Sosial

“Mən Mədəniyyət Nazirliyini şəffaflığa dəvət edirəm” 

9 İyun, 2021
2193

"Məryəm" filmindən kadr

 
“Mən Mədəniyyət Nazirliyini şəffaflığa dəvət edirəm. Əmin olaq ki, avadanlıqların alışı zamanı arada hansısa pullar it-bata düşməyib”.
 

Bunu “Toplum TV”-yə kinoşünas Sevda Sultanova deyib.  

Maliyyə naziri Samir Şərifov iyunun 8-də Milli Məclisdəki çıxışı zamanı Mədəniyyət Nazirliyinin ünvanına tənqidi fikirlər səsləndirib, deyib ki, qurum “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası” adlı layihə hazırlayıb və Maliyyə Nazirliyinə təqdim edib, amma sonuncusu layihəni qəbul etməyib, həm də bir neçə dəfə: “Çünki orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə biz hər hansı ekran əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”. 
 
Mədəniyyət Nazirliyi Şərifovun iradına cavab verib, xatırladıb ki, layihə “Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanıb” (“Report”).  

Cavabda həmçinin qeyd olunub ki, nazirlik II Qarabağ müharibəsindəki qələbəyə həsr olunmuş  "Böyük Qayıdış" film layihələri müsabiqəsi elan edib: “Dünya təcrübəsinə uyğun olaraq mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq pitçinq yolu ilə seçilməsi mexanizmi tətbiq olundu və Vətən müharibəsinə həsr olunan 11 qısametrajlı (bədii, sənədli və animasiya) film istehsala buraxılmaqdadır”.  

“1982-ci ildən bugünədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası üçün kinotexnika avadanlıqları alınıb və artıq "Fəryad 2", "Məryəm" və "Mərmər Soyuğu" tammetrajlı bədii filmlərin istehsalına başlanılıb. Eyni zamanda, 1965-ci ildən bəri heç vaxt təmir edilməmiş “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının yenilənməsi ilə bağlı müvafiq tədbirlər görülür”, - nazirlik istehsal tələb olunan kinostudiyanın uzun illər təmirsiz və texnikasız olması faktını bu dolayı cümlələrlə ifadə edib.      

Sevda Sultanova - Açıq mənbələrdən götürülüb

Amma kinoşünas Sevda Sultanova maliyyə nazirinin tənqidini doğru hesab edir: “Samir Şərifov səsləndirdiyi bütün fikirlərdə haqlıdır. Mədəniyyət Nazirliyinin kino şöbəsinin  açqlaması onun arqumentləri qarşısında zəif görünür. Birincisi, kino şöbəsi “Azərbaycanfilm” üçün aldığı avadanlığın maliyyə hesabatını verməlidir. Məndə olan məlumata görə, xərclənən məbləğ 3 milyona yaxındır. Mən onları şəffaflığa dəvət edirəm, əmin olaq ki, avadanlıqların alışı zamanı arada hansısa pullar it-bata düşməyib. İkincisi, kino çəkmək üçün ölkədə ucuz qiymətə kino avadanlığını kirayəyə verən yetərincə prodakşnlar var. Bu avadanlıqları kirayayə götürüb 3 milyona xeyli film çəkmək olardı”.

Ekspert nazirliyin açıqlamasında qeyd olunmuş filmlərlə bağlı da qaranlıq məqamlar olduğunu bildirib:  “Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov müxtəlif müsahibələrində deyib ki, film layihələri pitçinq yolu ilə seçiləcək. “Fəryad 2”, “Məryəm”, “Mərmər soyuğu” filmlərinin pitçinqi niyə keçirilməyib? Onlar hansı əsasla istehsalata buraxılıb? Kino şöbəsi deyə bilər ki, bu filmlər xarici kino şirkətləri ilə müştərək çəkildiyindən istehsalata buraxılır. Bütün hallarda onlar pitçinqdən keçməli və bu proses şəffaf olmalı idi. Üstəlik, kino şöbəsi deyir ki, bundan sonra kinoda prioritet mövzu Qarabağ olacaq. “Fəryad 2” filmini çıxmaqla, digər filmlərin mövzusunun Qarabağla əlaqəsi yoxdur”.  

Fariz Əhmədov - Sosial Media

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş direktoru Fariz Əhmədov mayın sonlarında “Həftə içi” qəzetinə verdiyi müsahibədə görülən və görüləcək işlərdən danışıb: “Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibləri  “Müharibənin uşaqları” və “Fulya” adlı sənədli film layihələri “Azərbaycanfilm” tərəfindən istehsal ediləcək. Bakı Media Mərkəzi ilə birgə hazırladığımız növbəti layihə “Biz” sənədli filmidir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dövründə öz telefonlarında videoçəkilişləri ilə trendə düşmüş, ümumən diqqətəlayiq insanlardır. Daha sonra, “Görünməyən qəhrəmanlar” adlı 5 sənədli-salnamə janrında filmdən ibarət layihəmiz artıq Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənib. Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edəcək. “Böyük Zəfər”imizin milli kinoda növbəti mühüm əksi hal-hazırda istehsal öncəsi mərhələdən keçən və bu ilin iyul-avqust aylarında çəkilməyi planlaşdırılan “Həyat, deyəsən, gözəldir” bədii filmi olacaq”. 

Kinostudiyanın təminat probleminə F.Əhmədov da dolayısıyla toxunub: “Azərbaycan Kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 mart 2019-cu il tarixli Sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyinə müvafiq tapşırıqlar verilib. Ayrılan büdcə ilə 30 ildən artıq bir müddətdən sonra kinostudiyamızın çəkiliş avadanlıqları bazası tamamilə yenilənərək ən son standartlara cavab verən kameralar, işıqlandırma texnikaları və digər lazımi qurğularla təmin edilib”. 

Tahir Tahiroviç - Sosial Media

Rejissor Tahir Tahiroviç kinostudiyanın yeni rəhbərliyinin müsbət işlər görəcəyinə inanır: “İstənilən sahədə çatışmazlıqlar var, hər şeyin ideal olması mümkün deyil. Son bir ildə kino sahəsində müəyyən işlər görülüb, maddi-texniki baza yavaş-yavaş formalaşır, gənclərin kinoya marağı artıb, 3 bədii filmin istehsalına başlanılıb. Həm də nəzərə almaq lazımdır ki, indiki kino kollektivi yenidir, heç bir il deyil ki, fəaliyyətə başlayıblar. Hansısa nazirliyin məsələyə münasibəti inzibati və siyasi ola bilər, amma biz yaradıcı tərəfdən yanaşmalıyıq. 1 il ərzində istehsal olunan və istehsalı davam edən filmlər ortaya çıxarıldıqdan sonra nəticəsinə qiymət vermək olar. Aralarında keyfiyyətli işlər də olacaq, zəifləri də, amma bir müddət gözləmək lazımdır. Kollektiv yenidir, gəncdir, innovativdir. Bu səbəbdən şəxsən mənim gözləntilərim müsbətdir”.  

Əlisa Cabbarov - Sosial Media

Rejissor Əlisa Cabbarov da hesab edir ki,maliyyə nazirinin fikrinə konstruktiv yanaşılmalıdır: “Söhbət 2020 və2021-ci illərdə ayrılan vəsaitdən gedir ki, bu, ümumilikdə 12 milyondan çoxdur. Əlavə olaraq 2019-cu ildə Prezident 5 milyon manat da kinonun inkişafı üçün ayırmışdı. Mədəniyyət Nazirliyinin qeyd etdiyi filmlər 2021-ci ilin istehsalıdır və bu layihələr əlavə 5 milyon manatla birlikdə 2020-ci ilin büdcəsini əhatə etmir. Uğurlarımız, müsbət addımlarımız var, amma xərclənən vəsaitlərin effektivliyi problemi hələ də qalır. Yəni 6 milyon manata ən azı 10 film istehsal etmək olardı, lakin bu nəticəyə gəlib çıxa bilmirik. Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq bütün kino ictimaiyyətini maliyyənin effektiv xərclənməsi problemini müzakirə etməyə çağırırıq”.  

Rasim Balayev - Azərtac

Xalq artisti Rasim Balayev deyir ki, son zamanlar kinostudiyada hansı işlərin görüldüyünü bilmir: “Pandemiyaya görə çox vaxt evdə oldum, ona görə heç nədən xəbərim yoxdur. Həm də indi orada rəhbərlik dəyişib. Hazırda Azərbaycan kinosu insanları qane etmir. Həmişə bu sözü eşidirəm ki, daha köhnə kinolar çəkə bilmirlər. Kinoya yeni nəfəs gəlməlidir, amma bu yeniliklər insanları razı salmır. Azərbaycan kinosu pis günlərini keçirir. Son zamanlar ərsəyə gələn serialları naşı, kino ilə əlaqəsi olmayan insanlar çəkir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Azərbaycanda bu il azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib 

26 İyun 2026

Açıq mənbə

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.  Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölüm halları isə əvvəlki illərdə olduğu kimi davam edir.  Xəzər Hərbi Tədqiqatlar İnstitutunun iyunun 22-ə olan məlumatına görə, bu il Azərbaycanda azı 25 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.  Mətbuatda gedən məlumatlara əsasən, onların 4-ü müxtəlif xəstəliklər, 4-ü intihar, 6-ı avtomobil qəzası, 5-i bədbəxt hadisələr nəticəsində vəfat edib. Bədbəxt hadisələrdən 1-i suda boğulma, 1-i dağda sürüşmə, 2-si dəm qazından boğulma, 1-i isə hündür mərtəbədən yıxılma ilə bağlı olub. Daha 6 nəfərin ölüm səbəbi barədə məlumat isə yoxdur.  Ölən hərbi qulluqçulardan 15-i Müdafiə Nazirliyinin, 6-sı Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili...
Sosial

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

26 İyun 2026

Açıq mənbə

Elm və təhsil naziri Emin Əmrullayev bu yaxınlarda yerli mətbuata verdiyi müsahibədə iddia etdi ki, Azərbaycanda ali təhsil üçün tələb olunan ödənişlər inkişaf etmiş ölkələrdən ucuzdur.  Bu açıqlama ictimaiyyətdə müzakirələrə səbəb oldu, çünki bir çox Avropa ölkələrində dövlət universitetlərində təhsil pulsuzdur. Tənqidlərə cavab vermək istəyən nazirin fikrinə aydınlıq gətirmək cəhdi isə daha çox qınaq doğurdu.  E.Əmrullayev iyunun 24-də sosial media hesabında yazdı ki, "pulsuz təhsil dünyanın heç yerində yoxdur".  "Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10-18 min avro təşkil edir. Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000...

Seçilmiş Videolar

Toplum TV loqo