Məktəblərdə hicab qadağasına etiraz edən AXCP üzvü və qızına cinayət işi açıldığı deyilir
açıq mənbə
Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəsimi Rayon Şöbəsinin üzvü Mətanət Turan və qızı Nəzrin Mahmarzayeva barəsində cinayət işi açıldığı bildirilir.
AXCP üzvü Gülnarə Rəhimova “Toplum TV”yə bildirib ki, onlar hicablı şagird və müəllimlərə dəstək məqsədilə məktəblərin qarşısına gedib, etirazlarını dinc şəkildə ifadə ediblər.
Onun sözlərinə görə, ana və qız oktyabrın 14-də səhər saat 10:00-11:00 radələrində həmin ərazilərdən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıblar.
Məlumata əsasən, onlar hazırda da polis idarəsində saxlanılırlar. Onların oktyabrın 16-da məhkəmə qarşısına çıxarılacağı bildirilib.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 233-cü - ictimai qaydanı pozan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə cinayət işi başlanıb.
Bu maddə üzrə 5 min manatdan 8 min manatadək cərimə, yaxud 2 ilədək islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Daxili İşlər Nazirliyinin və Abşeron Rayon Polis İdarəsinin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
Son həftələr ölkənin bir sıra məktəblərində hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar yayılıb. Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqinə dair qərarından sonra baş verib. Qərarda hicabın qadağan olunması birbaşa qeyd edilməsə də, bəzi məktəblər qərarı dünyəvilik prinsipinə zidd geyimlərə icazə verilməməsi kimi tətbiq edib.
Qərar inanclı fəalların və bəzi valideynlərin etirazına səbəb olub. Onlar qərarın hicablı şagirdlərin təhsil hüququnu məhdudlaşdırdığını bildirirlər.
Bununla bağlı on günlə bir çox məktəblərdə valideynlər və şagirdlər etiraz aksiyası keçirirlər.
Daxili İşlər Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və "ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfərin saxlanıldığını bəyan edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
"Tədbirlərin əsas məqsədi nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır", - məlumatda bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İrana bağlı olduğu bildirilən haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb
sosial media
“Hürriyyət”in həbsdə olan baş redaktorunun vəkili: ‘Ürəyindən təcili əməliyyat olunmalıdır’
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır