Foto: Ülviyyə Əli
“Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilən jurnalist Elnarə Qasımova 2026-cı il Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatına layiq görülüb. O, həbsxana şəraiti ilə bağlı hazırladığı yazılara görə “Yerli jurnalist” kateqoriyasında ikinci yerə layiq görülüb.
Bu barədə “Abzas Media” Kurt Şork Xatirə Fonduna istinadən məlumat yayıb.
Mükafatın münsiflər heyəti bildirib ki, Elnarə Qasımova yazılarında həbsxanalardakı korrupsiya, rüşvətxorluq və təhlükəli əmək şəraiti də daxil olmaqla, məhbusların üzləşdiyi ciddi problemləri işıqlandırıb.
“Elnarə Qasımovanın Azərbaycan həbsxanasından hazırladığı yazılar böyük cəsarət nümayiş etdirir və həbsxana həyatının son dərəcə narahatedici tərəflərinə işıq salır”, -deyə münsiflər heyətinin rəyində bildirilib.
Münsiflər jurnalistin yığcam, faktlara əsaslanan və emosional mühakimələrdən uzaq yazı üslubunu da yüksək qiymətləndiriblər.
Bildirilib ki, Qasımovanın yazıları onun həbsdə yaşadığı ağır təcrübəyə əsaslanır. Jurnalist digər qadın məhbusların gündəlik üzləşdiyi ayrı-seçkiliyi və alçaldıcı rəftarı sənədləşdirib, Azərbaycan həbsxanalarındakı şəraitin indiyədək ictimaiyyətə məlum olmayan tərəflərini üzə çıxarıb.
“Yerli jurnalist” kateqoriyasında əsas mükafata Nigeriyadan olan jurnalist Abdullah Tijani layiq görülüb. O, ölkənin Zamfara ştatında qanunsuz qızıl mədənlərində məcburi əməyə cəlb edilən insanların vəziyyətini araşdırıb. Münsiflər onun təhlükəli şəraitdə hazırladığı yazıları yüksək qiymətləndirərək Nigeriyada “qanlı qızıl” ticarəti ilə silah sənayesi arasındakı sərhədyanı əlaqələri üzə çıxardığını bildiriblər.
Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatı 2000-ci ildə Syerra-Leonedə “Reuters” agentliyi üçün reportaj hazırlayarkən üsyançıların pusqusunda öldürülən amerikalı sərbəst jurnalist Kurt Şorkun xatirəsinə təsis edilib.
Mükafat hər il münaqişələr, korrupsiya, ədalətsizlik və insan hüquqları pozuntuları barədə təhlükəli şəraitdə çalışan jurnalistlərə verilir.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlara qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham irəli sürülüb. Jurnalistlər ittihamları rədd edir və peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”
Toplum TV
Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”
Foto:Turan
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Ramil Babayev sivil itaətsizliyə başlayıb
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib