Siyasət

Azərbaycan-Rusiya münasibətləri niyə normallaşa bilmir?

9 Yanvar, 2026
225

Foto: Sasha Mordovets

Azərbaycan və Rusiya arasında 2024-cü ilin dekabrından, AZAL təyyarəsinin qəzaya uğraması ilə başlayan gərginliyin ötən ilin oktyabrında liderlərin görüşündən sonra aradan qalxacağı gözlənilirdi. 

Düşənbədə baş tutan görüşdə Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq ölkəsinin həmin qəzaya səbəb olduğunu etiraf etmiş, günahkarların cəzalandırılacağına və qurbanların ailələrinə təzminat ödəniləcəyinə söz vermişdi. 

Məhz həmin görüşdən sonra Azərbaycanda iyuldan həbsdə olan “Sputnik Azərbaycan” direktoru və baş redaktoru azadlığa buraxılmış və ölkəni tərk etmişdilər. 

Buna baxmayaraq, Rusiya tərəfindən nə təyyarə qəzasının istintaqı ilə bağlı, nə də gərginlik fonunda həbs olunan azərbaycanlılarla bağlı Azərbaycanın gözləntilərinə uyğun addımlar atıldı. Beləliklə, münasibətlərdə gözlənilən irəliləyiş baş vermədi. 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair brifinqdə xəbər verdi ki, Rusiya İstintaq Komitəsi təyyarə qəzasının istintaqına xitam verilməsi haqda rəsmi Bakıya məktub göndərib.

“Məktub bizdə ciddi təəccüb doğurdu. Həmin məktuba müvafiq qurumlar tərəfindən ciddi təfsilatlı mövqe ortaya qoyulub. Bizim gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır”, - o deyib. 

Eyni zamanda, Rusiya məhkəməsi bu ölkədə həbsdə olan azərbaycanlı diaspor rəhbəri Şahin Şıxlinski və digər azərbaycanlıların həbs müddətini bu ilin iyununa qədər uzatdı. 

Bunların fonunda Azərbaycan prezidenti İlham Əliyev də dekabrın 22-də Sankt-Peterburqda keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri liderlərinin sammitində iştirak etmədi. Prezidentin mətbuat xidməti buna səbəb olaraq onun iş qrafikinin sıxlığını göstərib. 

Azərbaycanda da gərginlik fonunda müxtəlif ittihamlarla həbs olunan 8 Rusiya vətəndaşı hələ də həbsdədir. C.Bayramov, həmçinin, bildirib ki, ötən ilin fevralında bağlanan, 1997-ci ildən Bakıda fəaliyyət göstərmiş “Rus Evi”nin ləğvi prosesi tam başa çatıb. 

III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Elman Fəttah düşünür ki, iki ölkə arasında münasibətlərin normallaşmamasında səbəb maraqların üst-üstə düşməməsidir. 

“Rusiya İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazdakı dominant rolunu qorumağa çalışır. Azərbaycan isə xüsusilə 2023-cü ilin sentyabrında Qarabağda suverenliyini bərpa etdikdən sonra xarici siyasətində avtonom və selektiv bir xətt tutub. Bu da qaçılmaz olaraq Rusiya kimi ölkələrlə maraqlar toqquşması yaradır. AZAL qəzasının istintaqına xitam verilməsi, saxlanılan şəxslərin həbs müddətlərinin uzadılması, Əliyevin MDB sammitində iştirakdan imtinası simvolik jestlər deyil. Bunlar qarşılıqlı etimad defisitinin ciddi təzahürləridir”, - o “Toplum TV”-yə deyib. 

III Respublika Platformasının digər qurucu üzvü, siyasi şərhçi Araz Əliyev isə “Toplum TV”-yə deyir ki, liderlər arasındakı Düşənbə görüşü münasibətlərin normallaşması baxımından ən yaxşı halda “atəşkəs” adlandırıla bilərdi. 

“Həmin vaxt Putin qərar verməli idi: ya Azərbaycanla münasibətləri tamamilə korlamalı idi, ya da münasibətləri normallaşdırmağa cəhdlər etməli idi. O da ikincini seçdi, çünki Azərbaycanla birbaşa konfliktə girməkdə maraqlı deyildi”, - o bildirib. 

A.Əliyevin sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərində gedişat son bir ildə “qonşuluq müstəvisində deyil, qlobal geosiyasi müstəvidə cərəyan edir”. 

“Nə vaxt ki, Rusiya ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalır və təklənir, bu zaman Azərbaycanın da Rusiya ilə münasibətlərində incik məqamlar ön plana çıxarılır. Çünki Rusiyaya qarşı beynəlxalq koalisiya qurulanda Azərbaycan bunun bir parçası olmaq istəyir. Məsələn, SOCAR-ın departament rəhbəri Adnan Əhmədzadəni Azərbaycan neftinə rus nefti qatıb satmaq adı ilə həbs etdilər. Bunu sanki daha öncədən bilmirdilər? Bilirdilər, sadəcə olaraq ABŞ həmin vaxt Rusiya neftinin satışına imkan verən şəxslərə sanksiyalar qoyduğuna görə, A.Əhmədzadəni sıradan çıxarmaq lazım idi. Rusiya və Ukrayna arasında sülh danışıqlarında irəliləyiş olanda isə Azərbaycan normallaşmaya qayıtmaq istəyir”, - o qeyd edib. 

A.Əliyev xatırladır ki, Düşənbə görüşü Rusiya enerji infrastrukturunun Ukrayna ordusu tərəfindən hücumlara məruz qaldığı dövrə təsadüf edirdi, buna görə Rusiya Azərbaycanla “atəşkəs”ə getdi. 

“Sonrakı dövrdə isə Ukraynanın Rusiyaya ərazi güzəştlərinə, təslimiyyətçi sülhə gedəcəyi barədə söhbətlər aktuallaşdı. Məhz geosiyasi vəziyyətdə Rusiyanın xeyrinə olan dönüş şərait yaratdı ki, Rusiya Azərbaycanla fərqli şərtlərlə danışsın. Düşənbədə deyilən sözlər qısa müddətdə unuduldu”, - o əlavə edib. 

Şərhçi düşünür ki, münasibətlərin bu il ərzində normallaşması Ukrayna ətrafında gedən sülh prosesindən asılıdır. 

“Putin prosesdən strateji qələbə ilə çıxarsa, o zaman Azərbaycan üçün çətin bir dövr başlayacaq. Çünki bu zaman onun hədəfi bütün post-sovet məkanı olacaq. Ukrayna müharibəsi uzanacağı halda isə münasibətlər indiki məcrada qalmağa davam edəcək”, - o deyib. 

E.Fəttah da düşünür ki, il ərzində münasibətlərin normallaşması real deyil: “Daha mümkün ssenari açıq eskalasiya olmadan, lakin etimadsızlıq üzərində qurulan soyuq münasibətlərin davamıdır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo