Siyasət

Azərbaycan hərbi xərclərini artırır, bəs hava hücumundan müdafiə oluna bilirmi?

17 Mart, 2026
295

Foto: president.az

Martın 5-də Naxçıvana edilən dron hücumları Azərbaycanın hava hücumundan müdafiə imkanları barədə suallar yaratdı. 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, İran tərəfindən buraxılan 4 drondan biri zərərsizləşdirilib, “digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb”. 

Rəsmi məlumatda yer almasa da, mətbuatda dronlardan birinin Dövlət Sərhəd Xidmətinə məxsus hərbi bazaya ziyan vurduğunu göstərən fotolar yer alıb. Sonradan həmin fotolar hökumətyönlü saytlardan silinib. 

İran Naxçıvana atılan dronlara görə məsuliyyəti öz üzərinə götürməsə də, fevralın 28-dən - ABŞ və İsrailin hücumlarına məruz qaldığı gündən bəri İsrailə, eləcə də ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə dronlar buraxdığını inkar etmir. Bu dronların əksəriyyəti zərərsizləşdirilsə də, bəziləri hədəfləri nişan almağa nail olur. 

Ekspertlər İrana məxsus “Shahed” dronlarının uğurunu onların alçaqdan uçması və kütləvi şəkildə buraxılması ilə izah edirlər. 

Yerli təhlilçilər isə Naxçıvana atılan dronların üçünün qarşısının alınmamasını İranın bu bölgə ilə qonşu olması, dronların yaxın məsafədən buraxıla bilməsi ilə izah edir. 

Lakin İkinci Qarabağ Müharibəsi dövründə də Azərbaycanın hava hücumundan müdafiə (HHM) imkanları tənqid olunurdu. 2020-ci ilin oktyabrında Emənistandan Gəncəyə 5 fərqli gündə raketlər atılmış, ümumilikdə 27 mülki şəxs həlak olmuşdu. 27-28 oktyabr tarixlərində Bərdəyə atılan klaster tipli raketlər isə 26 nəfərin həyatına son qoymuşdu. 

Hərbi ekspert Cəsur Məmmədov “Toplum TV”-yə deyir ki, Naxçıvana edilən hücum Azərbaycanın HHM sahəsində islahatlara ehtiyac olduğunu göstərib. 

“Burada məsuliyyətsizliklə yanaşı, hücumun gözlənilməz yerdən gəlməsi də rol oynayıb. Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları uzun illər, əsasən, Ermənistan və keçmiş Dağlıq Qarabağ ərazisindən gələ biləcək hücumlara qarşı özünü hazırlayıb. Təlimlər də məhz bu istiqamətdən gələcək təhlükəni dəf etmək məqsədilə aparılıb. İran isə yeni istiqamətdir. Buna görə də, HHM hərbçilərinin bilik və bacarıqlarının artırılmasına və yeni təlimlərin keçirilməsinə ehtiyac var”, - o qeyd edib. 

İkinci Qarabağ Müharibəsində qalib gəlməsinə, habelə 2023-cü ilin sentyabrında Qarabağ üzərində suverenliyi bərpa etməsinə baxmayaraq, Azərbaycan hərbi xərcləri artırmağa davam edir. 

2026-cı ilin dövlət büdcəsində bu xərclər 8 milyard manat və ya ümumi büdcənin 21%-i qədər nəzərdə tutulub. Bu büdcənin nə qədər hissəsinin məhz HHM üçün ayrıldığı barədə isə məlumat verilmir. 

Lakin C.Məmmədov deyir ki, verilən rəsmi açıqlamalardan Azərbaycanın silahlı qüvvələrlə bağlı iki sahəni prioritetləşdirdiyi aydın olur: komando heyətlərinin təkmilləşdirilməsi və HHM sistemlərinin gücləndirilməsi. 

“Yəqin ki, Naxçıvanda baş verən hadisə ilə bağlı orduda cəzalandırma tədbirləri görülüb, sadəcə açıqlanmır. Həm də böyük ehtimalla HHMQ-nın hərbi hissələrinə ayıq-sayıq olmaq, təlimlər keçirmək, bilik və bacarıqların artırılması istiqamətində tapşırıqlar verilib”, - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”

22 Oktyabr 2026

sosial media

“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıb. Oktyabrın 21-də dərc olunan bəyanatda jurnalistin xəstəxanaya yerləşdirildiyi bildirilib. “Özbaşına həbsdə saxlanılan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş zəruri tibbi yardımdan uzun müddət məhrum edildikdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. RSF onun tibbi göstərişlər əsasında azadlığa buraxılmasını tələb edir və sağlamlığında yarana biləcək geri dönməz fəsadlara görə hakimiyyəti məsul tutur”, - təşkilatın bəyanatında deyilir. Aynur Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Vəkil Zibeydə Sadıqova bildirib ki, jurnalistin səhhətində ciddi problemlər var və hazırda ən böyük təhlükə böyrəyi ilə bağlıdır. Jurnalistin...
Siyasət

“QHT işi”: Zamin Zəkinin kassasiya şikayəti təmin edilməyib

22 Oktyabr 2026

sosial media

Oktyabrın 22-də Ali Məhkəmədə “QHT işi” üzrə həbsdə olan sosial işçi Zamin Zəkinin kassasiya şikayətinə baxılıb. Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə bildirdiyinə görə, Zamin Zəki prosesdə iştirak etməyib. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda vəkil Günay İsmayılova müdafiə çıxışı edib. Vəkil xatırladıb ki, Zamin Zəki ilə bağlı indiyədək nə Bakı Ağır Cinayətlər Məhkəməsində, nə də Bakı Apellyasiya Məhkəməsində verilən vəsatətlər təmin olunub. O, məhkəmədən işə diqqətlə baxmağı istəyib. Vəkil çıxış edərkən hakim onun sözünü kəsib və “bu cür işlərə adətən iki dəqiqə vaxt ayırdığını” bildirib. “Siz isə artıq 10 dəqiqədir danışırsınız. Bu iş problemli olduğu üçün mən sizin...

Seçilmiş Videolar

Toplum TV loqo