Siyasət

İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"

3 Avqust, 2026
241

Toplum TV

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin üzvü və keçmiş sədri İlqar Məmmədov prezident İlham Əliyevə müraciət edib. 

O, avqustun 3-də sosial media hesabında yazıb ki, Əliyevin siyasi fəaliyyətini dəstəkləyən siyasi partiya liderlərindən biri ona qarşı "artıq ikinci dəfədir 'xəbərdarlıq'la çıxış edir". 

"Bu dəfəki xəbərdarlığını “son xəbərdarlıq” adlandırıb. Xəbərdarlığın xülasəsi odur ki, ‘siyasi çıxışlarını dayandır ya da aktuallığını azalt’. Bildiyimiz kimi, xəbərdarlıq deyilən şeyin məntiqi nəticəsi xəbərdarlıq alıb əməl etməyənə qarşı pis şeylərin baş verməsi olur. Nədir o pis şeylər? Bilmirəm, amma keçən dəfə oxşar şeylər həbsimlə nəticələndi. Hər halda qorxutma ab-havasında siyasi fəaliyyətlə məşğul olmağı heç kimə arzulamıram. Mən bilmək istərdim ki, bizim ölkədə dövlət başçısının razılığı və bilgisi olmadan mənim siyasi fəaliyyətimi dayandırmaq məqsədini güdən xəbərdarlığı kimsə edə bilərmi? Əgər edə bilməzsə, onda niyə belə şeylər olur?", - İ.Məmmədov sual edib. 

Siyasətçi bildirib ki, xəbərdarlıqların ölkə başçısından "qaynaqlandığına özünün də inanmağı gəlmir", lakin o, Əliyevdən məsələyə münasibət bildirməsini istəyib. 

"Siyasi fəaliyyətimi dürüst və səmimi, çağdaş və dinc, dünya siyasi mübarizə tarixinin layiqli nümunələrinə uyğun olaraq davam edirəm. Siyasi fəaliyyətimlə bağlı çətin bir səhifəni 2020-ci ildə geridə qoyduğumuzu düşünmək istəyirəm. Əgər bu belə deyilsə və sizin partiyada və hökumətdə mənim siyasi fəaliyyətimə, doğrudan da, yenə hansısa məhdudiyyətlər qoymaq niyyəti varsa və sözü gedən xəbərdarlıqlar onun əlamətidirsə, buna ancaq təəssüf etmək olar", - o əlavə edib. 

İ.Məmmədov paylaşımında ad çəkməsə də, sosial mediada bəzi istifadəçilər onun Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunu nəzərdə tutduğunu iddia ediblər.

A.Şakiroğlu avqustun 2-də sosial media hesabında İ.Məmmədovun son paylaşımlarından birinə münasibət bildirərək ona "son dəfə xəbərdarlıq etdiyini" yazıb. "Özünlə xalqımızı bir tutma. Buna sənin nə mənəvi, nə də mənəviyyatsız haqqın çatır!", - o əlavə edib. 

Respublikaçı Alternativ Hərəkatının həmtəsisçisi olan İ.Məmmədov 2020-2024-cü illərdə eyniadlı partiyaya sədrlik edib. 

O, 2013-cü ilin fevralında İsmayıllıda baş verən etirazlardan sonra həbs olunub. Siyasətçi kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Məmmədov 2018-ci ilin avqustunda şərti azadlığa buraxılıb, 2020-ci ilin aprelində isə Ali Məhkəmə tərəfindən bəraət alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Vəkil: "Vüqar Məmmədovun səhhəti ilə bağlı sorğularımıza cavab verilmir”

3 Avqust 2026

Sosial media

"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətinin daha da ağırlaşdığı bildirilir.  Vəkili Rövşanə Rəhimlinin yaydığı məlumata görə, bu səbəblə jurnalistin avqustun 3-ə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Onun sözlərinə görə, V.Məmmədov hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində (PXMM) saxlanılır.  Vəkil əlavə edib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və PXMM müvəkkilinin səhhəti ilə bağlı sorğularına cavab vermir.  "Vəkil sorğusundan əlavə məhkəmə də bununla bağlı adı çəkilən qurumlara məktub ünvanlayıb. Lakin hələ də heç bir qurumdan məlumat əldə edə bilməmişik. Vüqar Məmmədovun xüsusi mühafizə müşayiəti altında ixtisaslaşmış dövlət və ya özəl tibb müəssisəsinə yerləşdirilərək stasionar müalicə almasını zəruri hesab...
Siyasət

Komitə: “Əli Kərimliyə qarşı insan ləyaqətini alçaldan rəftar və işgəncə tətbiq olunur”

2 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı hüquq pozuntularının davam etdiyini bildirib.  Avqustun 1-də yayılan bəyanata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimlinin saxlanma şəraiti "məqsədli şəkildə ağırlaşdırılır".  Məlumata görə, partiya sədrinə iki aydır ailəsi ilə telefon danışığı və görüş qadağan olunub. Eyni zamanda onun hələ də psixi problemli şəxslə eyni kamerada saxlanıldığı bildirilir. "Bu şəxs hər gün gecə saat 3-4 radələrində oyanaraq səhərə qədər kamerada səs-küy salır, başını divara vurur, qışqıraraq yatmağa imkan vermir", - deyə əlavə olunub.  Komitənin sözlərinə görə, günün digər vaxtlarında da Ə.Kərimlinin istirahət hüququnu pozan...

Seçilmiş Videolar

Toplum TV loqo