Rəsmi hesabat sosial uçurumu göstərdi: Regionlar rifah göstəricilərində Bakıdan geri qalır
Foto: Azərtac
Uzun müddətdir Azərbaycanda müstəqil araşdırmaçılarla hökumət rəsmiləri arasında rəsmi yoxsulluq göstəricilərinin reallığı əks etdirib-etdirməməsi ilə bağlı mübahisələr davam etdiyi bir vaxtda Dövlət Statistika Komitəsinin yaydığı “Çoxgöstəricili klaster sorğusu” hesabatı diqqətçəkən məqamlar ortaya qoyub.
Bu araşdırma UNICEF-in bilavasitə dəstəyi və onun ekspertlərinin iştirakı ilə baş tutub. Müstəqil ekspertlərin fikrincə, belə şəraitdə rəsmi statistika qurumunun digər göstəricilər kimi həmin sorğunun nəticələrini bütövlükdə hökumətin təbliğat maraqlarına uyğunlaşdırması mümkün olmur.
Hesabatı şərh edən təhlilçilərin qənaətinə görə, sözügedən araşdırma son illərdə bölgələr üzrə əhalinin müxtəlif qrupları arasında rifah səviyyəsinə və yaşayış səviyyəsindəki fərqlərə dair nisbətən reallığa uyğun məlumatlar açıqlayan bir sənəddir. Onların fikrincə, Azərbaycanda regionlar üzrə yoxsulluq göstəricisi ümumiyyətlə açıqlanmır. Ölkə üzrə açıqlanan yoxsulluq göstəricisi isə hətta ən inkişaf etmiş ölkələrin analoji göstəricisindən 2-3 dəfə aşağıdır və təkcə bu fakt Azərbaycanda yoxsulluq göstəricisinin reallığı əks etdirmədiyini göstərir.
Yoxsulluq göstəricisindən fərqli olaraq “Çoxgöstəricili klaster sorğusu” hesabatında açıqlanan rifah indeksi bölgələr üzrə daha yaxşı və daha pis həyat şərtlərinə malik əhalinin nisbətini görməyə imkan verir. Ekspertlərin fikrincə, yoxsulluq və rifah indeksi əhəmiyyətli dərəcədə fərqli göstəricilərdir. Amma yekunda hər iki göstərici ölkədə maddi-sosial durumu qiymətləndirmək üçün zəruri məlumatlar təqdim edir. Öz növbəsində, yoxsulluq göstəricisindən fərqli olaraq rifah indeksi cari aylıq xərclər əsasında insanların yaşayış səviyyəsini qiymətləndirmir. Əvəzində ailələrin malik olduqları zəruri əşyalar (ev əşyaları, elektrik avadanlıqları, nəqliyyat vasitəsi və s.), mənzil şəraiti (kommunal xidmətlərlə təchizat, mənzil sahəsi və s.) onların yaşayış şərtlərini ölçür. Əslində bu göstərici daha uzunmüddətli dövrdə insanların aztəminatlı olub-olmadığını göstərir.
Rifah indeksi necə hesablanır və ekspertlər bunu necə izah edir?
Deməli, seçilmiş qiymətləndirmə indikatorlarının hər biri ümumi yekunda bərabər paya malik olur. Məsələn, əgər ev təsərrüfatının rifahı 10 indikator əsasında ölçülürsə, onların hər birinin 10 faiz xüsusi çəkisi olur. Tutaq ki, sorğuda ev təsərrüfatının təbii qaza, içməli suya, kanalizasiyaya, elektrikə və internetə çıxışı, ailədə adambaşına ən azı 12 kvadratmetr sahəsi olan şəxsi mənzilə, televizor, tozsoran, soyuducu və nəqliyyat vasitəsinə malik olub-olmaması soruşulur. Bunlardan hər hansı biri yoxdursa, ev təsərrüfatının sahib olduğu indeks 10 faiz aşağı düşür. Əgər ixtiyari bir ailə bunların hamısına sahibdirsə, nəticə 100-ə, yalnız 5 indikator üzrə xidmət və aktivlərə sahib olduğunu qeyd edirsə, nəticə 50-yə bərabər olur. Sonda ev təsərrüfatlarının ümumi sayı 5 bərabər hissəyə (kvintil qrupları) bölünür və onların aldığı qiymət 20 faizlik qruplar üzrə paylaşdırılır. Bu cür paylanma hər bir qrup üzrə müəyyən rifah göstəricisini müəyyən etməyə imkan verir.
Məsələn, Azərbaycanda sorğuya ümumilikdə 40 849 nəfərdən ibarət 12 320 ev təsərrüfatı cəlb edilib və bu, hər bir kvintil qrupa 2 604 təsərrüfatın düşməsi deməkdir. Sorğu nəticəsində aşağıdan yuxarıya bütün ev təsərrüfatlarının aldığı qiymət toplanır və əldə olunan ümumi göstərici 2 604-ə bölünməklə birinci kvintil üzrə rifah göstəricisi tapılır. Eyni qaydada digər 4 kvintil üzrə indeks müəyyən olunur. Tutaq ki, ən yoxsul 20 faiz üçün rifah indeksi 0,4, ən zəngin qrup üçün isə 0,95 hesablanıb. Sonda sorğuya cəlb edilən bütün ev təsərrüfatları aldığı qiymət əsasında bu qrupların daxilində göstərilir. Məsələn, Azərbaycanda son sorğuda 5 000 təsərrüfatın rifah səviyyəsi ən yoxsul qrupun indeksinə uyğun gəlirsə, deməli əhalinin 40 faizindən çoxunun real rifahı ən yoxsul 20 faiz səviyyəsindədir.
Ən yoxsul və ən zəngin kvintil qruplarının ortasındakı qruplar orta rifah səviyyəsinə malik əhali hesab edilir.
Hesabatdan aydın olur ki, 40 849 nəfərin ən çoxu Bakı şəhəri (11 803 nəfər) və Abşeron iqtisadi rayonundan (4 057 nəfər), ən az isə Naxçıvan (1 547 nəfər) və Dağlıq Şirvandan (1 028 nəfər) seçilib. Yerdə qalan bölgələr üzrə respondentlərin sayı 2 000-3 000 nəfər intervalında olub. Şəhərlər üzrə 24 455 nəfər, kəndlər üzrə 16 394 nəfər sorğuda iştirak edib.
Həm regionlar, həm də şəhər və kənd arasında rifah səviyyəsinə görə kəskin fərqlər qeydə alınıb.
Hesabat göstərir ki, Bakı şəhəri üzrə əhalinin cəmi 0,7%-nin rifah səviyyəsi ən yoxsul 20% əhali qrupunun rifah göstəricilərinə uyğun gəldiyi bildirilir. Paytaxtı təmsil edən respondentlərin 53,6%-nin rifahının isə ən zəngin 20%-lik qrupun yaşayış standartlarına uyğun olduğu aydın olur. Bölgələrdə isə tam əks mənzərə müşahidə edilir: Dağlıq Şirvan, Lənkəran-Astara və Zaqatalada ev təsərrüfatlarının 35-40%-nin, Quba-Xaçmaz və Mil-Muğanda isə 45-46%-nin rifah göstəriciləri ən yoxsul 20% əhalinin standartlarına uyğun gəldiyi görünür.
Bu bölgələrin hamısında yaşayış standartları ən zəngin 20% əhalinin rifah göstəricilərinə uyğun gələn ailələrin ümumi göstəricidə payı 1-3% intervalında dəyişir. Bakı şəhəri ilə müqayisədə yüksək rifaha malik ev təsərrüfatlarının nisbəti az qala 40-45 dəfə aşağıdır. Əksinə, ən aşağı rifaha malik olanların payı isə 50-60 dəfə yüksəkdir və bu, rəsmi şəkildə etiraf olunmayan fövqəladə sosial qeyri-bərabərliyin mövcudluğundan xəbər verir.
Oxşar bərabərsizlik kənd və şəhərlər arasında da müşahidə edilib. Ən yoxsul əhali qrupunun rifah səviyyəsinə uyğun ev təsərrüfatlarının yekun göstəricidə payı şəhərlərdə 6,5%, kəndlərdə isə 40,1% təşkil edir. Ən zəngin 20%-lik qrupun rifah standartlarına uyğun əhali şəhərlərdə 33%, kəndlərdə isə 0,8% təşkil edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”
Azərtac
Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?
Açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”