Siyasət

Komitə: “Əli Kərimliyə qarşı insan ləyaqətini alçaldan rəftar və işgəncə tətbiq olunur”

2 Avqust, 2026
13

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı hüquq pozuntularının davam etdiyini bildirib. 

Avqustun 1-də yayılan bəyanata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimlinin saxlanma şəraiti "məqsədli şəkildə ağırlaşdırılır". 

Məlumata görə, partiya sədrinə iki aydır ailəsi ilə telefon danışığı və görüş qadağan olunub. Eyni zamanda onun hələ də psixi problemli şəxslə eyni kamerada saxlanıldığı bildirilir. "Bu şəxs hər gün gecə saat 3-4 radələrində oyanaraq səhərə qədər kamerada səs-küy salır, başını divara vurur, qışqıraraq yatmağa imkan vermir", - deyə əlavə olunub. 

Komitənin sözlərinə görə, günün digər vaxtlarında da Ə.Kərimlinin istirahət hüququnu pozan əməllər törədilir. 

"Əli Kərimlinin saxlanıldığı kameranın qarşısına qoyulmuş telefon aparatı axşam saatlarından başlayaraq səhər saat 6-ya qədər hər 15 dəqiqədən bir zəng çalır və yatmağa mane olur. DTX-nin həyətində Əli Kərimlinin saxlanıldığı kameraya yaxın yerdə başlanmış təmir işləri üzündən yaranan səs-küyə görə gündüz saatlarında da yatmaq mümkün olmur", - deyə qeyd olunub.

Əlavə olaraq, Ə.Kərimliyə səhər yeməyi üçün gətirilən ərzaq sovqatının qəbul edilmədiyi, gəzinti saatlarının yarıbayarı azaldıldığı, sanitar qovşağın 3 həftədir təmizlənmədiyi, elektrik cərəyanı verilişinin iki aya yaxındır söndürüldüyü və siyasətçiyə qəzet, jurnal və digər qeydlərin verilməsinin qadağan edildiyi bildirilir. 

"Məqsədli şəkildə Əli Kərimlinin yuxusunu pozmaq, saxlandığı kamerada antisanitariya vəziyyəti yaratmaq insan ləyaqətini alçaldan rəftar olmaqla yanaşı, onun sağlamlığına zərbə vurmaq məqsədi daşıyan işgəncə aktları kimi qiymətləndirilməlidir", - bəyanatda deyilir. 

Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi beynəlxalq ictimaiyyəti bu məsələlərə "adekvat münasibət bildirməyə və müstəqil monitorinq komissiyası yaradaraq proses diqqətdə saxlamağa" çağırıb. 

DTX və Penitensiar Xidmət iddialara münasibət bildirməyib. 

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Göz müayinəsi üçün hələ də həkim göndərilmir" 

30 İyul 2026

Sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov gözündəki problemə baxmayaraq hələ də müayinədən keçmədiyini deyir.  Bu barədə ictimai fəal Əmrah Təhməzov "Toplum TV"-yə məlumat verib.  Onun sözlərinə görə, 10 gün əvvəl B.Səmədovun uzun müddət əvvəlki çağırışına cavab olaraq müayinə üçün dəri həkimi göndərilib.  "Ekzema adlı dəri xəstəliyindən də əziyyət çəkir. Lakin gözündəki problemlə bağlı da daha öncə həkim istəsə də, hələ də təmin olunmayıb. Dəri həkimi deyib ki, 1-2 günə göz həkimi də gələcək. Lakin hələ də göndərilməyib", - o qeyd edib.  B.Səmədov bununla bağlı Ombudsman Aparatına şikayət etdiyini, hələ də cavab almadığını bildirib.  İyulun 9-da sülh fəalı...
Siyasət

HRW: “Bu, müstəqil mediaya qarşı repressiyalar başlayandan bəri çıxarılan ən ağır hökmdür”

30 İyul 2026

Açıq mənbə

“2026-cı il iyulun 27-də Azərbaycan məhkəməsi doqquz media əməkdaşı və vətəndaş cəmiyyəti fəalını 12 ildən 15 ilədək azadlıqdan məhrum edib. Bu, hökumətin müstəqil mediaya qarşı davam edən repressiyalarına başladığı vaxtdan bəri çıxarılan ən ağır cəzalardır. “Human Rights Watch” (HRW) insan haqları təşkilatının “Toplum TV işi” üzrə çıxarılmış hökmlərlə bağlı açıqlamasında belə deyilir. Təşkilat qeyd edir ki, bu, 2025-ci ilin iyununda “Abzas Media işi” üzrə jurnalistlərə verilən 7 il 6 aydan 9 ilədək həbs cəzalarını da geridə qoyur. HRW xatırladır ki, hakimiyyət əvvəlcə doqquz nəfəri qaçaqmalçılıqda ittiham edib, daha sonra isə onlara digər maliyyə xarakterli ittihamlar da əlavə olunub. “Təqsirləndirilən şəxslərin...

Seçilmiş Videolar

Toplum TV loqo