Elbəyi Kərimlinin cəzaçəkmə müəssisəsində müəmmalı ölümü: Belə hallarda dövlətin hansı öhdəlikləri var?
Foto: sosial media
Dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində intihar etməsi barədə xəbər yayıldı. Siyasi məhbus hesab edilən Kərimli barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi əsasında 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Özü və hüquq müdafiəçiləri həbsinin əsl səbəbi kimi onun sabiq prezident Heydər Əliyevin heykəlinin üzərinə “Stalin” yazmasını göstəriblər.
Cəzaçəkmə müddətində E. Kərimli qeyri-insani rəftara məruz qaldığını, cərimə təcridxanasına (“kars”) salındığını və buna etiraz olaraq aclıq aksiyası keçirdiyini bildirmişdi.
Tənqidçilər onun intiharı ilə bağlı yayılan xəbərlərə birmənalı yanaşmayaraq, cəzaçəkmə müəssisələrində ölüm hallarının yayğın olmasından və bu cür faktlar üzrə effektiv araşdırmaların aparılmamasından gileylənirlər.
“Tribunat” hüquq platforması Elbəyi Kərimlinin işi nümunəsində dövlətin həbs yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin həyat və sağlamlığının qorunması sahəsindəki öhdəliklərini araşdırıb.
AXCP fəalının işi Azərbaycanda siyasi motivli cinayət işlərində şəxslərin müəmmalı ölümü ilə bağlı ilk hal deyil. 2007-ci ildə Azərbaycan Demokrat Partiyasının üzvü Faina Kunqurovanın, 2017-ci ildə isə ictimai fəal Mehman Qələndərovun saxlanıldıqları müəssisələrdə müəmmalı şəkildə ölmələri və intihar etmələri barədə xəbərlər yayılıb. Qeyd olunan hallarda mərhumların yaxınları və hüquq müdafiəçiləri ölüm üçün aşkar səbəblərin olmadığını, baş verənlərə dair müstəqil araşdırmaların aparılmasına əngəl yaradıldığını, hüquq-mühafizə orqanlarının apardığı istintaqların isə nəticəsiz qaldığını bildiriblər. Onlar mərhumların qeyri-insani rəftara məruz qalmaq ehtimalının olduğunu da vurğulayıblar.
Oxşar tale ilə həmçinin keçmiş İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin sabiq rəhbəri Əlihüseyn Şalıyev, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev və Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov da qarşılaşıb.
Şəxs məhkum olunarkən onun əsas hüquqlarından biri şəxsi təhlükəsizlik hüququdur. Bu mövqe Cəzaların İcrası Məcəlləsində (CİM), “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda və Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında öz əksini tapır. Məhkumun həyatına, sağlamlığına və ya şəxsiyyətinə qarşı digər məhkumlar və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təhlükəsizliyinin təmin olunması üçün yazılı və ya şifahi müraciət etmək hüququna malikdir. Cəzanı icra edən müəssisənin müdiriyyəti təhlükənin aradan qaldırılması üçün məhkumun təhlükəsiz yerə köçürülməsi və ya digər tədbirlərin görülməsi barədə qərar qəbul edir.
Cəzaçəkmə müəssisələrində rejimin əsas elementlərindən biri məhkumlar üzərində daimi nəzarətin həyata keçirilməsidir. CİM-in 75-ci maddəsinə əsasən, bu məqsədlə müəssisələrdə texniki nəzarət vasitələrindən istifadə olunur.
Daxili qanunvericilikdə məhkumların tibbi-sanitar təminatı, o cümlədən psixoloji yardımla bağlı öhdəliklər də nəzərdə tutulub. Məhkumların cəzaçəkmə müəssisələrində psixiatrik yardım üçün müraciət etmək hüququ var. Penitensiar müəssisələrdə ixtisaslaşmış psixoloji yardımın göstərilməsi üçün peşəkar kadrlar olmalıdır. Lakin hesabatlarda müxtəlif penitensiar müəssisələrdə psixiatrik yardımın əlçatan və qənaətbəxş olmamasına dair məlumatlara rast gəlinir.
Daxili İntizam Qaydalarının 224-cü maddəsinə əsasən, intihar riski olduqda məhkumlara əl qandallarının tətbiqi nəzərdə tutulur.
Elbəyi Kərimlinin iddia edilən intiharı fonunda üzə çıxan əsas problemlərdən biri Azərbaycanda penitensiar müəssisələrdə özünə xəsarət yetirmə, intihar və ölüm halları üzrə müfəssəl statistikanın aparılmamasıdır. Müvafiq dövlət qurumları tərəfindən bu göstəricilər üzrə sistemli statistik məlumatlar toplanmır. Avropa Şurasının İllik Penitensiar Statistikasının (SPACE) hesabatına əsasən, 2023-cü ildə məhbusların 2 faizi, yəni 178 nəfər vəfat edib. Bu ölüm hallarının 6-sı intihar nəticəsində baş verib.
İlk baxışdan bu rəqəmlər böyük görünməsə də, onların reallığı nə dərəcədə əks etdirdiyi sual doğurur. Belə ki, penitensiar sahədə ictimai nəzarət imkanları məhduddur. Bu nəzarəti həyata keçirməli olan Ombudsman yanında İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin hesabatlarında da intihar halları ilə bağlı ətraflı məlumatlara rast gəlinmir.
Məlumatların qeyri-şəffaflığı penitensiar müəssisələrdə məhbusların üzləşdiyi problemlərin aradan qaldırılması istiqamətində hər hansı tədbirlərin görülüb-görülmədiyini qiymətləndirməyə imkan vermir. Dövri mətbuatda Kərimlinin saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində qeyri-insani rəftar, məhbuslara qarşı təzyiq və hədə-qorxu, maddi-məişət təminatının qənaətbəxş olmaması və rüşvətxorluğun yayğınlığı ilə bağlı iddialar yer alıb. Bu şəraitdə penitensiar müəssisələrdə özünə xəsarət və intihar hallarının qarşısının alınması üzrə preventiv tədbirlərin görülüb-görülmədiyini qiymətləndirmək çətindir.
İstənilən intihar faktı, o cümlədən penitensiar müəssisələrdə baş verən intihar halları üzrə hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başladır və araşdırma aparır. E. Kərimlinin intiharı ilə bağlı yayılan xəbərlərdə də Sabunçu Rayon Prokurorluğunda cinayət işinin açıldığı bildirilsə də, istintaqın ilkin nəticələri hələlik məlum deyil və ümumilikdə onun səmərəli olub-olmayacağı sual altındadır. Məsələn, Mehman Qələndərovun işi üzrə də cinayət işi başlansa da, sonradan cinayət tərkibi olmadığı əsas gətirilərək xitam verilib.
Həbs edilmiş şəxslərin və məhkumların təhlükəsizlik hüququ beynəlxalq və regional sənədlərdə də öz əksini tapır. Yerli aktlarla müqayisədə mühüm fərq ondan ibarətdir ki, beynəlxalq sənədlər intihar hallarının qarşısının alınması istiqamətində daha spesifik tələblər müəyyən edir. Avropa Penitensiar Qaydalarının 47-ci və Məhbuslara qarşı beynəlxalq minimal standart davranış qaydalarının (“Nelson Mandela Qaydaları”) 30-cu maddələrinin tələblərinə əsasən, penitensiar müəssisələr özünə xəsarət yetirmə və intihar hallarına xüsusi diqqət ayırmalı, müvafiq psixoloji və psixiatriya yardımı təmin etməlidirlər.
Avropa Penitensiar Qaydalarının Kommentariyasına əsasən isə həbs şəraiti məhbusların psixi vəziyyətinə ciddi təsir göstərə bilər. Həbsxana rəhbərliyi bu təsirin miqyasını azaltmağa çalışmalı, habelə onun məhbuslara təsirinə nəzarət etmək üçün prosedurlar yaratmalıdır. Özünə xəsarət yetirmə və ya intihar riski altında olan məhbusları müəyyən etmək üçün müvafiq tədbirlər görülməlidir. Kadrlar potensial özünə zərər vermə əlamətlərini tanımaq üçün lazımi qaydada təlim keçməlidirlər. Məhkumlara ruhi xəstəlik diaqnozu qoyulduqda isə onlar həbsxanada saxlanılmamalı və psixiatriya müəssisələrinə köçürülməlidirlər.
İntiharın qarşısının alınmasına dair göstərişlər Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin (CPT) praktikasında da geniş yer tutur. CPT-nin 3-cü Ümumi Hesabatında qeyd edilir ki, intiharın qarşısının alınması cəzaçəkmə müəssisələrinin tibbi təminatının əsas elementlərindən biridir. Penitensiar müəssisələr bu xidmətlərin göstərilməsi üçün müvafiq prosedurlar təşkil etməlidirlər. Məhkumlar müəssisələrə köçürüldükdə intihar riski yoxlanılmalı və nəzərə alınmalıdır ki, bu da preventiv tədbirlərin həyata keçirilməsini asanlaşdırır. Müəssisə əməkdaşları intihar riskinin əlamətlərini tanımaq barədə məlumatlı olmalı və müvafiq təlimlərdən keçməlidirlər. CPT sonuncu -2022-ci ildə həyata keçirdiyi səfəri zamanı da intiharların qarşısının alınması ilə bağlı tövsiyələrini Hökumətlə bölüşüb.
Penitensiar müəssisələrdə saxlanılan şəxslərin ölümü ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) geniş praktikası mövcuddur. Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə əsasən, hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayəti törətməyə görə məhkəmə tərəfindən çıxarılmış hökmün icrası hallarından başqa, həyatından məhrum edilə bilməz. Bu maddə hökumətlərin üzərinə yalnız şəxsi həyatından məhrum etməkdən çəkinmək kimi neqativ öhdəlik deyil, eyni zamanda şəxsin həyatını qorumaq kimi pozitiv öhdəlik də qoyur. AİHM-in mövqeyinə görə, məhkumlar həssas vəziyyətdə olan şəxslərdir və dövlət orqanlarının onları qorumaq öhdəliyi mövcuddur. Hökumətin məhkumları qorumaq öhdəliyi və bu sahədə hesabatlılığı şəxs öldükdə daha sərt xarakter daşıyır (Salman Türkiyəyə qarşı, §99).
Penitensiar qurumlar şəxsin hüquq və azadlıqlarını nəzərə almaq şərti ilə onun həyatını mühafizə etməyə yönəlmiş fəal addımlar atmalıdırlar. Daha sərt və şəxsin hüquq və azadlıqlarını poza biləcək tədbirlərin görülməsinə ehtiyac yarandıqda, bu vəziyyət konkret işin hallarına uyğun qiymətləndirilməlidir (Renolde Fransaya qarşı, §83). Bu öhdəlik şəxsi yalnız cəzaçəkmə müəssisələrindəki digər şəxslərdən deyil, həm də özündən qorumaq məsuliyyətini ehtiva edir. Bu isə Azərbaycanın üzərinə penitensiar müəssisələrdə saxlanılan şəxslərin həyat və sağlamlığını qorumaq, ölüm halında isə baş vermiş hadisəni adekvat şəkildə araşdırmaq öhdəliyi qoyur.
Praktiki baxımdan bu öhdəliyin mahiyyətini anlamaq üçün AİHM-in Konvensiyanın 2-ci maddəsi ilə bağlı Azərbaycana qarşı çıxardığı bəzi qərarlara nəzər salmaq mümkündür. İndiyədək Azərbaycanın 2-ci maddənin pozuntusunu təsbit edən 15 iş üzrə qərarı mövcuddur. Penitensiar müəssisələrdə baş verən müəmmalı ölüm halları ilə bağlı Mustafayev Azərbaycana qarşı, Məmmədov və digərləri Azərbaycana qarşı və Şüriyyə Zeynalov Azərbaycana qarşı işlərini qeyd etmək olar. Birinci işdə şikayətin mahiyyəti ərizəçinin Qobustan həbsxanasında saxlanılan məhkum oğlunun müəssisədə baş vermiş yanğın zamanı həlak olması ilə bağlı idi. İkinci və üçüncü işlərdə isə müvafiq olaraq talış ictimai fəalının və sürücünün Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında vəfat etməsi faktları araşdırılıb. Hər üç işdə məhkumların yaxınları dövlət orqanları tərəfindən təqdim edilən izahatlara skeptik yanaşaraq, ölümdən sonra aparılan istintaqın yetərli olmadığını bildiriblər.
Hər üç iş üzrə Məhkəmə Hökumətin Konvensiyanın 2-ci maddəsini pozduğu qənaətinə gəlib. Məhkəmə pozuntuları mahiyyəti və prosedural olmaqla iki hissəyə ayırır. Mahiyyəti pozuntu dedikdə, məhkumun penitensiar müəssisədə vəfat etməsi, bu halın qarşısının alınması üçün dövlət orqanları tərəfindən müvafiq tədbirlərin görülməməsi və ölüm faktının aydın və inandırıcı şəkildə izah edilməməsi nəzərdə tutulur (Şüriyyə Zeynalov, §72–75). Prosedural pozuntu isə ölüm hallarının araşdırılmasının effektiv olub-olmaması ilə bağlıdır (Mustafayev, §78–82). Mahiyyəti və prosedural pozuntular müstəqil xarakter daşıyır; Məmmədov və digərləri işində olduğu kimi, Məhkəmə konkret iş üzrə 2-ci maddənin substantiv pozuntusunu müəyyən etməsə belə, prosedural pozuntunun mövcudluğu qənaətinə gələ bilər.
“Tribunat” yekun olaraq bildirir ki, AXCP fəalı Elbəyi Kərimlinin müəmmalı ölümü ilə bağlı hadisədə dövlətin məhkumların həyat və sağlamlığının qorunmasına dair pozitiv öhdəliyinin pozulması əlamətləri müşahidə olunur. Yerli və beynəlxalq penitensiar qanunvericilik dövləti məhkumların həyat və sağlamlığının qorunması üçün fəal tədbirlər görməyə və intihar hallarının qarşısını almağa borclu edir.
Müəmmalı ölüm, dövlətin hadisə ilə bağlı ətraflı məlumat təqdim edə bilməməsi və qeyri-effektiv araşdırma isə Konvensiyanın 2-ci maddəsi ilə qorunan hüquqların pozulmasına gətirib çıxara bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Xaricdəki tənqidçilərə qarşı kütləvi təqib: Dövlət əleyhinə çağırışlar, yoxsa ifadə azadlığına görə cəzalandırma?
Foto/kollaj: Toplum TV
Foto: açıq mənbə