycan prezidentini əfv sərəncamı imzalayaraq siyasi məhbusları azad etməyə, sülh prosesini siyasi məhbuslar problemi olmadan davam etdirməyə çağırmalıdırlar”.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında saxlanılıb. Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi B.Hacıyevə 10 il həbs cəzası və onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirəsinə qərar verib. 
Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 
Fəal ilkin olaraq xuliqanlıq və məhkəməyə sayqısızlıq maddələri ilə ittiham olunsa da, sonradan ona qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və başqa əlavə ittihamlar da irəli sürülüb.
B.Hacıyev özünü təqsirli bilmir və daxili işlər naziri Vilayət Eyvazovun ünvanına etdiyi tənqidlərə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”

24 Sentyabr 2026

sosial media

İlahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə həbsxanadan prezident İlham Əliyevə anlaşma təklifi ünvanlayıb.  Hərəkat üzvlərinin payılaşdığı müraciətdə Taleh Bağırzadə Azərbaycan hakimiyyətini uzun illərdir tənqid etdiyini bildirib. “Cənab Əliyev! Hər kəsdən daha çox sizə məlumdur ki, illərdir zülmlə işləyən hakimiyyətinizə qarşı haqlı olaraq ciddi tənqidlər səsləndirir, qeyri-sağlam idarəçiliyinizlə əsla barışmırıq. Əlbəttə, bunun ağır bədəllərini ödəməkdən də tam razıyıq və heç bir şikayətimiz də yoxdur. Lakin son zamanlar Azərbaycanımızda baş verən bəzi xoşagəlməz hadisələri nəzərə aldıqda, düşündük ki, uzun illərdən sonra sizinlə bir məsələ üzərində anlaşa və razılığa gələ bilərik”, - T.Bağırzadə bildirib. İlahiyyatçı təklif etdiyi anlaşmanın şərtlərini belə sıralayıb: “1....
Siyasət

Əli Zeynal və Ramil Babayev həbsxanadan yazır: “İstintaqın yubadılması məhbusları illərlə faktiki ciddi rejimdə saxlayır”

24 Sentyabr 2026

Toplum TV

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşları Ramil Babayev və Əli Zeynal cəzaçəkmə müəssisələrindəki saxlanma şəraiti barədə yazıblar. Onlar iddia edirlər ki, istintaqın yubanması nəticəsində bəzi şəxslər cəzalarını ümumi rejimli müəssisələrdə çəkməli olduqları halda, 3-4 il qapalı təcridxana şəraitində, gəzinti və idman hüquqları məhdudlaşdırılaraq saxlanılırlar. Yazını olduğu kimi təqdim edirik. “Cinayət işləri üzrə hökmlər mütləq şəkildə şəxsin cəzasını ümumi və ya ciddi rejimli həbsxanada çəkməsi ilə bağlı qeyd ehtiva edir. Əgər şəxs ilk dəfə cinayət törədibsə və törətdiyi cinayət xüsusilə ağır (12 ildən artıq və ya ömürlük həbsi nəzərdə tutan) cinayət deyilsə, Cinayət-Prosessual Məcəlləsinin (CPM) tələbinə...

Seçilmiş Videolar

Toplum TV loqo