Sosial

“Siyasi prosesə qatılan 1 qadın 10 kişini cəsarətləndirə bilər” 

11 Mart, 2021
2523

“Azad olan və siyasi proseslərə qatılan bir qadın 10 kişini cəsarətləndirə bilər. Azad qadın azad uşaq böyüdəcək ki, bu da cəmiyyətdə azadlığa olan tələbi formalaşdıracaq”.

"OYAN" hərəkatının İdarə Heyətinin üzvü Nahid Cəfərov “8 Marş” aksiyası zamanı baş verənləri “Toplum TV”-yə şərh edərkən belə deyir.

Martın 8-də Bakının mərkəzində feminist fəallar aksiya keçirməyə cəhd ediblər. Əraziyə cəlb olunmuş polis qüvvələri buna imkan verməyib və 25 aksiya iştirakçısını saxlayıb. Onlardan bəziləri polis şöbələrində müxtəlif fiziki və psixoloji təzyiqlərə məruz qaldıqlarını bildiriblər. 

Feministlərə qarşı ifrat zorakılıq belə bir sual yaradır: hakimiyyət siyasi iddia sərgiləməyən kəsimə niyə bu qədər aqressiv yanaşır? 

Nahid Cəfərov - Sosial Media

Nahid Cəfərov deyir ki, sıravi insanın baxış bucağına görə femimizm hərəkat olaraq hakimiyyət üçün təhlükəli görünməyə bilər, amma bu, yanlış yanaşmadır: “Cəmiyyət müəyyən qruplardan ibarətdir və bu qruplar passiv qaldıqca, hakimiyyət üçün təhlükə yaranmır. Siyasi partiyaların işi onları aktivləşdirməkdən ibarətdir. Ən böyük qruplardan biri də qadınlardır, amma kişilər tərəfindən siyasi-ictimai proseslərdən uzaqlaşdırılıblar. Feminizm bu qrupu aktivləşdirməyə çalışır. Hakimiyyətin onlara nifrəti də burdan yaranır”.

O hesab edir ki, feministlər İlham Əliyevin diqtəsi ilə hərəkət etmir deyə, hakimiyyət bu hərəkatı boğmağa, gözdən salmağa və cəmiyyətə əxlaqsız bir təşkilat kimi təqdim etməyə çalışır. 

“Əgər bu qrup aktivləşərsə, hakimiyyət seçki zamanı saxtakarlıq edən müəllimələr tapa bilməz. Azad olan və siyasi proseslərə qatılan bir qadın 10 kişini cəsarətləndirə bilər. Azad qadın azad uşaq böyüdəcək ki, bu da cəmiyyətdə azadlığa olan tələbi formalaşdıracaq. Bu isə İlham Əliyev hakimiyyətinin kabusudur” - N.Cəfərov belə deyir.  

Aksiyadan bir gün sonra onun təşkilatçılarından olan Nərmin Şahmarzadənin “Feysbuk” profili ələ keçirilib və adı dəyişdirilib. N.Çahmarzadənin iddiasına görə, profilini bərpa edə bilməməsi üçün adıçəkilən sosial medianın rəhbərliyinə onun şəxsiyyət vəsiqəsinin surəti də göndərilib.

Hüquqşünas Fariz Namazlı feministin kiber zorakılığa məruz qaldığını bildirir, deyir ki, N.Şahmarzadə Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma ) üzrə prokurorluğa şikayət etməli, prokurorluq isə iş üzrə araşdırma aparmalıdır: “Əgər vətəndaş hesab etsə ki, prokurorluq lazımı addımları atmır, onun hərəkətsizliyi ilə bağlı ölkədaxili məhkəmələrə, daha sonra isə şəxsi həyat sirrinin pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət edə bilər”. 

Fariz Namazlı - Sosial Media

Hüquqşünas həmçinin qeyd edir ki, feminist kiber zorakılıqda dövlət orqanlarının əli olduğunu düşünürsə, fikrini əsaslandırmalıdır: “Əsas gətirməlidir ki, profilin ələ keçirilməsi yalnız şəxsiyyət vəsiqəsilə ilə mümkündür, bu sənədin surəti isə ancaq dövlət qurumlarındadır”. 

“İnci” Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi Ramidə Oktayqızının sözlərinə görə, feminizm illərdir pislənir, amma bu məsələyə birtərəfli baxmaq olmaz: “Ola bilər ki, hansısa qüvvələr qadın-kişi münasibətini daha da pisləşdirməyə çalışır. Feminizm insan dəyərlərinə söykənir. Dırnaqarası feminizm adı altında insanlar arasında psixoloji gərginlik yaratmağa yönəlik məsələyə həssaslıqla yanaşmalıyıq”. 

Ramidə Oktayqızı - Sosial Media

Psixoloq söyləyir ki, qadınların emosional çıxışları, özlərini ifadə edə bilmə bacarıqları, sərbəst qərar vermə gücünə sahib olmaları insanlığı qaranlığa sürükləmir, əksinə, cəmiyyəti aydınladır. 

“Qadın maşın sürür, kişilərlə bərabər əksər sahələrdə çalışır, kafedə, restoranda yaxınları ilə istirahət edir, iş görüşmələrinə gedir. Bunları həzm edə bilməyənlər cəmiyyətin savadsız, inkişafı ancaq kişilərin sosial münasibətlərində görən insanlardır. Bu da öz növbəsində aqressiv yanaşmaya, şiddətə gətirib çıxarır” deyə, psixoloq bildirir.

N.Şahmarzadənin ələ keçirilmiş profilində ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı da paylaşımlar edilib. 

Bəxtiyar Hacıyev - Sosia Media

B.Hacıyev “Feysbuk” hesabında buna belə münasibət bildirib: “Mənim səsim olan bir yazışmaya guya Nərmin Şahmarzadə ilə yazışdığımız, ancaq həqiqətdə heç vaxt demədiyim, yazmadığım, mənə yazılmamış, əslində bunu edənlərin ailə üzvlərinin, doğmalarının praktika və fantaziyasına əsaslanan cümlələr əlavə edilərək paylaşılıb”. 

İctimai fəalın “Toplum TV”-yə dediyinə görə, baş verənlərlə bağlı məhkəməyə müraciət edib-etməyəcəyini  vəkillərlə müzakirə edəcək. 

Nərmin Şahmarzadə - Sosial Media

Nərmin Şahmarzadə isə məhkəməyə və prokurorluğa şikayət ünvanlayacağını söyləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo