Sosial

DİM-dən açıqlama: “Sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulmur”

9 Fevral, 2021
2506

BBC

“Bizim təklifimizdən sonra Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirməyi proqnozlaşdırdığı 9-cu sinif buraxılış imtahanlarının test modellərinə dəyişiklik etdi. Belə ki, əvvəlkindən fərqli olaraq bu il 9-cu sinif buraxılış imtahanlarında bütün test tapşırıqları qapalı modeldə olacaq”.

Bunu “Toplum TV”-yə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Koronavirus pandemiyası səbəbilə 2020-ci ilin mart ayından etibarən aralıqlarla ənənəvi qaydada fəaliyyətini dayandıran təhsil müəssisələri fevralın 1-dən sonra açılıb.

Bu durumda orta məktəblərin və repititor hazırlıqlarının fəaliyyətini dayandırması buraxılış və qəbul imtahanlarının nəticələrinə necə təsir edəcək?  

Kamran Əsədov (Foto: Sosial Media)

Kamran Əsədov deyir ki, 2021-ci ildə keçiriləcək imtahanlarda bir ildir davam edən pandemiyanın yaratdığı problemlər nəzərə alınmalıdır: “Qəbul və buraxılış imtahanlarında pandemiyanın, eyni zamanda 44 günlük müharibənin təsirləri nəzərə alınmazsa və təqdim olunan test tapşırıqlarının ağırlıq dərəcələri əvvəlki qaydada saxlanılarsa şagirdlər üçün birmənalı şəkildə çox çətin olacaq. Dövlət İmtahan Mərkəzi bu nüansı xüsusilə nəzərə almalıdır ki, 2020-ci ilin mart ayından etibarən ölkədə tədrisin təşkilində ciddi problemlər yaranıb. Eyni zamanda şagirdlərimiz hazırlıq kursları və repititorların da fəaliyyətindən məhrum qalıblar. Bunlar nəzərə alınmalıdır və alınacaq da”.
 
Ekspert bildirib ki, Dövlət İmtahan Mərkəzinə (DİM) verdikləri təklif qəbul edilərək imtahanlara bəzi dəyişikliklər olunub: “Bizim təklifimizdən sonra DİM 2021-ci ildə keçirməyi proqnozlaşdırdığı 9-cu sinif buraxılış imtahanlarının test modellərinə dəyişiklik etdi. Belə ki, əvvəlkindən fərqli olaraq bu il 9-cu sinif buraxılış imtahanlarında bütün test tapşırıqları qapalı modeldə olacaq və heç bir fərqli tipdən istifadə olunmayacaq. Eyni zamanda qəbul və buraxılış imtahanlarında şagirdlərə əlimizdə olan birinci mövzulardan suallar veriləcək. Bütün hallarda test tapşırıqları asan və orta tipli olmazsa bu ilki imtahanların nəticələrinin bir qədər aşağı olacağı gözlənilir”. 

K.Əsədovun sözlərinə görə, abituriyentlərin sınaq imtahanlarında iştirak etməmələri də bəzi problemlərə yol açacaq: “Dərslər onlayn qaydada keçirilir, imtahanlar isə ənənəvi qaydada olacaq. Şagirdlərimiz cavab kartları üzərində işləmək üçün müəyyən bacarıqlara sahib deyillər və sınıq imtahanlarında da iştirak etməyiblər. Bu amillərin onların imtahan nəticələrinə təsir göstərəcəyini düşünürəm. Orta və asan tipli test tapşırıqları olarsa və ən azından bir neçə dəfə sınaq imtahanları keçirilərsə, ciddi bir fərq yaranmaz. Burada digər bir məqamı da qeyd edim, 2020-ci ilin qəbul imtahanlarının nəticələri 2019-cu illə müqayisədə daha yaxşı idi. 2019-cu ildə 700 bal toplayan abituriyent yox idi, amma 2020-ci ilin mart ayından orta məktəblərdə dərslərin keçilməməsinə baxmayaraq bir neçə nəfər 700 bal topladı. Digər tərəfdən biz təhsilin keyfiyyətini heç də imtahanlarda yüksək bal toplayanların sayı ilə ölçməməliyik. Burada önəmli məqam şəxsiyyət yetişdirmə prinsipidir. Şagirdlərin problemli situasiyadan çıxış, cəmiyyətə inteqrasiya və ünsiyyət bacarıqları onların şəxsiyyət kimi formalaşmasına təsir göstərən əsas amillərdir”. 

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə imtahanlarla bağlı uyğun tədbirlər planı hazırlandığını bildirib: “Pandemiya ilə əlaqədar 2021-ci ildə təlim-tədris prosesi ənənəvi qaydada təşkil edilmədiyi üçün müəyyən tədbirlər həyata keçirilib. Bunlardan biri qəbul imtahanı proqramının sadələşdirilməsi ilə bağlıdır. Keçirilən imtahanların abituriyentlərin bilik səviyyələrinə uyğun olması üçün proqramdan müəyyən mövzular çıxarılıb və sadələşdirmə işləri ilə əlaqədar olaraq “Abituriyent” jurnalının 1 saylı buraxılışı dərc olunub. Digər dəyişiklik ondan ibarətdir ki, biz bu il də qəbul imtahanlarının iki dəfə keçirilməsini planlaşdırırıq. Ötən il pandemiya ilə əlaqədar olaraq bir dəfə keçirmişdik, amma bu il abituriyentlərə iki dəfə şans veriləcək”.

Xanlar Xanlarzadə (Foto: AZƏRTAC)

Mətbuat katibi 9-cu sinif buraxılış imtahanlarında da bəzi dəyişikliklər olduğunu vurğulayıb: “9-cu sinif buraxılış imtahanları iki mərhələdən ibarət idi, amma indi, sadəcə, bir mərhələ olacaq. Eyni zamanda burada da sadələşdirilmə işləri aparılaraq proqramdan müəyyən mövzular çıxarılıb. Məsələn, 9-cu sinifin ikinci yarımilində keçilən mövzular daha aşağı sinif həcmində soruşulacaq”. 

Sınaq imtahanları ilə bağlı hələki məlumat verə bilmədiyini deyən Xanlarzadə bunun sanitar-epidemioloji vəziyyətdən asılı olduğunu qeyd edib: “Cari durumda ənənəvi sınaq imtahanlarının keçirilməsini nəzərdə tutmuruq, amma vəziyyət əlverişli olarsa məsələyə yenidən baxıla bilər. Bununla yanaşı, DİM tərəfindən “Otk.az” portal vasitəsilə onlayn sınaq imtahanları keçirilir. Saytda 9 və 11-ci sinif buraxış, ali təhsil müəssisələrinə qəbul, magistratura, rezidentura və doktorantura imtahanları kimi bütün sınaq növləri üzrə onlayn qaydada imtahanlar təşkil olunub”. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo