Dünya

Trampın Ukraynadan tələbi: səfərbərlik yaşı azaldılsın

14 Yanvar, 2025
170

AP

ABŞ-nin yeni prezidenti Donald Trampın Ukrayna məsələsində necə hərəkət edəcəyi o seçildikdən bəri ən çox müzakirə olunan mövzulardan biridir.

Artıq bu məsələ ətrafında tam olmasa da, xeyli aydınlıq yaranıb. Yanvarın 20-dən etibarən prezidentin milli təhlükəsizlik üzrə müşaviri olacaq Mayk Uoltsun “ABS News”a müsahibəsi bu baxımdan önəmlidir. 

Müsahibədə ən vacib və eyni zamanda gözlənilməz məqam budur ki, M.Uolts Ukraynada səfərbərlik yaşının 18 yaşa qədər endirilməsinin zəruri olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna ordusunda əsgər çatışmazlığı var, yüz minlərlə yeni çağırışçı cəlb olunmalıdır ki, cəbhə xəttində vəziyyət stabilləşsin və Rusiya tərəfi ilə danışıqlarda sövdələşmə əldə etmək mümkün olsun. Hazırda Ukraynada çağırış yaşı 25-dən başlayır. 

M.Uolts haqlıdır. Həqiqətən də Rusiyanın hər ay müqavilə əsasında orduya 30 min əsgər cəlb etdiyi və fasiləsiz “ət hücumları” üçün lazımi ehtiyat yaratdığı bir məqamda Ukrayna ordusunda canlı qüvvə çatışmazlığı özünü göstərir. Bir çox hərbi birləşmə tam komplektləşdirilməyib, bu da döyüş qabiliyyətinə mənfi təsir göstərən əsas amildir. Lakin səfərbərlik yaşını birdən-birə 18-ə endirmək kimi radikal addıma getmək Ukrayna üçün asan məsələ deyil. 

Ən əvvəl ona görə ki, bu gənclər Ukrayna xalqının genefondudur. Müharibə başladıqdan sonra 8 milyon insanın vətəni tərk etməsi, ölkədə doğum səviyyəsinin aşağı olması, eləcə də cəbhədəki itkilər səbəbi ilə Ukraynada ciddi demoqrafik böhran yaşanır. Belə vəziyyətdə 18-25 yaş arası gəncləri də odun-alovun içinə atmaq xalqın və dövlətin gələcəyi baxımından böyük risk deməkdir. Digər tərəfdən, bu qərar ölkədə böyük sosial gərginlik yarada və bunun da öz növbəsində Zelenski hökuməti üçün xoşagəlməz siyasi nəticələri ola bilər. Ukrayna hökuməti eyni səbəbdən ötən il səfərbərlik yaşını 27-dən 25-ə çox çətinliklə endirə bilmişdi. Ali Rada uzun müzakirələrin nəticəsində 2024-cü ilin aprelində səfərbərlik haqqında qanuna bu barədə dəyişiklik və əlavələr etmişdi. 

Qeyd etmək lazımdır ki, 25 yaşı tamam olanların orduya cəlb edilməsi işi ötən müddətdə uğurla aparılmayıb. Müharibənin ilk həftələrində və aylarında Ukrayna cəmiyyətində müşahidə olunan entuziazm artıq yoxdur. Orduya könüllü yazılanların sayı xeyli azalıb. Ərazi komlektləşdirmə mərkəzləri (hərbi komissarlıqlar) həm bu səbəbdən, həm də qeydiyyat ünvanları ilə yaşayış ünvanlarının eyni olmaması və digər texniki səbəblərdən bu işi lazımi səviyyədə həyata keçirə bilmir. Yəni əslində hazırkı çağırış yaşı şkalasında potensial hələ qalır, sadəcə prosesin effektivliyini yüksəltməyə ehtiyac var. Ona görə də Ukrayna rəhbərliyi səfərbərlik yaşının 18-ə qədər aşağı salınmasına çətin razı olsun. Amma Tramp administrasiyasının mövqeyini inkar etmək də mümkün deyil, bu səbəbdən səfərbərlik yaşının bəlkə 2-3 yaş aşağı salınması mümkün ola bilər.

Mayk Uoltsun mövqeyində Ukrayna üçün müsbət qiymətləndirilə biləcək məqam ondan ibarətdir ki, Tramp administrasiyası Ukraynaya hərbi yardımı dayandırmaq niyyətində görünmür. Seçkilərdən üzü bəri əsas sual məhz bundan ibarət idi ki, Tramp dövründə ABŞ Ukraynaya dəstəyi davam etdirəcək, ya yox? Səfərbərlik yaşını endirmək o deməkdir ki, Ukraynaya çox böyük həcmdə silah-sursat və digər təchizat verilməlidir. Çünki yüz minlərlə əsgəri təchiz etmək, onların xərclərini ödəmək ABŞ-ın və Avropanın dəstəyi olmadan mümkün deyil. Şübhəsiz ki, M.Uolts da bunu çox yaxşı bilir. 

Başqa maraqlı məqam budur ki, səfərbərlik yaşının 18-ə endirilməsi əslində Bayden administrasiyasının istəyidir. Bu da onu göstərir ki, yeni administrasiya Ukrayna ilə bağlı hazırkı siyasəti bəzi korrektələr və fərqli yanaşmalarla davam etdirəcək. Seçkilərdən bu yana keçən qısa zamanda Trampın mövqeyi Ukraynaya yardımları kəsib 24 saata müharibəni dayandırmaqdan Ukraynada yeni səfərbərlik həyata keçirməyə qədər transformasiyaya məruz qaldı. Bu, bir daha onun təsdiqidir ki, seçkiqabağı ritorika ilə rəsmi siyasət arasında fərq olur və ABŞ prezidenti xarici siyasətin müəyyənləşməsində söz sahibi olsa da, dövlət qurumlarının və müşavirlərin onun yekun qərarlarına təsiri az deyil. 

Trampın sülh planı hələ ki yazılı şəkildə masaya qoyulmayıb. Amma Ukraynanın Tramp və Putin arasındakı alverdə sanki bir əşya kimi Rusiyaya təhvil veriləcəyi barədə səslənən iddiaların spekulyasiya olduğunu söyləməyə əsas var.

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya əsirliyində azı 206 ukraynalı hərbçi ölüb 

27 May 2025

Foto: AP Photo

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan bəri azı 206 ukraynalı hərbçi Rusiya əsirliyində həlak olub. Bu barədə “The Associated Press" (AP) Ukrayna Baş Prokurorluğunun məlumatlarına istinadən xəbər verir. İnsan haqları qrupları, BMT, Ukrayna hökuməti və məhkəmə-tibb ekspertinin fikrincə, Rusiya həbsxanalarındakı qəddar rəftar ölüm səbəblərinin əsasını təşkil edib. AP mənbələri bildiriblər ki, ölümün səbəbini müəyyən etmək həmişə mümkün olmur, çünki bəzi hallarda qurbanların daxili orqanları çıxarılmış olur, bəzi hallarda isə qançırlar və xəsarətlər gizlədilir. Ukraynanın Hərbi Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahının sözçüsü Petro Yatsenko bildirib ki, Rusiya “cəsədləri heç nə müəyyən edilə bilməyən vəziyyətə çatana qədər saxlayır”.  Ukrayna rəsmiləri hesab...
Dünya

Gürcüstanda müxalifət lideri məhkəmə zalında həbs olunub

23 May 2025

Foto: AP

Gürcüstan müxalifətinin liderlərindən biri Zurab Caparidze mayın 22-də məhkəmə zalında həbs olunub.  “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən olan Caparidze Gürcüstan parlamentinin Müvəqqəti İstintaq Komissiyasının qanuni tələblərinə əməl etməməkdə günahlandırılır. O, komissiyanın iclaslarına qatılmaqdan imtina edib.  Buna görə Tbilisi Şəhər Məhkəməsi Caparidzenin barəsində əvvəllər 20,000 lari məbləğində girov təyin edib.  Mayın 22-də isə girov ləğv edilərək, həbs qətimkan tədbiri seçilib. Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsinə əsasən, parlamentin istintaq komissiyasının qanuni tələblərinə əməl etməmək bir ilə qədər azadlıqdan məhrumetmə və ya üç ilə qədər vəzifə və fəaliyyət qadağası ilə cəzalandırıla bilər. Caparidze məhkəmə zalında qandallanarkən “Biz sonda qalib gələcəyik” deyə qışqırıb.  Məhkəmə önündə...

Seçilmiş Videolar

Toplum TV loqo