Sosial

Azərbaycan ordusunda psixoloji hazırlıq - "Peşəkar hərbi psixoloqlar yox səviyyəsindədir"

9 Sentyabr, 2021
4527

warontherocks.com

"İntiharların çoxu əsgərlər evə gedib qayıtdıqdan sonra baş verir. Əslində, əsgərə 6 aydan sonra məzuniyyət verilməməlidir, qanunla o, 1 il sonra göndərilməlidir".

Hərbi ekspert Telman Əbilov orduda baş verən intihar hadisələri ilə bağlı “Toplum TV”-yə danışarkən belə deyib. 

Sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə məlumat yayılıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri həyata keçirilib. 

Bildirilir ki, cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. 
  
Daha öncə, avqustun 28-də də Müdafiə Nazirliyi əsgər Həziyev Çingiz Ramin oğlunun xidmət etdiyi hərbi hissədə intihar etdiyi barədə məlumat yaymışdı. Nazirlikdən hadisənin ailə-məişət problemləri səbəbindən baş verdiyi bildirilib.  

Azərbaycan ordusunda psixoloji hazırlıq hansı durumdadır? 

Hərbi ekspert Şair Ramaldanov deyir ki, Azərbaycan Silahlı Qüvvələrində psixoloji duruma yetərli qədər əhəmiyyət verilir: “Hərbi xidmətdə olan insanın psixoloji durumu yüksək olmasa, hansısa nailiyyətlər əldə edə bilməz. Hərbçinin psixoloji hazırlığı bilavasitə onun vəzifə borclarını yerinə yetirməyə təsir edən amildir. Bu baxımdan Azərbaycan ordusunda da psixoloji hazırlıq, o cümlədən əsgərlərlə bu istiqamətdə aparılan işlər yüksək səviyyədə həyata keçirilir. Biz bunun nəticəsini 44 günlük müharibədə də gördük. Əgər Azərbaycan ordusunda  mənəvi psixoloji hazırlıq aşağı olsaydı, bu qələbədən danışmaq olmazdı. Azərbaycanda istər hərbi məktəblərdə, istər hərbi liseylərdə, istərsə də ali məktəblərdə mənəvi-psixoloji hazırlıq aparıcı fənlər sırasındadır”.  

Şair Ramaldanov - Açıq mənbələrdən götürülüb

Ekspert son intihar hadisələrinə də münasibət bildirib: “Bildiyiniz kimi hərbçi də, keçmiş hərbçi də insandır və onun həyatı sadəcə hərbi ilə bağlı deyil. Çox zaman ailə-məişət zəminində baş verən və ya xidmətlə bağlı olmayan hansısa problemlər hərbçiləri bu addımı atmağa məcbur edir. Biz onsuz da həmin intihar edən şəxslərin bunu konkret olaraq hansı səbəbdən etdiklərini bilmirik. Məndə olan məlumatlara görə, bunlar daha çox hərbi xidmətlə yox, digər sosial problemlər nəticəsində baş verən hadisələrdir”.   

Digər hərbi ekspert Telman Əbilov isə düşünür ki, psixoloji hazırlıq və əsgərlərin taleyinə qayğı məsələsində Azərbaycan ordusunda ciddi problemlər var: “Bu intiharların əsas səbəbləri nizamnamədən kənar hərəkətlərdir. Son intiharı misal göstərsək, əsgər 6 ay qulluq etdikdən sonra evə göndərilib. Məzuniyyətdən qayıtdıqdan iki gün sonra isə meyidi gəlib. Ümumiyyətlə, intiharların çoxu əsgərlər evə gedib qayıtdıqdan sonra baş verir. Əslində, əsgərə 6 aydan sonra məzuniyyət verilməməlidir, qanunla o, 1 il sonra göndərilməlidir. Onu 6 ay sonra məzuniyyətə göndərirlərsə, burada məqsəd güman ki, onun evdən pul gətirməsidir. Sonra əsgərin gətirdiyi pulu bölüşdürərkən komandirlər arasında mübahisə yaranır. Əksər hallarda da əsgər həmin mübahisənin qurbanı olur və intihar edir. 18 yaşlı uşaq bu cür psixoloji sarsıntılara hazır deyil”.  

Telman Əbilov - Sosial Media

“Bizim ordumuzda ən böyük bəlalardan biri budur. Əsgərlərimizin çoxu zabitlərin maddi maraqlarının obyektinə çevrilir. Təəssüf ki, rüşvətxorluq və korrupsiya halları bəlkə də ən çox bizim ordumuzdadır”, - deyə ekspert qeyd edib.  

Orduda intihar hallarının qarşısının alınması üçün nə kimi tədbirlər görmək olar? 

Psixoloq Azad İsazadə deyir ki, Azərbaycan ordusunda psixoloji hazırlıq yetərli səviyyədə deyil: “İstər orduda, istər digər güc strukturlarında peşəkar psixoloq çox azdır. Psixoloji iş tərbiyə üzrə komandir müavinlərinin üzərinə düşür və onlar da peşəkar psixoloq olmadıqlarına görə bu işin metodikasını, eyni zamanda diaqnostikanı tam bilmirlər. Sadəcə bacardıqları səviyyədə və öz planlarına uyğun tərbiyə işi aparırlar. Halbuki psixoloji hazırlığın bir neçə mərhələsi var, gənc əsgərin psixoloji hazırlıq proqramı ayrıdır, peşəkar hərbçininki ayrı”.  

Azad İsazadə - Sputnik

Mütəxəssisin fikrincə, hər bir hərbi hissədə hərbi psixoloq vəzifəsi yaradılmalıdır: “Gənc zabitləri psixoloji diaqnostikadan keçirmək lazımdır. Məsələn, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə yeni işçi götürülərkən onlar psixoloji müayinədən keçirlər. Hətta həmin qurumların daxilində psixoloji laboratoriyalar fəaliyyət göstərir. Hansısa formada orduda da bunu yaratmaq lazımdır. Ayrıca hərbi psixoloji elmi araşdırma mərkəzləri də fəaliyyət göstərməlidir. Peşəkar hərbi psixoloqlar hazırda yox səviyyəsindədir. Ona görə də təklif edərdim ki, psixologiya fakültələrində hərbi psixoloq olmaq üçün oğlanların əvvəlcədən xüsusi proqramla hazırlığını təşkil etmək olar”.  

Müdafiə Nazirliyindən isə bu kimi intihar hallarının qarşısının alınması üçün hansı tədbirlər planının həyata keçirildiyi ilə bağlı “Toplum TV”-nin sorğusuna cavab almaq mümkün olmayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

24 İyul 2026

Xəzər TV

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.  "Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib. Onlar ərizələrində bildirib ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər və xətt artıq tamamilə yararsız vəziyyətdədir.  "İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur", - ərizədə qeyd olunub.  Bakı İnzibati Məhkəməsi sakinlərin...
Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...

Seçilmiş Videolar

Toplum TV loqo