Siyasət

Tramp Azərbaycanın da Qəzzaya pul ayırdığını deyir, Hikmət Hacıyev təkzib edir

20 Fevral, 2026
125

Foto: açıq mənbə

ABŞ prezidenti Donald Tramp Qəzzanın bərpası üçün maliyyə ayırdığı deyilən ölkələrin adlarını açıqlayıb. 

Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Tramp deyib ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələr zolağın bərpası üçün 7 milyard ABŞ dollarından çox vəsait ayırıblar. ABŞ isə ayrıca 10 milyard dollar ayırıb. 

"Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Özbəkistan və Küveyt hamısı birlikdə 7 milyard dollardan çox pul ayırıb", - deyən Tramp ölkələrin adlarını önündəki mətndən oxuyub. 

Bir müddət sonra Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev "X" səhifəsində Azərbaycanın Qəzzanın bərpasına pul ayırdığını inkar edib. 

"Gələcəkdə Azərbaycan Qəzzada Sülh Şurası vasitəsilə investisiya layihələrində iştirak etməyi nəzərdən keçirə bilər. Lakin bir məqamı dəqiqləşdirmək istərdim. Azərbaycan bu gün Sülh Şurasının iclasında elan olunan Qəzza ilə bağlı 7 milyard ABŞ dolları həcmində maliyyə təşəbbüsündə iştirak etməyi nəzərdə tutmur", - o yazıb.

Sülh Şurasının ilk toplantısı fevralın 19-da Vaşinqtonda yerləşən Sülh İnstitutunda baş tutub. ABŞ Dövlət Departamenti bu yaxınlarda instituta Trampın adını verib.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla 20-dən çox dövlət başçısı iştirak edib. 

Ötən ay Davosda rəsmi mərasimdə təsisi elan olunan Sülh Şurasına Azərbaycan da daxil olmaqla 26 ölkə qurucu üzv kimi qoşulub.

Trampın kürəkəni, iş adamı Cared Kuşner yanvarın 22-də Davosda Qəzza zolağında yenidənqurma üçün baş planı ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, yenidənqurma üçün 25 milyard dollardan çox vəsait tələb olunacaq. 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2023-cü ilin oktyabrında İsrailin başlatdığı və iki il davam edən müharibə nəticəsində Qəzzada yaşayış binalarının 90 faizdən çoxu dağıdılıb və ya zədələnib.

Tramp administrasiyasının vasitəçiliyi ilə Qəzzaya nəzarət edən HƏMAS qruplaşması və İsrail arasında ötən ilin oktyabrında atəşkəs qüvvəyə minsə də, İsrail ordusu atəşkəsi pozmağa davam edib. 

Qəzzanın səhiyyə rəsmilərinin açıqlamasına görə, atəşkəs qüvvəyə mindikdən bəri 500-dən çox qəzzalı həlak olub.

Qəzzanın bərpası, eləcə də Sülh Şurasının yaradılması Trampın elan etdiyi 20 maddəlik sülh planında nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Qubad İbadoğlu Almaniyaya gedib

29 Sentyabr 2026

sosial media

İqtisadçı alim Qubad İbadoğlu sentyabrın 29-da Azərbaycanı tərk edərək Almaniyaya gedib. Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqovanın sözlərinə görə, istintaq orqanı onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv olunması barədə qərar qəbul edib. Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qərar Q.İbadoğlunun səhhətində yaranan ciddi problemlərlə əlaqədar qəbul edilib. “Qubad İbadoğlu istintaqdan yayınmayacağına dair iltizama imza atıb. Təcili əməliyyat olunması üçün Almaniyaya gedib. Cinayət işi üzrə istintaqın gedişi ilə bağlı hələ yekun qərar yoxdur. Ümid edirik ki, yaxın vaxtlarda işə xitam veriləcək”, - vəkil deyib. Qubad İbadoğlu “Azadlıq” qəzetinə açıqlamasında zərurət yaranarsa, ürəyində açıq əməliyyat olunacağını bildirib. Qubad İbadoğlu 2023-cü...
Siyasət

Rusiyada yaşayan daha bir fəal Azərbaycanda həbs olunub

29 Sentyabr 2026

şəxsi arxivi

Rusiyada yaşayan talış hüquqları fəalı Hafiz İsmayılov Azərbaycanda həbs olunub. Bu barədə "Toplum TV"yə məlumat verən fəal Əli Ağayev bildirib ki, H.İsmayılov bu yaxınlarda atasının ölümünün il mərasimində iştirak etmək üçün Azərbaycana səfər edib və sentyabrın 6-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun sözlərinə görə, həbs barədə yalnız sentyabrın 27-də məlumat almaq mümkün olub. Fəal barəsində həbs qətimkan tədbiri seçildiyi və Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir. Həbs barədə DTX-nin açıqlaması yoxdur.  Ə.Ağayev fəalın həbsini onun sosial mediadakı tənqidi paylaşımları, xüsusilə son illərdə Azərbaycanda talış fəal və...

Seçilmiş Videolar

Toplum TV loqo