Vaşinqton görüşündən gözləntilər: Memorandum, paraflama, yoxsa sülh müqaviləsi?
Foto: Azernews
ABŞ prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Tramp əvvəlcə Əliyev və Paşinyanı ayrı-ayrı qəbul edəcək, sonra üçtərəfli görüş olacaq. Vaşinqton görüşlərinin mümkün nəticələri hər kəsi maraqlandıran əsas sualdır.
Əliyev və Paşinyan Azərbaycanla Ermənistan arasındakı uzunmüddətli münaqişəyə və düşmənçiliyə rəsmən son qoyacaq sülh müqaviləsini imzalayacaqmı?
Bu sualın cavabı avqustun 8-də Bakı vaxtı ilə gecə saatlarında bəlli olacaq, çünki görüş ərəfəsində bununla bağlı dəqiq, birmənalı məlumata rast gəlinmir.
Məsələn, Ermənistan hökumətinin rəsmi açıqlamasında deyilir ki, baş nazir Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığını dərinləşdirmək üçün Donald Trampla ikitərəfli görüş, həmçinin, bölgədə sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə D.Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək.
Açıqlamada rəsmi sənədin imzalanıb-imzalanmayacağından bəhs olunmur. Bakı isə öz adəti üzrə susur və görüş haqqında məlumat yaymır.
“The Washington Post” qəzeti isə öz mənbələrinə istinadən yazıb ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının elan edilməsi mümkündür. Lakin aydın olmur ki, söhbət məhz sülh müqaviləsindən gedir, yoxsa başqa bir sənəddən?
Məsələn, Britaniyanın “Middle East Eye” nəşri yazıb ki, Əliyev və Paşinyan sülh müqaviləsinin imzalanmasına səy göstərəcəklərinə dair öhdəliyin əks olunduğu memorandum imzalaya bilər.
Başqa bir ehtimal da budur ki, tərəflər sülh müqaviləsinin mətnini paraflaya bilər.
Azərbaycan tərəfi iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən görüşdə bu barədə təkliflə çıxış edib.
Paraflanma odur ki, tərəflərin səlahiyyətli nümayəndələri sənədin hər bir səhifəsinə və ya onun ayrı-ayrı hissələrinə imza atır, bununla da müqavilə üzrə danışıqlar rəsmən başa çatmış hesab olunur. Bununla sənədin mətninin razılaşdırıldığı və dəyişdirilməyəcəyi təsdiq edilir. Paraflanmış sənəd hüquqi qüvvəyə malik olmur, bunun üçün yalnız rəsmi imzalar tələb olunur.
Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin mətninin razılaşdırıldığı məlumdur. Lakin Bakı müqavilənin mətninə birbaşa aidiyyəti olmayan 2 şərt irəli sürür: ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi.
Bu şərtlər yerinə yetirilərsə, Azərbaycan sülh müqaviləsinə imza atacaq. Minsk qrupunun buraxılması sadə prosedurdur, Ermənistan hökuməti prinsipcə, buna etiraz etmir. Lakin Konstitusiya dəyişikliyi mürəkkəb siyasi prosesdir və Paşinyan hökuməti indiki mərhələdə buna hazır deyil.
Ermənistanda keçiriləcək çox önəmli parlament seçkiləri ərəfəsində bu məsələni gündəmə gətirmək Paşinyan üçün yeni risklər yarada bilər.
Reytinqi azalan və qarşıdakı seçkilərdə öz hakimiyyətini qoruyub saxlayacağı sual altında olan Paşinyan seçkidən öncə əlavə başağrısı istəmir.
Hazırda ona başağrısı yaradan kifayət qədər problem var. Konstitusiya dəyişikliyi yalnız Paşinyanın partiyasının öz parlament çoxluğunu qoruyacağı təqdirdə, seçkidən sonra gündəmə gələ bilər.
Beləliklə, özünün əsas siyasi şərtinin yerinə yetirilmədiyi şəraitdə İlham Əliyevin sülh müqaviləsinə imza atması zəif ehtimaldır. Əlbəttə, hər iki tərəf siyasi iradə ortaya qoyarsa, bu əngəli aşmaq imkansız deyil.
Sülh müqaviləsinə müvəqqəti bir müddəa əlavə oluna bilər ki, məsələn, Ermənistan qarşıdakı 2-3 il ərzində Azərbaycana qarşı ərazi iddiası anlamına gələn cümlələri Konstitusiyasından çıxaracaq. Amma problem budur ki, Ermənistandakı seçkilərdə müxalifət qalib gələrsə, bu müddəanın, hətta ümumilikdə sülh müqaviləsinin də taleyi sual altına düşə bilər.
Ona görə də, Vaşinqtonda yekun sülh müqaviləsinin deyil, bununla bağlı öhdəliyin qeyd olunduğu Memorandumun imzalanacağına dair “Middle East Eye” saytının xəbəri həqiqətə daha yaxın görünür. Bu halda Vaşinqton görüşü daha çox Trampın PR-ına yönəlmiş tədbir mahiyyəti daşıyacaq.
Əslində Azərbaycan-Ermənistan sülh prosesinin inkişafında və sülh müqaviləsinin razılaşdırılmasında Tramp administrasiyasının xüsusi rolu olmayıb. Bu məsələdə qismən Bayden administrasiyasının rolu var, məhz onların vasitəçiliyi ilə ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri keçirilmişdi (Əlbəttə ki, Avropa İttifaqının vasitəçiliyini də unutmaq olmaz).
Tramp sadəcə olaraq, sülh danışıqlarında indiyə qədər əldə olunmuş tərəqqini öz aktivinə yazmağın yolunu axtarır. O, prosesin final mərhələsində təşəbbüsü öz əlinə almaqla dünyaya sülh gətirən lider imicini möhkəmləndirmək və Nobel sülh mükafatı şansını artırmaq niyyətindədir.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Foto: Reuters
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?