Sosial

Vilvan sakini: Yolu satıblar, hasarlayıblar, pay torpaqlarımıza gedə bilmirik 

15 Noyabr, 2024
993

Toplum TV

“Dövlətin verdiyi 1 hektar pay torpağında 400-dən çox feyxoa ağacı əkmişəm. Yolu bağladıqları üçün torpaqlarımıza gedə bilmirik. Nəticədə ağaclar quruyur, əziyyəmiz də, xərcimiz də hədər gedir”. 

Lənkəranın Vilvan kənd sakini Rafiq Dadaşov Toplum TV-yə 25 ildir ki, onun və ailə üzvlərinin istifadəsinə verilmiş pay torpaqlarından son illərdə istifadə edə bilməməsindən danışır. O, bunun səbəbini pay torpağına gedən yolun yerli bələdiyyə tərəfindən başqa bir kənd sakininə satılması və həmin sakinin yolu çəpərləməsi ilə əlaqələndirir. R.Dadadovun sözlərinə görə, 13 ilə yaxındır ki, çəpərin sökülməsi, yolun açılması üçün bütün hüquqi yollara baş vurub. Hətta məhkəmə də bu barədə qərar verib. Ancaq hələ də yolun açılmasına nail ola bilməyib. 

“Kənd bələdiyyəsi kəndin torpaqlarını sata-sata gedir. Satdığı ərazilərdən biri də sakinlərin ümumi istifadəsində olan yoldur. Uzun illərdir ki, məktəblilər məktəbə getmək üçün başqa yollardan istifadə etməli olurlar, məktəbdən evə, evdən məktəbə yolları uzanıb, üstəlik də çox narahat yoldur. Yolun başında qəbiristanlıq var, adamlar əziyyətlə başqa yollardan keçərək gedib ziyarətlərini edirlər. Bizim də pay torpaqlarımız var. Yolu satıblar, alan da mişar daşıyla hasar çəkib. Nə o tərəfə keçə bilirik, nə də bu tərəfə. Torpaqlarımıza, meyvə bağlarımıza yetişə bilmirik”. 

Rafiq Dadaşovun söylədiyinə görə, onun başçısı olduğu böyük bir ailə gözünü pay torpağında saldığı feyxoa bağından gələn vəsaitə diksə də, artıq neçə ildir ki, əraziyə gedib-gələ bilmədikləri üçün dolanışıqdan da qalıblar: 

“Tək canımla 400-dən çox feyxoa ağacı əkmişəm ki, sataq, dolanaq. Gedib hökumətdən çörək istəmirik, yardım istəmirik. Pay torpağımız haqqımızdır, veriblər ki, əkək, dolanaq. Bu tərəfdən torpaq verirlər, o tərəfdən yolu kəsirlər ki, torpaqdan istifadə edə bilməyəsən. Mənim sahəmə maşın gedə bilmirsə, o meyvəni necə yükləyib, aparıb bazara çıxarım? Pul, çörək istəmirəm, haqqım olan torpaqdan istifadə edib balalarımı dolandırmaq istəyirəm”. 

Rafiq Dadaşov hasarın sökülməsi üçün rayondakı məmurlardan tutmuş prezidentə qədər yazıb. Deyir ki, yazdıqları nəticədə rayon icra hakimiyyətinin masasına gəlir, onu həmin quruma dəvət edib tezliklə əncam çəkəcəklərini vəd edirlər. Ancaq aylar, hətta illər keçir, o, pay torpağına hələ də gedə bilmir. 

2014-cü ildə Lənkəran rayon torpaq və xəritəçəkmə şöbəsinin əməkdaşları gəlib yola baxış keçiriblər. Ümumi istifadədə olan yolun Xalid Səfərov adlı kənd sakini tərəfindən zəbt olunması ilə bağlı akt tərtib ediblər. Ona hasarı sökməsi və yolu boşaldaraq sakinlərin istifadəsinə verməsi üçün on gün vaxt verilsə də, yenə nəticə olmayıb. 

Rafiq Dadaşovla digər kənd sakini İlyas Məmmədovun bələdiyyəyə müraciətləri əsasında bələdiyyə sədri Lənkəran rayon Məhkəməsinə müraciət edib. Hətta məhkəmə iclasları da keçirilib. Ancaq məhkəmə yarımçıq qalıb: “İki məhkəmə iclası oldu. Üçüncü məhkəmə iclası noyabrın 30-na təyin edildi. Həmin gün məhkəməyə gedəndə katib dedi ki, bu məhkəmə prosesi bələdiyyə sədrinin ərizəsinə əsasən dayandırılıb, daha gəlmə. Səbəbini soruşanda katib bildirdi ki, tərəflər öz aralarında  razılaşıblar, bələdiyyə sədri ərizəni geri götürüb”. 

Rafiq Dadaşov şikayətlərinə davam edib. Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinə, Prezident Administrasiyasına, hətta Ombudsmana da yazıb. Nəhayət, 2023-cü ildə bələdiyyə sədri vətəndaşın müraciəti əsasında yenə məhkəməyə ərizə göndərib. 

Ərizə hakim Rəşad Məmmədovun icraatına verilib. Məhkəmə araşdırıb ki, bələdiyyənin nəzarətində və kənd sakinlərinin gediş-gəliş üçün ümumi istifadəsində olan torpaq sahəsinə bitişik torpaqda Xalid Səfərov ev tikib, yolu da hasara alaraq yardımçı təsərrüfat sahəsi tikib. Lənkəran rayon Məhkəməsi ötən il avqustun 15-də Xalid Səfərovun hasarı sökməsi, torpağın boşaldılaraq vətəndaşların istifadəsinə verməsi ilə bağlı Qətnamə çıxarıb. Amma bir ildən çoxdur ki, Qətnamə icra olunmur. 

Lənkəran rayon İcra və Probasiya Şöbəsindən bildirilib ki, bir il əvvəl bu iş üzrə icra başlayıb. Ancaq tərəflər icra yerinə gəlmədiyi üçün icra baş tutmayıb və bu barədə akt tərtib olunub. Sonra Vilvan bələdiyyəsi icra şöbəsinə müraciət edərək Xalid Səfərovun həmin torpaq sahəsinə Çıxarış və Texniki Pasport alması barədə məhkəmə qətnaməsini mübahisələndirdiyini bildirib. İş məhkəmədə olduğuna görə icraatın dayandırılmasını xahiş edib. İcranın dayandırılması barədə qərar çıxarılıb. 

Hüquqşünas Namizəd Səfərovsa deyir ki, vətəndaş icranın yenilənməsi ilə bağlı təkrar məhkəməyə müraciət etməlidir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo