Siyasət

Ruslan İzzətli: "Bir gilizin içinə bir ömrün sığdığını o zaman anladım..."

4 Noyabr, 2025
233

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının üzvü Ruslan İzzətli həbsxanadan İkinci Qarabağ Müharibəsindən xatirələrini paylaşmağa başlayıb.

R. İzzətlinin xatirələrinin birinci hissəsi onun “Facebook” səhifəsində paylaşılıb.

“Toplum TV” yazını olduğu kimi təqdim edir.

Sentyabrın 27-si idi, böyrəyimdən əməliyyat olunduğum üçün, Silahlı Qüvvələrinin Baş Klinik Hospitalındaydım. Bazar günü idi, bütün şöbələrə informasiya verdilər ki, sabah şöbə rəislərinin hospitalın həyətində iclası olacaq. İkinci Qarabağ Müharibəsi artıq başlamışdı. 

Bilirdik ki, müharibə itkisiz olmur və təbii olaraq hospitala yaralılar gələcək. Bizim şöbədə Gülnarə adında tibb işçisi var idi, həyat yoldaşı da hərbçidir. Həm yoldaşına görə, həm də yaralıların gələcəyinə görə çox ağlamışdı. Çünki əks hücum əməliyyatı onun həyat yoldaşının olduğu ərazidən başlamışdı. Təzə əməliyyat olunmağıma baxmayaraq, tibb işçiləri ilə birlikdə səhərə kimi 1600 tampon hazırlamışdıq. Əslində, əməliyyatıma görə mənim hərəkət etməyimə icazə verilmirdi, amma yerimdə rahat da dura bilmirdim. O anda əlimdən gələn tibb işçilərinə kömək etmək idi.

Hospitaldan oktyabrın 2-də çıxdım, ona qədər isə ən çox gələn yaralılar qəlpə yaraları alanlar idi.
Gülnarə xanım yanıma gəlib dedi ki, bir əsgərimiz var, yaralıdır, heç nə yemir, bəlkə sən onunla söhbət etsən, nəsə yeyər. Həmin yaralı əsgərin palatasına getdim. Açığı, bir ayağının amputasiya olunduğunu bilmirdim, görəndə çox pis tutuldum, ayağının kəsilməyinə görə özünə qapanmışdı.

Dedim, ailənlə danışmaq istəyirsən? Cavab verdi ki, yox! Mən anama necə deyim ki, bir ayağım kəsilib? Çölə çıxıb ağladım, gördüm ki, Gülnarə xanım da göz yaşlarını saxlaya bilməyib.

Əsgər Gülnarə xanımın həyat yoldaşının xidmət etdiyi hərbi hissədən idi. Əsgərin vəziyyətindən anlamışdı ki, həmin hərbi hissə də əməliyyatlarda iştirak edir. Bir sutkadan çox idi ki, yoldaşı ilə əlaqə saxlaya bilməmişdi.

Mən müharibənin ilk travmasını onda gördüm, bir tərəfdə 18-19 yaşında Seymur adlı əsgərimizin bir ayağının kəsilməsi, digər tərəfdə də həm şərəfli peşəsini yerinə yetirən, həm əsgərimiz üçün göz yaşı axıdan, həm də zabit həyat yoldaşından nigaran qalan tibb bacısı. İlk gördüyüm ağır yaralı Seymur idi. Bu, hələ müharibənin başlanğıcı idi…

Hospitaldan çıxan günə qədər hər axşam saat 8-9 arası qonşu şöbələrin palatalarını gəzirdim ki, görüm yaralılar arasında bizim hərbi hissədən kimsə varmı? Çünki informasiya fərqliliyi var idi, bəziləri deyirdi ki, sizin hərbi hissədə vəziyyət çətindir, bəziləri də əksinə hərbi hissənin müdafiədə olduğunu bildirmişdi. Hərbi hissədən heç cür xəbər ala bilmirdim.

Birdən hərbi hissənin yanındakı mağazanı işlədən Fədail yadıma düşdü. Xəstələrdən birinin telefonu ilə ona zəng etdim ki, komandirlərdən kimin nömrəsi var səndə? Mənə zabitlərdən birinin nömrəsini verdi, ona zəng etdim. Həmin zabitimiz də yaralanmışdı, çəkinə-çəkinə, birtəhər əl-ayağının salamat olub-olmadığını soruşdum, o da sadəcə, qəlpə yarası aldığını bildirdi. Amma o qəlpə indi sağlamlığı üçün çox ciddi problem yaradıb. Mənə bölüyümüzdən üç şəhidin olduğunu dedi, bunlardan biri dostum Məmmədov Altun, Haqverdiyev Ayxan və gizir Kənan Səlimzadə idi.

Xəbərdən özümə gələ bilmədim. Bundan sonra Urologiya şöbəsinin rəisi, polkovnik İqbal Mirzəyevin yanına gedib xahiş etdim ki, məni hospitaldan çıxarıb hərbi hissəyə göndərin. O, bunun onun səlahiyyətindən kənar olduğunu bildirdi. Dedi ki, sənin böyrəyində stend var, buna görə göndərə bilmərik. Çünki birbaşa döyüşə gedəcəksən və səni ambulator müalicə edən olmayacaq. Mən də dedim ki, hospitalın rəhbərliyinə ərizə yazıb sağlamlığımla bağlı məsuliyyəti öz üzərimə götürürəm, mən getməliyəm!

Gülnarə xanım və digər tibb işçiləri dedi ki, vəziyyət çox pisdir, getmə və sən zatən məcburiyyətdən burdasan. Ailəlisən, azyaşlı uşağın var…
Heç kimi dinləmədim və cəbhə bölgəsinə gedən ilk avtobusla Füzulinin Əhmədbəyli kəndinə yola düşdüm. Yolda vətəndaşlar avtobusu saxlayıb yemək-filan verirdilər.

Ailəmə belə hospitalı tərk etməyimi demədim. Çünki hər gün şəhid xəbəri eşidən ailəmin nigaran qalmasını istəmirdim.

Artıq Füzulidə idim, mənə boş bir giliz və kağız parçası verildi. Deyildi ki, ad-soyadınızı, qan qrupunuzu, olduğunuz hərbi hissəni yazıb bu gilizin içinə yerləşdirin. Dedilər, bu, döyüşdə tanınmaz hala düşənləri tanımaq üçün bir vasitədir.
Bir gilizin içinə bir ömrün sığdığını o zaman anladım…

Davamı olacaq.

Ruslan İzzətli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Tofiq Yaqublu: "Cəzaçəkmə müəssisəsində işıq və su yoxdur, məhbuslar yuyuna bilmir"

27 İyul 2026

VOA

17 saylı Cəzaçəkmə Müəssisəsində elektrik enerjisi və su verilişinin dayandığı bildirilir.  Bu barədə müəssisədə saxlanılan müxalif siyasətçi Tofiq Yaqublu qızı Nigar Həzi vasitəsilə ictimaiyyətə məlumat verib.  N.Həzi iyulun 27-də sosial media hesabında atasına istinadən yazıb ki, müəssisədə bir həftədir elektrik enerjisi demək olar ki, yoxdur.  "Gün ərzində ancaq cəmi 1 və ya 2 saat işıq olur. Təsəvvür edin, yayın dəhşətli istilərində işıq yoxdur, soyuducular işləmir, məhbuslar içməyə nə sərin su tapa bilirlər, nə də yuyuna bilirlər. 40 dərəcədən yuxarı istidə əlbəttə ki, ərzaqlar da xarab olub zibilə atılır. İşığın olmaması azmış kimi artıq müəssisədə su da gəlmir. Başa düşdüyünüz kimi,...
Siyasət

ABŞ Konqresinin komitəsi Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

24 İyul 2026

NPS

İyulun 22-də səsə qoyulan qanun layihəsinin 44 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib. Qanun layihəsinin mətnində Azərbaycanda həbsdə olan ermənilərə "müharibə əsirləri və siyasi məhbuslar" deyə istinad olunub.  “Prezident Trampın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda erməni hərbi əsirlərinin və siyasi məhbusların azad edilməsi bu məqsədə nail olunması yolunda mühüm addım olardı", - qanun layihəsinin müəllifi, Demokratlar partiyasından olan konqresmen Bred Şerman komitəyə müraciətində deyib.  İyulun 24-də Milli Məclis qanun layihəsinin qəbulu ilə bağlı bəyanat yayıb. "Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud...

Seçilmiş Videolar

Toplum TV loqo