Siyasət

Yaxınları: “Aynur Elgünəşin səhhəti kritikləşib, təcili müalicəyə ehtiyacı var”

16 Oktyabr, 2026
25

sosial media

“Meydan TV” nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin kritik həddə çatdığı bildirilir.

Bu barədə jurnalistin yaxınları “Meydan TV”yə məlumat veriblər.

Məlumata görə, ultrasəs müayinəsi (USM) zamanı üç dəfə eyni nəticə qeydə alınıb. Həkimin rəyinə əsasən, jurnalistin böyrəyinin fəaliyyətində ciddi problem yaranıb və təcili tibbi müdaxiləyə ehtiyac olduğu bildirilib. Buna baxmayaraq, onun bir dəfə də yoxlanması gərəkdiyi deyilərək, müalicə müəssisəsinə köçürülməsi gecikdirilib.

Yaxınlarının sözlərinə görə, onun vəziyyəti oktyabrın 14-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında daha da pisləşib. Onlar deyir ki, orada diaqnoza uyğun müalicə təyin edəcək həkim yoxdur. 

Məlumata əsasən Aynur Elgünəşin arterial təzyiqi əvvəlcə 150/80-ə yüksəlib, üzünün rəngi saralıb, diafraqma nahiyəsində sıxılma yaranıb və nəfəs almaqda çətinlik çəkib. Təzyiqi salmaq üçün dərman qəbul etdikdən sonra isə göstərici 80/50-yə qədər enib.

“Aynur böyrəyindəki təzyiqə görə əziyyət çəkir, insan stabil təzyiq görmür. Belə laqeyd yanaşmanı işgəncə adlandırmaq olar. Müalicə almaq üçün o mütləq Müalicə Müəssisəsinə aparılmalıdır. Hər ötən gün onun əleyhinə işləyir və geridönməz fəsadlar yarana bilər. Daxildə gedən prosesin kritik olduğunu onun üzündən anlamaq olar artıq. Çəki itirib, gözləri çuxura düşüb, çox solğun görünür, tez-tez də ağrıları olur. Bu sağlamlıq məsələsidir və bunun ciddiyyətinə varmaq lazımdır. Nəyi gözləyirlər, anlamırıq. Biz yaxınları olaraq Aynur Elgünəşin səhhəti ilə bağlı həyəcan təbili çalırıq”, - deyə jurnalistin yaxınları bildiriblər.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi” üzrə həbs ediliblər.
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hicablı şagirdlər üçün onlayn platforma yaradan fəalın bir ay  həbs edildiyi bildirilir

16 Oktyabr 2026

şəxsi arxivi

İctimai fəal və vizual sənətçi İlkin Hüseynovun 30 sutka müddətinə inzibati həbs edildiyi bildirilir. Bu barədə fəalın yaxınları məlumat yayıb. Onların sözlərinə görə, İlkin Hüseynov polisin qanuni tələbinə tabe olmama ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müddəası əsasında təqsirli bilinib. Onun hansı məhkəmənin qərarı ilə həbs edildiyi və işin digər təfərrüatları barədə rəsmi məlumat almaq mümkün olmayıb. İlkin Hüseynovun saxlanılması ilə bağlı ilk məlumatlar oktyabrın 14-də yayılmışdı. İctimai fəal Cavid Ağa həmin gün sosial şəbəkədə Hüseynovla əlaqə saxlamağın mümkün olmadığını bildirib. Onun sözlərinə görə, saat 16:00 radələrində Bakının İzzət Nəbiyev küçəsində yaşayan Hüseynovun evinə naməlum şəxslər gəlib. Fəal həmin şəxslərlə birlikdə...
Siyasət

Azərbaycan hicab qadağasını tənqid edən türkiyəli jurnalisti beynəlxalq axtarışa verib

16 Oktyabr 2026

sosial media

Azərbaycan Baş Prokurorluğu hicab qadağasını tənqid edən türkiyəli jurnalistə qarşı cinayət işi açıb.  Baş Prokurorluğun mətbuat xidmətinin oktyabrın 16-da yaydığı məlumata görə, barəsində cinayət işi açılan şəxs “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, Anadolu Mətbuat Birliyinin direktor müavini Cəlal Çiftçidir.  Çiftçiyə qarşı Cinayət Məcəlləsinin 281.2 (hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi açılıb....

Seçilmiş Videolar

Toplum TV loqo