Sosial

Memar: “Mətbuat Bayırşəhər söküntüsünü adiləşdirməyə çalışır” 

4 İyun, 2025
939

Foto: Toplum TV

Yerli memarlar paytaxtın Bayırşəhər olaraq tanınan hissəsində tarixi məhəllələrin və binaların söküntüsünün dayandırılması çağırışı ilə petisiya başladıblar. 

İyunun 3-də “Change.org” platformasında başladılan petisiyaya hələ ki 567 nəfər imza atıb. 

Petisiyada Bayırşəhərdə aparılan söküntü işlərinin dərhal dayandırılması, tarixi məhəllələrin qorunaraq bərpa edilməsi və şəhər üçün yeni piyada mədəniyyət mərkəzinə çevrilməsi və sakinlərin zorla köçürülmələrinin qarşısının alınması tələb olunur. 

“Bakı şəhərinin qədim və özünəməxsus məhəllələrindən biri olan Bayırşəhər — xüsusilə Təzəpir məscidinin ətrafında yerləşən küçələr — bu gün ciddi sökülmə təhlükəsi altındadır. Biz, bu şəhərin memarlıq və tarixi irsinə dəyər verən vətəndaşlar olaraq, bunun qarşısının alınmasını vacib sayırıq”, - petisiyada deyilir. 

“Bu məhəllələr təkcə fərdi evlər deyil — Bakının yaddaşı, koloritidir. Onların qorunması şəhərin mədəni irsi, turizm potensialı və gələcək nəslə ötürəcəyimiz dəyərlərlə birbaşa bağlıdır”, - əlavə olaraq qeyd olunur. 

Petisiyada, həmçinin, sözügedən ərazinin Bakı şəhərinin 2040-cı ilə qədər təsdiq olunmuş Baş Planına əsasən “Xüsusi Mühafizə Zonası” statusuna malik olduğu xatırladılır. 

Dilqəm İsmayılov və Abdul Hüseynov başda olmaqla bir qrup memar Bayırşəhərdə tarixi məhəllələrin söküntüsünün aparılacağı ilə bağlı aylardır xəbərdarlıq edir və dövlət qurumlarına müraciətlər ünvanlayır. 

Fevralda 250-dən çox vətəndaşın imzaladığı, Prezident Administrasiyasına ünvanlanmış ərizəyə cavab ötən ay, Yasamal Rayon İcra Hakimiyyətindən gəlib. 

İcra başçısının müavini Hüseyn Əfəndiyevin Abdul Hüseynova yazdığı cavab məktubunda Bayırşəhərdə söküntü deyil, abadlaşdırma işlərinin aparıldığı qeyd olunub. 

"Müraciətiniz ilə əlaqədar olaraq bildiririk ki, Yasamal rayonunun ayrı-ayrı hissələrində qanunvericiliyin tələbi gözlənilməklə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazidə yerləşən torpaq sahələrindəki obyektlərinin və onların ayrılmış hissələrinin fasadlarının zahiri görünüşünün yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha yaxşılaşdırılması məqsədi daşıyan abadlaşdırma tədbirləri həyata keçirilmişdir”, - Əfəndiyev yazıb. 

Məktubu “Facebook” səhifəsində ictimailəşdirən Hüseynov cavabın Prezident Administrasiyasından deyil, Yasamal Rayon İcra Hakimiyyətindən gəlməsini “məyusedici hal” adlandırıb və bildirib ki, memarların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətirilməyib. 

“Məktubumuzda qeyd olunan, Bayırşəhərin qorunmasının mədəni, sosioloji, tarixi əsaslandırmalarımıza cavab verilməyib. Cavab məktubunda yerli əhalinin məişət və infrastrukturunun yaxşılaşdırılacağı qeyd olunur. Lakin belə olan halda niyə yerli əhali, o cümlədən dövlət tərəfindən qorunan abidələrin sakinləri ərazidən köçürülür? Son olaraq, söküntü işlərinin Bakının 2023-cü ildə qəbul olunmuş Baş Planına zidd olmasını vurğulamağımız da cavabsız qalıb”, - memar qeyd edib. 

Mayın 28-də Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən
müraciətə gələn cavabda isə qeyd olunan bir sıra küçələrdə, ümumiyyətlə, söküntünün aparılmadığı yazılıb. 

Halbuki, mayın 25-də Hüseynov Lev Tolstoy 89 ünvanında 1887-ci ildə tikilmiş binanın bir hissəsinin sökülməsi haqqında xəbər yayıb. Həmin bina tarixi abidələrin dövlət reyestrində də var və buna görə söküntüsü qanunsuzdur. 

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bildirdiyinə görə, Bayırşəhərin söküntüsü zamanı dövlət reyestrində tarixi abidə kimi qeydiyyata alınan tikililərə toxunulmayacaq. 

Hüseynov isə daha öncə Toplum TV-yə deyib ki, ərazidə 120-130 yaşlı tarixi abidələr var ki, 2015-16-cı illərdə reyestrdən çıxarılıb. “Onda belə çıxır ki, onlar bu abidələri sökəcəklər?”, - o sual edib. 

Eyni zamanda, hökumətyönlü media Bayırşəhərdə söküntü işlərinin aparıldığını xəbər verir, lakin sakinlərin kompensasiya narazılığına görə işlərin ləngidiyini bildirir. 

Sakinlərin “Xəzər TV”-yə dediyinə görə, onlara söküləcək evlərin hər kvadrat metrinə 2200-2700 manat aralığında olmaqla kompensasiya təklif olunub. Onlar isə məbləğin az olduğunu düşünür. 

Memar Dilqəm İsmayılov “Facebook” səhifəsində qeyd edib ki, mətbuat “son günlər yenə Təzəpir məhəlləsi ətrafında söküntü işlərinin başlanması xəbərlərini adiləşdirməyə çalışır”

“Bakının tarixi küçələrinin söküntüsünü adiləşdirməyə çalışan saytlar, Bakının tarixi məhəllərini sökmək istəyənlər, “ekspert rəyi” kimi sizcə kimlərin fikrini öyrənirlər? Əlbəttə nə bu şəhəri sevən memarların, nə sosioloqların, nə də baş plana uyğunluğu araşdırmadan, təsdiqlənən baş plana zidd olaraq, əmlak eksperti adı altında “makler”lərin qeyri peşəkar fikirlərini tirajlayaraq, adiləşdirməyə, insanlar arasında tarixi məhəllələrin söküntüsünü başqa tərəfə çəkməyə çalışırlar”, - o yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Yağıntıların görünməyən üzü: İşçi istismarı və azalan təhlükəsizlik xərcləri

8 Aprel 2026

Foto: Sosial media

Son günlər intensiv yağan yağışlar paytaxt Bakıda ciddi fəsadlara səbəb olub. Şəhərin mərkəzi küçələri, eləcə də şəhərətrafı yaşayış məntəqələrində yerləşən küçə və həyətlər su altında qalıb. Yaranmış vəziyyət ilk növbədə şəhər infrastrukturunun güclü yağıntılar qarşısında dayanıqsızlığını göstərib. Bununla yanaşı, baş verənlər bir sıra digər sosial problemləri də üzə çıxarıb. Sosial şəbəkələrdə yayılan bəzi videogörüntülərdən məlum olur ki, su basmış küçələrin təmizlənməsinə texniki vasitələr əvəzinə kommunal xidmət işçiləri, əsasən də qadınlar cəlb olunub. Videogörüntülərdə süpürgəçi qadınlar əmək şəraitindən və iş saatlarından narazı olduqları dilə gətirirlər. İşçilərdən birinin sözlərinə görə, işçilər yağışlı hava şəraitinə baxmayaraq, küçələrin artıq sulardan təmizlənməsi işinə cəlb olunublar....
Sosial

Bəraət alan kənd sakini: "DSX əməkdaşları qabırğalarımı sındırdı"

8 Aprel 2026

Foto/kollaj: Toplum TV

2024-cü ildə narkotik ittihamı ilə saxlanılan Beyləqan sakini bu yaxınlarda məhkəmə tərəfindən bəraət alıb.  "Azadlıq Radiosu"nun xəbərinə görə, Beyləqan rayonunun İkinci Şahsevən kəndinin sakini, 38 yaşlı İlkin Cəfərov 2024-cü ilin noyabrında kənddəki su kanalına gedərkən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.  Sərhədçilər kənd sakininin ərazidəki narkotik maddəni götürmək üçün oraya gəldiyini iddia ediblər.  İ.Cəfərov isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadəsində deyib ki, Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçisi kimi su kanalına suyun verilməsini nizamlamaq, həm də sonra balıq tutmaq üçün həmin əraziyə gedib.  "Elə tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər məni tutub, əllərimi, gözlərimi bağladılar. Təxminən 50 metr...

Seçilmiş Videolar

Toplum TV loqo