Siyasət

Nazim Bəydəmirli ədliyyə nazirinə müraciət edib: “Lazımi tibbi yardımla təmin olunmuram”

1 Oktyabr, 2026
20

sosial media

Həbsdə olan keçmiş deputat və iş adamı Nazim Bəydəmirli Ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb.
O, saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsində hüquqlarının məhdudlaşdırıldığını, səhhəti ilə bağlı müraciətlərinə isə cavab verilmədiyini bildirib.

N.Bəydəmirli yazıb ki, səbəbini bilmədiyi halda ona qanunla nəzərdə tutulan hüquqlar baxımından fərqli yanaşılır:
“Video görüntülərin bərpa edilməsi ilə bağlı müraciətlərə müsbət cavab verilmir, həyat yoldaşıma baş etibarnamənin rəsmiləşdirilməsi mümkün olmur, həmçinin lazımi tibbi yardım və həkimlə təmin olunmuram”.

Bəydəmirli bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsindən 6 saylı müəssisəyə köçürüldükdən sonra beş aydır karantində saxlanılır və ailəsi ilə videogörüş imkanından məhrum edilib. Onun sözlərinə görə, üç ildən artıqdır qızını yalnız videogörüntü vasitəsilə görə bilirdi.

Keçmiş deputat müraciətində səhhətində ciddi problemlərin yarandığını da qeyd edib.
“Səhhətimdə yaranan ciddi problemlərin həlli üçün dəfələrlə müraciət olunub. Təcili analiz və müalicəyə ehtiyacım var. Üstəlik, diş implantının istismar müddəti bitdiyi üçün şiddətli ağrıdan əziyyət çəkirəm. İndiyədək heç bir tədbir görülməyib”, - o bildirib.

Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli iyulun 2-də Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun, sentyabrın 17-də isə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Cəmil Kamillinin qəbulunda olub. Müraciətdə bu görüşlərə baxmayaraq, problemlərin həlli üçün addım atılmadığı iddia edilir.

Nazim Bəydəmirli Ədliyyə Nazirliyindən müraciətinə baxılmasını istəyib.

Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin məsələyə münasibəti hələlik məlum deyil.
Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-də saxlanılıb. Bundan əvvəl, iyunda Söyüdlü hadisələri zamanı polisin davranışını tənqid etmişdi.

Ona ilkin olaraq Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb. Sonradan ittiham ağırlaşdırılıb.

2024-cü il sentyabrın 30-da məhkəmə N.Bəydəmirliyə 8 il azadlıqdan məhrumetmə cəzası verib. O, ittihamları rədd edir və özünü “ekologiya məhbusu” adlandırır. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...
Siyasət

Beynəlxalq təşkilat Azərbaycan hakimiyyətinə: “Aytac Tapdığın müalicəyə çıxışı təmin edilsin”

1 Oktyabr 2026

sosial media

“Raoul Wallenberg Centre for Human Rights” (RWCHR) “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytac Tapdığın səhhəti ilə bağlı bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini jurnalistin ehtiyac duyduğu ixtisaslaşmış tibbi müayinə və müalicəyə çıxışını təmin etməyə, həmçinin onu qeyd-şərtsiz azad etməyə çağırıb. Bəyanatda bildirilir ki, 2024-cü ilin dekabrından həbsdə olan Aytac Tapdığın tənəffüs problemləri ağırlaşıb. Buna baxmayaraq, onun qulaq-burun-boğaz həkimi tərəfindən müayinə olunmasına, MRT və kompüter tomoqrafiyasından keçirilməsinə imkan verilmir. “Jurnalist həbsdə olduğu təxminən 21 ay ərzində nəfəs almaqda çətinlik çəkdiyi üçün 80-dən çox burun spreyi istifadə edib. Onun saxlanıldığı müəssisə qurudulmuş göl ərazisində yerləşir və rütubətli hava səhhətini daha da...

Seçilmiş Videolar

Toplum TV loqo