Karapetyan ‘təhqirə görə' Paşinyanı məhkəməyə verib, üzr və təzminat tələb edir
sosial media
Müxalif "Güclü Ermənistan" ittifaqının lideri və biznesmen Samvel Karapetyan baş nazir Nikol Paşinyana qarşı məhkəməyə müraciət edib.
OC Media yazır ki, o, seçkiqabağı kampaniya zamanı təhqir olunduğunu bildirərək Paşinyandan ictimai formada üzr istəməsini və 3 milyon dram (8 300 dollar) təzminat ödəməsini tələb edir.
İddia Paşinyanın mayın 29-da seçki kampaniyası zamanı Karapetyan barədə söylədiyi bildirilən fikirlərlə bağlıdır. Karapetyan məhkəmədən tələb edib ki, Paşinyan həmin gün ictimai çıxışı zamanı onun barəsində “təhqiredici ifadələr işlətməsinə” görə rəsmi “Facebook” səhifəsində canlı yayım vasitəsilə üzr istəsin.
Lakin Ermənistanın məhkəmə informasiya sistemində yerləşdirilən iddia ərizəsində söhbətin konkret hansı ifadədən getdiyi göstərilmir. Seçkiqabağı kampaniya boyunca Paşinyan, Karapetyan və digər aparıcı müxalifət nümayəndələri bir-birlərinin ünvanına tez-tez sərt ittihamlar və təhqiramiz ifadələr səsləndiriblər.
Məsələn, Paşinyan müxalifəti “müharibə tərəfdarı olan üçbaşlı casus partiyası” adlandırıb.
Müxalifət isə dəfələrlə Paşinyanın “300 min azərbaycanlının” Ermənistanda məskunlaşmasına imkan verəcəyini iddia edib.
Paşinyan da may ayından bəri Karapetyana qarşı iki iddia qaldırıb. Onlardan birincisi Karapetyanın Paşinyanın ictimai çıxışlarından əvvəl Çindən gətirilən hallüsinogen göbələklər qəbul etdiyi barədə iddiası ilə bağlı olub.
“Əlbəttə, mən [Karapetyanı] məhkəməyə verəcəyəm və hüquqi mənada onu bir ton hallüsinogen göbələk yeməyə məcbur edəcəyəm. Sərt ifadəmə görə üzr istəyirəm, amma hər şeyin bir həddi var”, - baş nazir mayda deyib.
Paşinyan həmin iş üzrə Karapetyandan rəsmi təkzib və üzr, həmçinin 6 milyon dram (16 300 dollar) təzminat tələb edib.
Paşinyan ikinci iddianı iyunun 10-da Karapetyanın baş nazirin Kanadada evi olduğu barədə iddiası ilə əlaqədar qaldırıb. O, bu iş üzrə də üzr istənilməsini və 6 milyon dram təzminat ödənilməsini tələb edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Kanada ukraynalı uşaqların deportasiyasına görə rusiyalı nazirə sanksiya tətbiq edib
FHN
sosial media
Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar”
Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?
Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir"
Tbilisi-Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası
Məhkəmə Fazil Qasımovun lehinə qərar verib: “Müstəntiq imzaları saxtalaşdırıb”