Açıq mənbələrdən götürülüb
“Təklif edilən dəyişikliklər vətəndaşların məhkəməyə müraciətlərinin qarşısını almaq məqsədi güdür. Avropa Məhkəməsi şəxslərin yüksək dövlət rüsumlarına görə məhkəməyə müraciət edə bilməməsini Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu hesab edir”.
Vəkil Fariz Namazlı “Toplum TV”-yə açıqlamasında belə deyib. O hesab edir ki, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulmuş məbləğlər həddən artıq şişirdilib.
Milli Məclisin iyunun 25-də keçiriləcək iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri müzakirə ediləcək. Layihədə məhkəmə sənədləri üçün dövlət rüsumunun tətbiqi halları və rüsum dərəcələrinin artırılması təklif olunur.
Layihəyə əsasən, məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun yeni dərəcələri aşağıdakı kimi olacaq.
Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:
- iddia qiyməti 1000 manatadək olduqda - 30 manat;
- iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatadan yuxarı olan iddia qiymətinin 1 faizi;
- iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda – 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi;
- iddia qiyməti 100000 manatdan 1000000 manatadək olduqda – 390 manat+100000 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi;
- iddia qiyməti 1000000 manatdan çox olduqda – 1290 manat+1000000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla).
- fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə – 100 manat.
Bundan başqa, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyənləşir.
Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) səviyyəsində müəyyənləşir.
İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardan şikayət verilməsinə görə dövlət rüsumunun 50 manat olması təklif edilir. Apelyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 50 faizi səviyyəsində olacaq.
Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə dövlət rüsumunun 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat olması təklif edilir.
Layihəyə əsasən, bu dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.
Rüsumlar niyə artılır?
“Toplum TV”-yə danışan hüquqşünas Rəsul Cəfərov yeni qiymətlərin çox yüksək olmadığı qənaətindədir:
“MDB ölkələri ilə müqayisə etsək, qiymətlər demək olar ki, eynidir. Avropa ölkələri və ABŞ-la müqayisədə isə bizdə daha azdır. Xüsusilə Amerika və İngiltərədə məhkəmə ilə bağlı xərclər kifayət qədər yüksəkdir. Qiymətlərdə şişirtmə olduğunu və vətəndaşların hüquq təminatının qarşısını almaq məqsədi güddüyünü düşünmürəm. Bu səbəbdən dəyişikliklərə münasibətim neytraldır”.
Qüvvədə olan qanuna əsasən, hazırda dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
8.1. Məhkəməyə verilən iddia ərizələrindən:
8.1.1. iddia qiyməti 500 manatadək olduqda 20 manat
8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda 30 manat
8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:
8.2.1. iddia qiyməti ilə bağlı olduqda bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu
8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat
8.3. Məhkəmə əmri haqqında ərizələrdən 20 manat
8.4. Apellyasiya və kassasiya şikayətlərindən:
8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən; bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat
8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 40 manat
8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
8.4.7. vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə 10 manat
8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən 20 manat
8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə 40 manat
8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat
8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 20 manat
8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən 30 manat
Yeni dəyişikliklərin 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Vəkil Türkel Süleymanlı hesab edir ki, dövlət rüsumlarının artırılmasının hansı zərurətdən irəli gəldiyi cəmiyyətə açıqlanmalıdır:
“Məbləğin yarısı birbaşa məhkəmə təminatına, məhkəmə işçilərinə xərclənəcək. Ola bilsin ki, onların maaşları çox aşağıdır və çətinlik çəkirlər. İstənilən halda, rüsumlar təyin olunarkən Azərbaycanda insanların ortalama gəlirləri nəzərə alınmalıdır. Yoxsa qiymətlərin artırılması vətəndaşın mənafeyinə ziyan vurmuş olacaq. Rəqəmlərdən də gördüyümüz kimi, yeni variantda insanlardan külli miqdarda rüsum istənilir. Əgər bunu kommersiya münasibətlərinə aid etmiş olsaydılar, yenə də anlamaq olardı”.
T.Süleymanlı başqa bir məqama da diqqət çəkib: “Bəli, bəzi xarici ölkələrdə rüsumlar həqiqətən də çox yüksəkdir, amma onu da nəzərə almaq lazımdır ki, insanların ədalət muhakiməsinə inam məsələsi çox önəmlidir. Yəni İngiltərədə və ya digər ölkələrdə insanlar iddia qaldırarkən bilirlər ki, ödədikləri rüsum sonda onlara qaytarılacaq. Bizdə isə bəzən işlər aylarla, illərlə uzadılır və vətəndaş hər dəfə rüsum ödədikcə, məhkəmə qərarıyla alacağı məbləğin yarısı rüsumlara xərclənmiş olur”.
“Rüsumlar üçün aşağı gəlirli şəxslərə hansısa güzəştlər edilsə idi, yenə də qəbul edilərdi, amma bu rüsumlar hər kəsə şamil edilir. Düşünürəm ki, bu tipli məsələlər geniş müzakirə olunmalıdır. Bizim parlamentdə isə qanun dəyişikliyi səsverməyə qoyulacaq və 125 deputatın 124-ü lehinə səs verəcək. Halbuki uzunmüddətli müzakirələr keçirilməli və deputatlar da bilməlidirlər ki, bu cür məsələlərə görə öz seçiciləri qarşısında cavab verəcəklər. Amma təəssüf ki, bizdə belə bir şey olmayacaq”, - deyə vəkil bildirib.
“Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliklə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən münasibət öyrənmək mümkün olmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Trend
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?