Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”
Foto:Turan
Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib.
Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb.
Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib.
“Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı pis yola çəkir. Əli Kərimli həbsdə olsa da, Cəmil Həsənli öz çıxışları ilə gəncləri aldadır, onları pis yola çəkir. Çıx gənclərə müraciət et ki, onlara inanmasınlar və sən də inanmadığını bildir”, – Həsənli yazıb.
Onun iddiasına görə, Aqil Əliyev bundan imtina etdikdən sonra Biləsuvar Rayon Polis Şöbəsinin rəisi Nəsib Məmmədovun göstərişi ilə döyülüb və iki qızı ilə hədələnib. Cəmil Həsənli həmçinin Aqil Əliyevin avtomobilinin polis şöbəsində saxlanıldığını bildirib.
“Bütün gecəni polis şöbəsində döyülən Aqilin bədəni qançırlardan ibarətdir”, - o qeyd edib.
Cəmil Həsənli əlavə edib ki, Aqil Əliyevə qarşı oxşar təzyiqlər əvvəllər də olub. Onun sözlərinə görə, bir neçə il əvvəl Aqilin toy mərasimi ərəfəsində polis əməkdaşları dayısı Cəmil Həsənlinin toya qatılmamasını tələb ediblər.
Həsənli baş verənləri Əli Kərimlinin məhkəmə prosesi ərəfəsində ona və yaxınlarına qarşı aparılan kampaniyanın tərkib hissəsi kimi qiymətləndirib.
Daxili İşlər Nazirliyi və Biləsuvar Rayon Polis Şöbəsinin məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.
Cəmil Həsənli bir gün əvvəl də ölkədən çıxışına qoyulan qadağa ilə bağlı paylaşım etmişdi. O, bu məhdudiyyətə görə 2027-ci il yanvarın 7-10-da ABŞ-nin Nyu-Orlean şəhərində keçiriləcək Amerika Tarix Cəmiyyətinin illik toplantısında iştirak edə bilməyəcəyini bildirmişdi.
Həsənlinin sözlərinə görə, 2025-ci il noyabrın 30-da Prezident Administrasiyasının sabiq rəhbər Ramiz Mehdiyev barəsində aparılan istintaq çərçivəsində şahid qismində ifadəsi alınıb və ölkədən çıxışına qadağa qoyulub. O, məhdudiyyətin qüvvədə saxlanılmasını “dövlətin resurslarından qeyri-qanuni istifadə etməklə peşə fəaliyyətinə mane olmaq aktı” kimi qiymətləndirib.
Mehdiyev barəsində cinayət təqibinə 2025-ci ilin oktyabrında başlanılıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
R. Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Onun ev dustaqlığının müddəti sonradan bir neçə dəfə uzadılıb.
Ötən ay məhkəmə istintaqı yekunlaşıb və R. Mehdiyev 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
AXCP ədri Əli Kərimli və onun müavini Məmməd İbrahim isə ötən il noyabrın sonunda həbs olunublar. Onların ilkin olaraq R. Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilsə də, sonradan işlər bir-birindən ayrılıb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə yekun ittiham verilib. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”
Toplum TV
Foto: Ülviyyə Əli
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Ramil Babayev sivil itaətsizliyə başlayıb
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib