Dünya

İsrail-Türkiyə gərginliyində yeni mərhələ: “Soyqırımı" qərarı nəyi dəyişəcək?

2 İyul, 2026
196

al-monitor.com

İsrail Xarici İşlər Nazirliyinin (XİN) iyunun 28-də 1915-1917-ci illərdə Osmanlı imperiyası ərazisində ermənilərə qarşı törədilmiş kütləvi qətliamları "soyqırımı" kimi tanıdığı bildirdi. İsrailin xarici işlər naziri Gideon Saarın bununla bağlı təklifi hökumət üzvləri tərəfindən yekdilliklə qəbul olundu.

Qərarın Osmanlı dövlətinin varisi hesab edilən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı sərt tənqidlərinə cavab olduğu bildirilir.

İsrail XİN iyunun 27-də "X" platformasında paylaşdığı açıqlamada Ərdoğanı "siyasi rəqiblərini təqib edən, jurnalistləri həbs etdirən, kürdlərə qarşı qətliam törədən, Kipr ərazisini işğal edən və cihadçı qrupları dəstəkləyən diktator" adlandırıb.

2023-cü ilin oktyabrında İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından sonra Türkiyə İsraili fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edir.

İndiyədək 34 ölkə Osmanlı dövləti ərazisində ermənilərə qarşı törədilmiş qətliamları soyqırımı kimi tanıyıb. Türkiyə isə bu qiymətləndirməni rədd edir və bildirir ki, həmin dövrdə ermənilərin böyük hissəsi məcburi köçürülmə zamanı həlak olub.

Bəs İsrail hökumətinin bu qərarının arxasında hansı siyasi amillər dayanır?

Siyasi şərhçi Rauf Mirqədirov "Toplum TV"yə deyir ki, Türkiyə ilə İsrail arasında münasibətlərin rəsmi şəkildə pisləşməsi 2010-cu ildə "Mavi Mərmərə" gəmisi ilə bağlı hadisədən sonra başlayıb.

Onun sözlərinə görə, son 16 ildə iki ölkə arasında münasibətlər gərgin olaraq qalır. Vaxtaşırı normallaşma ehtimalları yaransa da, bu cəhdlər uzunmüddətli nəticə verməyib və münasibətlər yenidən kəskinləşib.

"Benyamin Netanyahunun (İsrailin baş naziri -red.) vəziyyəti hazırda daha ağırdır. Bunun səbəbi onun regional siyasətinin mümkün qədər çox gərginlik ocaqları yaratmağa yönəlməsidir. Çünki hakimiyyətdə qalmasının əsas dayaqlarından biri xarici təhlükələrin mövcudluğudur. Bu təhlükələrin hərbi qarşıdurma səviyyəsində qalması mühüm rol oynayır. İsrail cəmiyyəti hərbi təhdid zamanı yüksək səviyyədə səfərbər olur. Belə vəziyyətlərdə əhalinin böyük hissəsi daxili fikir ayrılıqlarını ikinci plana keçirərək diqqətini təhlükənin aradan qaldırılmasına yönəldir. Məntiq belədir: əvvəl hərbi təhlükə aradan qaldırılsın, müharibə bitsin, sonra daxili siyasi problemlər həll olunsun", - deyə siyasi şərhçi bildirib.

Mirqədirov hesab edir ki, Netanyahu üçün hakimiyyətdən getmək ciddi risklər yaradır. Çünki ona qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri və məhkəmə prosesləri davam edir. Onun fikrincə, bu səbəbdən müharibənin uzanması Netanyahu üçün hakimiyyətdə qalmağın əsas vasitələrindən birinə çevrilib.

Şərhçi bu vəziyyəti müəyyən mənada Rusiya prezidenti Vladimir Putinin siyasəti ilə müqayisə edir. Onun sözlərinə görə, aqressiv xarici siyasət hər iki lider üçün daxili legitimliyin qorunmasına xidmət edir. Bununla belə, Mirqədirov qeyd edir ki, belə siyasətin davam etdirilməsi ciddi resurslar tələb edir.

"İsrailin əsas xarici dəstək mənbələrindən biri ABŞ olub və Netanyahunun ABŞ prezidenti Donald Trampla xüsusi münasibətləri bu baxımdan mühüm rol oynayıb. Lakin son dövrdə bu resurs zəifləməyə başlayıb. Əgər Netanyahu Trampla əvvəlki münasibətlərini, xüsusilə də Trampın İrana və onun müqavimət oxuna qarşı sərt mövqeyini yenidən bərpa edə bilməsə, vəziyyəti daha da çətinləşəcək. Belə şəraitdə yeni xarici düşmən obrazının yaradılması Netanyahu üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Türkiyə belə bir obraz üçün ən uyğun, hətta ideal namizəd kimi görünür", - deyə o bildirib.

Mirqədirovun fikrincə, Türkiyə ilə gərginliyin artırılması həm İsrail daxilində ictimai səfərbərliyə nail olmaq, həm də yeni "xarici düşmən" obrazı formalaşdırmaq məqsədi daşıya bilər.

Şərhçi əlavə edir ki, münasibətlərin gərginləşməsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti də mühüm rol oynayıb. Onun sözlərinə görə, İsrailə qarşı sərt ritorika və beynəlxalq platformalarda anti-İsrail mövqeyi bu gərginliyi daha da dərinləşdirib. Mirqədirov hesab edir ki, bu vəziyyət müəyyən mənada Ərdoğanın daxili siyasi maraqlarına da xidmət edir.

"Əslində, Netanyahunun bu addımı Ərdoğana da öz elektoratını xarici məsələlər ətrafında səfərbər etmək imkanı verir. Qarşıda seçkilər var. Yenidən xarici düşmən obrazı yaradılır, bu dəfə İsrail fonunda və bundan seçki kampaniyasında istifadə olunacaq. Ümumiyyətlə, İsrail-Türkiyə münasibətlərindəki gərginliyin kökündə Ərdoğanın xarici siyasət kursu dayanır. Bu siyasət Türkiyənin özünü Osmanlı imperiyasının varisi kimi təqdim etməsinə əsaslanır. Bu isə o deməkdir ki, Ankara Osmanlı coğrafiyasında xüsusi missiyaya malik olduğunu düşünür", – deyə o bildirib.

Mirqədirov qeyd edir ki, bu yanaşma keçmiş imperiyalara xas siyasi xəttdir və oxşar tendensiyalar digər ölkələrdə də müşahidə olunur. Onun sözlərinə görə, belə siyasət daxili auditoriya üçün effektiv olsa da, xarici siyasətdə ciddi nəticələr vermir.

Şərhçi hesab edir ki, hazırda gündəmdə olan qərar qüvvəyə minsə belə, ciddi geosiyasi dəyişikliklərə səbəb olmayacaq. Ermənistan tərəfinin reaksiyası da göstərir ki, məsələ daha çox siyasi-simvolik xarakter daşıyır.

Azərbaycan Xarici İşlər Nazirliyi bu addımı açıq şəkildə pisləməsə də, tənqid edib və Təl-Əvivi qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

Mirqədirovun fikrincə, baş verən proseslərin Azərbaycan-İsrail və Azərbaycan-Türkiyə münasibətlərinə ciddi təsir göstərəcəyi gözlənilmir. O hesab edir ki, Azərbaycan xarici siyasətində mövcud balansı qorumaqda davam edəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo