Siyasət

Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?

23 İyul, 2025
458

Foto: president.az/arxiv

Ölkədə söz azadlığı və digər insan hüquqlarının vəziyyəti 150 il əvvəl “Əkinçi”nin təsvir etdiyi mənzərədən fərqlənmir... 

Azərbaycan milli mətbuatının 150 yaşı tamam oldu. Bu əlamətdar tarix dövlət səviyyəsində qeyd olundu - media nümayəndələri üçün rəsmi toplantılar, qəbullar, ziyafətlər təşkil edildi, onlara müxtəlif hədiyyələr verildi, rəsmi təltiflər də unudulmadı...  

Birmənalı söyləmək mümkündür ki, bu gün Azərbaycan hakimiyyəti istədiyi, arzuladığı media mühitini yaratmağa nail ola bilib. Həyata keçirilən ardıcıl repressiv tədbirlər və qanunvericiliyin sərtləşdirilməsi nəticəsində artıq müstəqil tənqidi media qurumu qalmayıb, ölkənin informasiya məkanı demək olar ki, tam nəzarətə götürülüb.

Azərbaycanda təksəsli media var. Belə bir vəziyyətdə əslində SSRİ dövründə olduğu kimi, bir dövlət televiziyası və 1-2 rəsmi qəzet (sayt) kifayət edərdi. Amma indi dövr dəyişib, ölkə müstəqildir, üstəlik informasiya-kommunikasiya texnologiyaları ciddi inkişaf edib, kütləvi informasiya vasitələri virtuallaşıb. 

Ona görə də, 1-2 rəsmi telekanal və sayt yaradaraq bütün xəbər və şərhləri oradan ictimaiyyətə çatdırmaq həm əcaib görünər, həm də iqtidar maraqları baxımından məqsədəuyğun olmazdı. 

Kəmiyyət vacibdir. Eyni tezisləri çoxlu sayda KİV-dən daxilə və xaricə ötürməyə ehtiyac var. Bu tezislər gündəlik rejimdə redaksiyalara, həmçinin şərhçilərə, siyasi partiya və QHT nümayəndələrinə göndərilir. Dövlət hesabına, eləcə də hakimiyyətə yaxın mənbələrdən maliyyələşdirilən TV-lər və saytlar onlar üçün cızılmış sərhədlər, çərçivələr daxilində fəaliyyət göstərir, ölkədəki hadisələrlə bağlı yalnız rəsmi orqanların yaydığı və ya onlarla razılaşdırılan məlumatları yayırlar. 

Hakimiyyətin daxili və xarici siyasəti ilə bağlı tənqidlərə təbii ki, yol verilmir, yalnız bəzi sosial problemlər və xüsusi əhəmiyyət daşımayan mövzularda icazəli tənqidlərə şərait yaradılır. Bir sözlə, hazırda Azərbaycanda xalqdan və toplumdan qopmuş, onun gerçək problemlərini araşdırmayan, işıqlandırmayan media mövcuddur. 

Bir sıra media rəhbərləri böyük gəlirlər əldə edərək zənginləşiblər. Bir vaxtlar “media kapitanları” ünvanı dəbdə idi, həmin “kapitanlar”ın bir çoxu indi “media oliqarxı”na çevrilib. 

Rəhmətlik Zərdabinin “Əkinçi”ni təsis və nəşr edərkən üzləşdiyi çətinlikləri yaşamayan, necə deyərlər, yağ-bal içində üzən bu “oliqarx” jurnalistlər utanmadan özlərini “müasir dövrün əkinçiləri” adlandırırlar. 

Halbuki jurnalistikanın prinsipləri ilə ya çoxdan vidalaşıblar, ya da ümumiyyətlə, heç vaxt bu prinsiplərə və dəyərlərə riayət etməyiblər. 

1875-ci ildə nəşrə başlamış “Əkinçi” qəzeti o vaxt Rusiya İmperiyasının ucqar ərazisi olan bölgədə söz azadlığının vəziyyətini belə ifadə edirdi: "Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi istəsə mələyər. Amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir…”.

150 il sonra müstəqil Azərbaycanda söz azadlığının və digər hüquqlarla bağlı vəziyyətin “Əkinçi”nin təsvir etdiyi mənzərədən fərqli olmaması ürək ağrıdan faktdır... 

Milli mətbuat günündə bir daha təəssüflə şahid olduq ki, Azərbaycanda desovetizasiya – sovet dövrünün qaydalarından, normalarından və ənənələrindən azad olmaq - yetərincə aparılmayıb. 

22 iyulda xeyli media təmsilçisi sovet dövündə olduğu kimi, “Əməkdar jurnalist” fəxri adını aldı və medalla təltif olundu. 

Məlumdur ki, SSRİ-də fəxri adlar müxtəlif sahələrdə fəaliyyət göstərən insanları fərqləndirmək üçün verilirdi. Burada ideoloji komponent şübhəsiz ki, əsas rol oynayırdı. Mükafatlandırmalar cəmiyyətə o mesajı verirdi ki, partiya və dövlətə əzmlə, sədaqətlə xidmət edən hər kəs irəli gedə bilər. 

Fəxri adlar həm də sovet-kommunist elitalarının formalaşmasına xidmət edirdi. Təltif olunanların partiya iyerarxiyasında, vəzifə pillələrində irəliləməsi, karyera qurması, deputat olması, imtiyazlar əldə etməsi üçün yollar açılırdı.

Sovet dövrünün bu ənənəsi müasir Azərbaycanda davam etdirilir. Çünki SSRİ dövründə sistem cəmiyyətlə əlaqələrində nələrə ehtiyac duyurdusa, bugünkü Azərbaycanda da hakim çevrələr mahiyyətcə eynilərinə ehtiyac duyur. İnformasiya mühitini total nəzarətdə saxlamaq üçün yaradılmış çoxlu sayda informasiya resursunun idarəçilərini və kollektivlərini davamlı həvəsləndirmək və stimullaşdırmaq lazımdır. 

Loyallığa təkcə qorxutma ilə nail olmaq mümkün deyil, maddi stimullaşdırma da vacibdir. Bu məqsədlə ötən müddətdə iki bina inşa olunaraq media kollektivlərinə paylanılıb. Fəxri adlar və medallar da “partiya və dövlətə” göstərilən xidmətlərin mükafatıdır. Mesaj budur ki, xidmətlər diqqətdən kənarda qalmır, mükafatlandırılanlar eyni şövq və sədaqətlə davam etsin.

Başqaları da bunu görüb, eyni işi yerinə yetirməyə həvəslənsin. Bu prosesdə iştirak etməyənlər isə özündən küssün – onlar həbs dalğalarından yayınsalar belə, işsizliyə və səfalətə məhkumdur... 

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Səfir: “Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”

24 İyul 2025

Foto: Ria Novosti

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Almaniyanın “sürətli şəkildə” ölkəsi ilə genişmiqyaslı müharibəyə hazırlaşdığını deyib.  Səfir bunu “TASS” agentliyinə müsahibəsində bildirib.  “Əvvəlki Almaniya hökumətinin “dövrləri dəyişmək” siyasətinə “yeni çalarlar” əlavə olunub. Rusiyayla münaqişəyə sürətlə hazırlıq aparılır və bunun üçün böyük maliyyə vəsaiti ayrılır”, - səfir deyib.  Neçayev əlavə edib ki, bu, “son dərəcə təhlükəli və narahatedici meyillərdir” və Rusiya tərəfi bunları çox ciddi şəkildə qəbul edir.  Almaniyanın ötən ay qəbul etdiyi büdcəsinə əsasən, 2029-cu ilə qədər müdafiə xərcləri ölkə iqtisadiyyatının 3,5%-ni əhatə edəcək. İndiyə qədər, bu rəqəm 2% təşkil edirdi.  Almaniyanın ümumi müdafiə xərcləri isə 2025-ci il üçün nəzərdə tutulan 95...
Siyasət

Almaniya humanitar vizaları dayandırıb

24 İyul 2025

Foto: açıq mənbə

Almaniya humanitar vizaların verilməsini dayandırıb.  Bu barədə iyulun 23-də Almaniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.  Qərarın səbəbləri və müvəqqəti, yoxsa daimi xarakter daşıdığı açıqlanmayıb.  İyulun 18-də Almaniyanın kansleri Fridrix Merts keçmiş kansler Angela Merkelin dövründəki miqrasiya siyasətinin “iflasa uğradığını” deyib.  O bildirib ki, həmin siyasət həm Almaniyada, həm də bütün Avropada miqrasiya böhranına səbəb olub. Buna baxmayaraq, Merts əmək bazarı üçün yüksək ixtisaslı mütəxəssislərin ölkəyə qəbulunu istisna etməyib.  2025-ci ilin yanvar ayına olan rəqəmlərə görə, Almaniya humanitar viza əsasında 34,7 min Əfqanıstan vətəndaşının ölkəyə girişinə icazə verib. Bundan əlavə, 2017-ci ildən bəri, hər il təxminən 3 min sığınacaq axtaran...

Seçilmiş Videolar

Toplum TV loqo