Maxim Shemetov/AFP
Azərbaycan və Ermənistanın sülh müqaviləsi üzrə danışıqlarını başa çatdırmaqlarına baxmayaraq, Azərbaycan qarşı tərəf haqqında müharibəyə hazırlaşmaq iddiaları qaldırır.
Azərbaycan prezidenti İlham Əliyev martın 13-dəki çıxışında bu iddianı səsləndirib və deyib ki, “Ermənistanın sözünə inanmaq olmaz”.
Üstəlik, Azərbaycan tərəfi Ermənistandan sülh razılaşmasına daxil olmayacağı bildirilən məsələlərin həllində də israrlıdır.
Bu zaman ortaya sual çıxır: Azərbaycan və Ermənistan sülh razılaşmasını həqiqətən imzalamağa hazırdırmı?
Siyasi şərhçi Ərəstun Oruclu Toplum TV-yə bildirib ki, belə bir mühitdə sülh razılaşmasının imzalanacağına inanmaq çətindir.
O düşünür ki, sülh müqaviləsi bu il də imzalanmayacaq.
“Bunun səbəbi geosiyasi vəziyyətdir. Rusiya istəyir ki, müqavilə onun vasitəçiliyi ilə imzalansın. Amma Avropa Birliyi, ABŞ, Türkiyə hər biri də imzalanmanın məhz onlar tərəfindən vasitələnməyini istəyir. Belə bir mühitdə “nə hərb, nə sülh” vəziyyəti yaranır. Mən deyərdim ki, hansısa lokal xarakterli hərbi əməliyyatların baş verməsi ehtimalı daha çoxdur, nəinki sülhün”, - o deyib.
İlham Əliyev və başqa rəsmilər artıq bir neçə ildir iddia edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var və onlar oradan çıxarılmalıdır.
Sülh razılaşmasının imzalanması üçün digər tələb isə vaxtilə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun formal olaraq buraxılması üçün Ermənistanın rəsmi müraciət etməsidir.
Ərəstun Oruclu konstitusiya məsələsinin asan olmayacağını düşünür. O deyir ki, hətta Ermənistan Baş naziri Nikol Paşinyan bunu istəsə belə, ölkə müxalifəti və cəmiyyət tərəfindən ciddi təzyiqlə üzləşə bilər. Bu da onun hökumətinin mövqeyini sarsıda bilər.
“Digər məsələ isə ondan ibarətdir ki, hətta Ermənistan referenduma getsə belə, xalq konstitusiya dəyişikliyinə yox desə, onda nə olacaq? Bu o deməkdir ki, sülh müqaviləsi imzalanmamalıdırmı?”, - deyə o sual edib.
Martın 13-ü Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri iki ölkə arasında uzun müddətdir müzakirə olunan sülh razılaşmasının son bəndləri üzərində də razılıq əldə olunduğunu açıqlayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə deyib ki, Ermənistan sülh razılaşmasının mətni üzrə Azərbaycanın son şərtlərini qəbul edib.
Hökumətyönlü media bildirir ki, bu şərtlər tərəflərin bir-birinə qarşı beynəlxalq iddialar irəli sürməməsi və iki ölkə sərhədində üçüncü ölkələrə məxsus nümayəndələrin yerləşdirilməməsidir.
Ermənistan xarici işlər nazirliyi də, detallarını açıqlamasa da, Azərbaycanın təkliflərini qəbul etdiyini və “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişin imzalanmasının yalnız tarix və yerinin müəyyən edilməli olduğunu xəbər verib.
Adı açıqlanmayan Qərb ölkəsi diplomatı “OC Media” xəbər portalına Ermənistanın sözügedən şərtlər üzrə kompromisə getdiyini təsdiqləyib.
O əlavə edib ki, uzun müddətdir rəsmi diskursda yer alan mövzular razılaşmanın mətninə daxil edilməyəcək.
Bura Azərbaycanın Ermənistandan konstitusiyasını dəyişməsi tələbi, “Zəngəzur dəhlizi” və iki ölkədə Sovet dövründən qalan anklavlardır.
Buna baxmayaraq, Azərbaycan XİN rəhbəri jurnalistlərə deyib ki, növbəti fazada Ermənistan konstitusiyasını dəyişməli və ATƏT-in Minsk Qrupunun buraxılması haqqında rəsmi müraciət etməlidir.
Ermənistan Baş naziri Nikol Paşinyan martın 13-ü jurnalistlərə deyib ki, konstitusiya iki ölkə arasında sülh razılaşması danışıqlarında ümumiyyətlə müzakirə olunmayıb.
O, ölkəsinin Konstitusiya Məhkəməsinin qərarını əsas gətirərək deyib ki, Ermənistanın konstitusiyasını dəyişməsinə ehtiyac da yoxdur.
Paşinyanın bu açıqlaması təəccüb doğurub, çünki bu yaxınlarda o, Ermənistanın konstitusiyasını “transformasiya etməsi” üçün referenduma getməli olduğu barədə ölkə ictimaiyyətinə müraciət etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə martın 13-də XII Qlobal Bakı Forumunda sülh razılaşmasının müəllifinin məhz Azərbaycan olduğunu deyib.
O həm də deyib ki, hər hansı sənədə imza atılana qədər Ermənistanın sözünə inanmaq olmaz.
“Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur”, - Əliyev bildirib.
Münaqişə araşdırmaçısı Şücaət Əhmədzadə Toplum TV-yə bildirib ki, sözügedən məsələlərdən Minsk Qrupunun ləğv olunması “mahiyyətcə asandır” və bu, həll olunacaq.
“Konstitusiyanın dəyişilməsi ilə bağlı isə vəziyyət daha qəlizdir. Bəlkə hər hansı bir formada öhdəlik bu məsələdə vəziyyəti düzəldə bilər. Çünki Ermənistan referenduma hələ 2027-ci ildə gedəcəyini deyib”, - o qeyd edib.
Şücaət Əhmədzadə düşünür ki, əldə olunan bu momentumu çox saxlamaq və gözlətmək bəhrə verməyəcək, ona görə də çox qısa zamanda artıq hazır sənədlə nə edilməsi ilə - nə zaman, harda və necə imzalanacağı ilə bağlı qərar verilməlidir.
“Paralel olaraq baş nazirlərin müavinləri yanında komissiyalar arasında sərhəd məsələləri üzrə danışıqlar gedir. Bu barədə onsuz da yekun vahid bir sənədin olmağı mümkünsüzdür, çünki sərhəd məsələləri yəqin ki, uzun müddət çəkəcək. Ancaq bunu da demək lazımdır ki, çərçivə sənədi artıq razılaşdırılıb”, - o deyib.
Araşdırmaçı “Zəngəzur dəhlizi” və digər nəqliyyat-kommunikasiya məsələləri ilə bağlı ikitərəfli danışıqlar üçün platformanın da olmadığına diqqət çəkib.
“Ona görə də bu məsələ ümumi prosesi poza bilmə potensialına müəyyən qədər sahibdir - əgər hərhansı bir razılıq əldə olunmasa”, - o əlavə edib.
Bu yaxınlarda Azərbaycan hökumətinə yaxınlığı ilə bilinən “Caliber.az” nəşri Ermənistanın önümüzdəki aylarda müharibəyə hazırlaşdığını yazmışdı. Xəbər Ermənistan mətbuatı tərəfindən Azərbaycanın “Zəngəzur dəhlizi” üstündə müharibəyə hazırlaşdığı və bunun üçün zəmin yaratdığı kimi şərh olunmuşdu.
Azərbaycan hökumətinin “Zəngəzur dəhlizi” olaraq təqdim etdiyi nəqliyyat yolu ölkəni Ermənistanın cənubu üzərindən Naxçıvana birləşdirməyi hədəfləyir. Ermənistan hökuməti yolun açılmasına razılıq verdiyini desə də, yoldan keçəcək sərnişin və yüklərin gömrük yoxlanışından keçməsində israr edir. Azərbaycan tərəfi isə yolda heç bir maneələrin olmamasını istəyir.
Paşinyan türkiyəli jurnalistlərə müsahibəsində bu mövzuya toxunaraq deyib ki, “korridor” ifadəsinin istifadəsi qeyri-müəyyən və qəbulolunmazdır.
“Ermənistan Respublikasının bu ifadəyə heç bir bağlılığı yoxdur. Bu ifadənin istifadəsi belə Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddia kimi başa düşülür”, - o deyib.
Bütün qeyri-müəyyənliklərə baxmayaraq, razılaşmanın əldə olunması xəbəri dünya ölkələri liderləri tərəfindən xoş qarşılanıb.
Fransa Prezidenti Emmanuel Makron hazırda Cənubi Qafqazda “dayanıqlı sülhə yol açacaq sülh müqaviləsinin imzalanması yolunda heç bir maneə” qalmadığını deyib.
Avropa İttifaqı da Ermənsitanın sülh razılaşmasının “mətninin yekunlaşmasına yol açmasını” alqışlayıb.
Almaniya xarici işlər naziri Annalena Berbok xəbərin “ümid üçün əsas” yaratdığını deyib.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib ki, ABŞ Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsi ilə bağlı razılıq əldə etməsindən məmnundur.
Azərbaycan və Ermənistan arasında Qarabağ üzərində 1991-94-cü illərdə atəşkəs sazişi ilə bitən müharibə baş tutub.
2020-ci ildə Azərbaycan ərazilərin xeyli hissəsini, 2023-cü ildə isə tamamını hərbi əməliyyatlarla nəzarəti altına qaytarıb.
O vaxtdan iki ölkə arasında həm sülh müqaviləsi, həm dövlət sərhədinin delimitasiyası üzərində danışıqlar gedir.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Səməd Rəhimli/şəxsi arxiv
Evan Vucci/AP
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
“Hökumətin fakt kimi sırıdığı fotoları özüm paylaşmışam” - Şəmşad Ağa
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır